13.04.2017

“5G”-ni dəstəkləyən smartfonlar nə vaxt satılacaq?

Beşinci nəsil mobil rabitə (5G) texnologiyasını dəstəkləyən ilk smartfonların 2019-cu ildə satışa çıxarılması gözlənilir. Bu barədə “Light Reading” nəşri “Qualcomm” şirkətinin nümayəndəsinə istinadən məlumat verib.

METBUAT.info “ICTnews”a istinadən xəbər verir ki, nəşrin məlumatına görə, 2019-cu ildə eyni anda iki texnologiyanı (4G/LTE və 5G) dəstəkləyən yeni qurğular satışa çıxarılacaq.

Bununla yanaşı, onlar daim “4G” şəbəkəsinə qoşulma funksiyası ilə təchiz ediləcəklər. Məlumata görə, “4G” qoşulma istifadəçiyə. hətta yüksəktezlikli diapazonda siqnal yoxa çıxanda onlayn qalmağa imkan verəcək.

Cari ilin ikinci rübündə sınaq proqramlarının gələcək inkişafı çərçivəsində “Qualcomm” şirkəti telefon istehsalçılarına “5G” modem (Snapdragon X50) texnologiyasını təklif etməyi, növbəti ildə qurğuların sınağına başlamağı planlaşdırır.

Qeyd edək ki, “5G” şəbəkəsi mövcud “4G” şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq.

Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan “4G” şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı “5G” şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, aşağı yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.

Bakıda uçan binanın görüntüləri – VİDEO

Bakının Səbail rayonu Şıx qəsəbəsindəki bir istirahət mərkəzində tikilməkdə olan binanın uçması nəticəsində 2 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.

METBUAT.info Xəzər Xəbər-ə istinadən məlumat verir ki, ölənlər 34 yaşlı Ramal Yolçuyev və 44 yaşlı Rövşən İbrahimovdur. Xəsarət alanlardan birinə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, 3 nəfər isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir.

Xəzər Xəbər-in əməkdaşları hadisə yerində olublar. Həmin görüntüləri təqdim edirik:

Abşeronda piyadanı iki avtomobil vuraraq öldürüb – FOTO + VİDEO

Piyada tanınmaz hala düşdüyündən onun şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

Abşeron rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

METBUAT.info Report-a istinadən xəbər verir ki, Bakı-Sumqayıt şosesinin Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində yolu keçmək istəyən təxminən 40-45 yaşlı kişi “50-CV-299” dövlət qeydiyyat nişanlı “Mercedes A Class” markalı avtomobil tərəfindən vurulub.

Zərərçəkən zərbənin təsirindən arxada hərəkətdə olan “90-TF-811” dövlət qeydiyyat nişanlı “Mercedes Vito” markalı avtomobilin altına düşüb. Nəticədə piyada hadisə yerində ölüb. Tanınmaz hala düşdüyündən, onun şəxsiyyətini müəyyən etmək, hələ ki, mümkün olmayıb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən və bunda iştirakı olan avtomobili cərimə meydançasına aparıblar. Sürücülər saxlanılıb.

















Ramil Usubov həkimi rəis təyin etdi – FOTO

Daxili İşlər Nazirliyində (DİN) kadr təyinatı olub.

METBUAT.info bakipost.az-a istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov Azərbaycan Respublikası DİN-nin Arif Heydərov adına Respublika Hospitalına rəis təyin edilməsi ilə bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Hospitalın Müalicə işləri üzrə rəis müavini, tibb xidməti polkovnik-leytenantı Babaxanov İsbi sözügedən vəzifəyə təyin olunub.

Məlumat üçün bildirək ki, 1999-cu ildən bu hospitalda çalışır.

Qeyd edək ki, Arif Heydərov adına Respublika Hospitalının rəisi, tibb xidməti polkovniki Ramiz Əkbərov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar bir neçə ay əvvəl təqaüdə göndərilib.

Cəbhədə gərginlik artıb

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 115 dəfə pozub.

Bu barədə METBUAT.info-ya Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ermənistan Respublikası İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə, Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qızılhacılı kəndlərində, Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağbulaq kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Yarımca, Çiləbürt, Ağdam rayonunun Qaraqaşlı, Yusifcanlı, Mərzili, Şıxlar, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Horadiz, Aşağı Veysəlli kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Tramp: Şimali Koreya kimi ölkənin nüvə silahı olmamalıdır

“Şimali Koreya kimi ölkənin nüvə silahı olmamalıdır”.

METBUAT.info-nun APA-ya istinadla məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp “Fox Business”ə müsahibəsində bildirib.

“ABŞ-ın aviadaşıyıcılardan savayı atom sualtı qayıqları da var. Mən Çin Xalq Respublikasının sədri Si Cinpindən xahiş etdim ki, Kim Çen Ina bunu çatdırsın. Şimali Koreya rəhbəri öz hərəkətləri ilə böyük səhvlərə yol verir. Şimali Koreya kimi ölkəyə nüvə silahı əldə etməyə imkan vermək olmaz”, deyə D.Tramp qeyd edib.

O, həmçinin vurğulayıb ki, Şimali Koreya barədə öz planlarını açıqlamayacaq.

Ronaldodan növbəti rekord

“Real Madrid”ın futbolçusu Kriştiano Ronaldo növbəti rekorda imza atıb.

METBUAT.info-nun Trend-ə istinadla məlumatına görə, portuqaliyalı hücumçu bunu Çempionlar Liqasının 1/4 finalının “Bavariya” ilə ilk oyununda gerçəkləşdirib.

Belə ki, 32 yaşlı hücumçu görüşdə dubl edərək avrokuboklardakı qol sayını 100-ə çatdırıb. Bunu isə hələ ki, heç kim bacarmayıb. 98 dəfə ÇL-də fərqlənən Kriştiano 2 dəfə UEFA superkubokunda qol vurub.

Qeyd edək ki, Ronaldo ÇL-də son qolunu ötən ilin sentyabrında Dortmund “Borussiya”sına vurmuşdu.

Səfir: Dağlıq Qarabağ münaqişəsi bütün regiona mənfi təsir göstərir

“İsveçrə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu illə həlli istiqamətində ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir”.

METBUAT.info xəbər verir ki, bunu Trend-ə İsveçrənin Azərbaycandakı səfiri Filip Stalder deyib.

Səfir bildirib ki, münaqişə tərəfləri danışıqlar masasına əyləşməli və daha səmərəli sülh danışıqları aparmalıdır:

“Hər bir münaqişə qonşu ölkələrə, ümumilikdə bütün regiona mənfi təsir edir və bu baxımdan Dağlıq Qarabağ münaqişəsi də öz mənfi təsirini göstərməkdədir”.

12.04.2017

İranda 287 nəfərin prezidentliyə namizədliyi qeydə alınıb

İranda prezident seçkilərində iştirak etmək istəyən 287 nəfər namizəd qeydiyyatdan keçib.
METBUAT.info xəbər verir ki, bunu prezident seçkilərinin keçirilməsi üzrə qərargahın sədri Əli Əsgər Əhmədi APA-nın Tehran bürosuna açıqlamasında deyib.

O bildirib ki, namizədliyi qeydiyyata alınan şəxslərdən 13 nəfər qadındır. Ə. Əhmədi qeyd edib ki, prezident seçkilərində namizədliyin qeydiyyata alınması üçün qanunda heç bir yaş məhdudiyyəti yoxdur.

Namizədlərin qeydiyyatı şənbə günü başa çatacaq.

Mahmud Əhmədinejad qeydiyyata alınmamışdan əvvəl prezident Həsən Ruhaninin əsas rəqibi İbrahim Rəisi hesab olunurdu. Lakin İ. Rəisi hələlik namizədliyinin qeydiyyata alınması üçün müraciət etməyib. H. Ruhaninin digər rəqiblərindən olan Məhəmməd Baqir Qalibafın da namizədliyini irəli sürəcəyi ehtimal olunur.
Namizədliyi təsdiqlənən şəxslərin adlarının aprelin 26-27-də açıqlanacağı gözlənilir.

İnzibati Prosessual Məcəlləsinə dəyişikliklər qüvvəyə minib

Prezident İlham Əliyev İnzibati Prosessual və Mülki Prosessual Məcəllələrə dəyişiklik edilməsi haqqında Milli Məclisin aprelin 7-də qəbul etdiyi qanunların tətbiqinə dair sərəncamlar imzalayıb.

METBUAT.info xəbər verir ki, bu dəyişikliklər “Banklar haqqında” qanuna həmin gün edilmiş dəyişikliklə əlaqədardır.

Dəyişikliyin məqsədi ödəniş qabiliyyətini itrmiş bankların problemlərinin həll edilməsi üçün hüquqi bazanın yaradılmasıdır. Bu çərçivədə kredit təşkilatlarının maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə restrukturizasiya planı əsasında inzibati, hüquqi, maliyyə, təşkilati-texniki və digər tədbir və prosedurların həyata keçirilməsi nəzərdə tutulur.

Bundan başqa, dəyişiklik ödəmə qabiliyyətini itirmiş və ya itirmək təhlükəsi olan bankın, o cümlədən bank holdinq şirkətinin təxirə salınmadan və mümkün qədər az məsrəflə maliyyə bazarından kənarlaşdırılması məqsədi ilə maliyyə bazarlarına nəzarət orqanı tərəfindən ödəmə qabiliyyətini itirmiş bankın investora satılması, digər banka qoşulması, aktiv və öhdəliklərinin köçürülüməsi, “körpü bank”ın yaradılması, ödəmə qabiliyyətini itirmiş bankın sağlam aktiv və öhdəliklərini “körpü bank”a köçürülməsi, “körpü bank”ın investora satılması üzrə tədbirləri, habelə ödəmə qabiliyyətini itirmiş bankın ləğv edilməsini nəzərdə tutur.

Nazir: Azərbaycan erməni icmacına da zəmanət verməyə hazırdır

“Şərq Tərəfdaşlığının gələcəyi böyük ölçüdə münaqişələrdən əziyyət çəkən regionlarda davamlı təhlükəsizlik, sülh və sabitliyin bərqərar olmasından asılıdır. Biz düşünürük ki, Avropa İttifaqının vaxtında və fəal rolu regionumuzda sabitlik və inkişaf baxımından əhəmiyyətlidir”.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən METBUAT.info-ya verilən məlumata görə, bunu xarici işlər naziri Elmar Məmmədyarovun Vişeqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin iclasında çıxışında deyib.

Nazir bildirib ki, Azərbaycan münaqişənin danışıqlar yolu və beynəlxalq hüququn prinsiplərinə əsaslanan yol xəritəsi üzrə həllində maraqlıdır:

“Xüsusilə də bu, 2016-cı il Avropa İttifaqının Xarici və Təhlükəsizlik Siyasəti üzrə Qlobal Strategiyasında əks olunub. Eyni zamanda, onilliklərdir ki, davam edən danışıqlar heç bir nəticə verməzsə, Azərbaycan pozulmuş ərazi bütövlüyünü sərəncamında olan mümkün bütün vasitələrlə bərpa etmək hüququnu özündə saxlayır.

Dəfələrlə bəyan edildiyi kimi, Azərbaycan hökuməti Azərbaycanın Dağlıq Qarabağ regionunun erməni və azərbaycanlı icmalarının birgə yaşayışına bütün növ zəmanət verməyə hazırdır. Azərbaycanın münaqişənin həll edilməsi istiqamətində cəhdlərinin əksinə olaraq, Ermənistan işğal edilmiş ərazilərin demoqrafik xüsusiyyətlərini dəyişdirmək üçün məqsədli siyasət yürüdür, həmçinin işğal edilmiş ərazilərdə qanunsuz “seçkilər” və “referendum” keçirir. İşğal edilmiş ərazilərdə keçirilmiş ən son qanunsuz “referendum” Azərbaycan Respublikasının Konstitusiyasının əleyhinə yönəlmiş daha bir təxribat xarakterli addımdır. Bu qanunsuz fəaliyyət beynəlxalq birlik tərəfindən rədd edilib.

2016-cı il aprel hadisələri və 25 fevral 2017-ci ildə təmas xəttində baş verən ən son təxribatlar “nə hərb, nə sülh” vəziyyətinin həssaslığını sübut etdi”.

Kliçkonun Azərbaycana səfərinin tarixi açıqlandı

Kiyev meri Vitali Kliçko 13-14 apreldə Azərbaycanda səfərdə olacaq.

METBUAT.info xəbər verir ki, bu barədə APA-ya Ukraynanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfər zamanı V. Kliçko Azərbaycan prezidenti İlham Əliyev, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və digər rəsmi şəxslərlə görüşəcək.

Səfərin məqsədi Azərbaycanın “Eurovision”, Avropa Oyunları, İslam Həmrəklik Oyunları və “Formula-1” kimi beynəlxaıq mötəbər tədbirlərin keçirilməsi ilə bağlı əldə etdiyi təcrübəni öyrənməkdir.

Bakıda ölümlə nəticələnən uçqunun səbəbi

“Bakı şəhəri, Səbail rayonunun Şıx qəsəbəsində baş verən uçqun hadisəsi tikinti normalarının pozulması nəticəsində baş verib”.

METBUAT.info Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında hadisə yerində olan Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Abit Əliyev deyib.

O qeyd edib ki, tikinti yerində 6 nəfər fəhlə olub. Onlardan ikisi ölüb.

İran səfiri Azərbaycan XİN-ə çağırılıb

İran İslam Respublikasının ölkəmizdəki səfiri Cavad Cahangirzadə Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb.

METBUAT.info 1news.az-a istinadən xəbər verir ki, Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, iranlı diplomat Ermənistan tərəfindən işğal edilmiş Şuşa şəhərində Yuxarı Gövhər ağa məscidində aparılan qanunsuz işlərə İran mütəxəssislərinin cəlb edilməsi ilə əlaqədar çağırılıb.

Onun sözlərinə görə, söhbət zamanı Azərbaycanın mövqeyi iranlı diplomatın nəzərinə çatdırılıb.

“İranın “Part Saman Jahan Co” şirkətinin əməkdaşlarının bu qəbildən olan qanunsuz işlərə cəlb edilməsinin qarşısını almaq üçün İran tərəfindən tədbirlərin görülməsi xahiş edilib”, - o bildirib.

Qeyd etmək lazımdır ki, hələ 2016-cı ilin payızında Qarabağ separatçıları İranın “Part Saman Jahan Co” şirkəti ilə Yuxarı Gövhər ağa məscidində bərpa işlərinin aparılmasına dair saziş bağlayıblar.

Azərbaycan XİN daha öncə Ermənistan tərəfindən Şuşa məscidi ətrafında Azərbaycanın işğal edilmiş ərazilərində maddi mədəniyyət və dini abidələrinin məhv edilməsi, qarət edilməsi və mənimsənilməsi, onların mənşəyinin və təyinatının dəyişdirilməsi üzrə sistematik vandalizm siyasətinin əsas tərkib hissəsi olan qazıntılara dair bəyanatla çıxış etmişdi.

Sovet illərində burada tarixi-memarlıq muzeyi yerləşirdi. Azərbaycan müstəqillik əldə etdikdən sonra məscid öz fəaliyyətini bərpa etdi.

Şuşanın 1992-ci ildə işğalından sonra o, fəaliyyətini dayandırdı.

Nazirlik süni qiymət artımı ilə bağlı nəzarəti gücləndirib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti hökmran mövqedə olan təsərrüfat subyektləri tərəfindən qiymətlərlə manipulyasiya edilməsi, qiymətlərin gizli üsullarla qaldırılması, məqsədli mal qıtlığı yaradılması və s. yollarla istehlak bazarında qiymətlərin süni artırılması hallarının vaxtında aşkar edilməsi və qarşısının alınması istiqamətində tədbirlərini davam etdirir.

METBUAT.info xəbər verir ki, nazirlikdən APA-ya verilən məlumata görə, prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının verdiyi tapşırıqların icrası məqsədilə Dövlət Xidməti istehlak bazarında aparılan monitorinqlərin intensivliyini artırıb, istehlak bazarına nəzarəti daha da gücləndirib.

Monitorinqlərin nəticələri müntəzəm olaraq təhlil olunur, qiymətlərdə qeydə alınan dəyişikliklərin səbəbləri araşdırılır, süni qiymət artımına yol verilməsinin qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər görülür.

Bu məqsədlə istehlak bazarında satışda olan malların əsas idxalçıları, istehsalçıları və satışı ilə məşğul olan sahibkarlarla, habelə aidiyyəti dövlət qurumları ilə birgə müzakirələr aparılır və müvafiq tədbirlər həyata keçirilir.

“Hacı Cavad” məscidinin söküntüsü dayandırılıb

“Sovetski”dəki “Hacı Cavad” məscidinin söküntüsü dayandırılıb”.

METBUAT.info xəbər verir ki, bunu Bakının “Sovetski” adlanan ərazisində “Hacı Cavad” məscidinin söküntüsü ilə bağlı məsələyə münasibət bildirən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev bildirib.

İ.Mehdiyevin sözlərinə görə, icma üzvlərinə məsləhət görülüb ki, ölkə rəhbərliyinə müraciət etsinlər: “Məscidin sökülməsi müvəqqəti dayandırıldı. Bakı Şəhər İcra Hakimiyyəti yeni məscidin tikintisi üçün yer ayırmalıdır. Bunun üçün icma üzvləri Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlara İş üzrə Dövlət Komitəsinə müraciət etməlidirlər. Bu məscid tarixi abidə kimi siyahıda yoxdur. Məscid kimi də qeydiyyata alınmayıb. Sadəcə, insanlar burada ibarət edirlər”.

İ.Mehdiyev qeyd edib ki, Bakı şəhərinin Baş Planına uyğun olaraq, hazırda “Sovetski” adlanan ərazidə abadlıq-quruculuq işləri aparılır, yol infrastrukturu yenilənir:

“Bu bina da plana düşüb, sökülməlidir. Rəhbərlik də tapşırdı ki, binanın söküntüsünü hələlik dayandıraq, yeni məscidin tikilməsi üçün yer müəyyənləşdirilsin, sonra söküntü aparılsın. Onu da qeyd edim ki, belə binalar rayon İcra Hakimiyyətinin tabeliyində deyil. Bir məscid kimi mövcud olmadığı üçün Dövlət Komitəsinə, tarixi bina olmadığı üçün də Mədəniyyət və Turizm Nazirliyinə hər hansı aidiyyəti yoxdur. Məsləhət gördüm ki, dövlət məscidin tikintisinin dayandırılmasını tapşırıbsa, icma üzvləri də aidiyyəti qurumlara müraciət etsinlər. Onlar da bununla razılaşdılar”.

Qeyd edək ki, bu gün Bakının “Sovetski” adlanan ərazisində “Hacı Cavad” məscidinin söküntüsü bir qrup şəxs tərəfindən narazılıqla qarşılanıb.

Dolların aprelin 13-ə olan məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) aprelin 13-ə olan USD/AZN məzənnəsini açıqlayıb.

AMB-dən METBUAT.info-a verilən məlumata görə, USD/AZN məzənnəsi 1,7029 manat səviyyəsində müəyyən olunub.

Bu isə dolların məzənnəsinin növbəti valyuta hərracına qədər stabil qalması deməkdir.

Qeyd edək ki, sonuncu dəfə dolların məzənnəsində rekord fevralın 1-də qeydə alınıb. Bu zaman USD/AZN məzənnəsi 1,9200 manat olmuşdu. Bu gün isə dolların məzənnəsi 1,7029 manat olub.

Oğurluqda ittiham olunan Xalq artisti: Qadın məni şantaj edir

Bakı sakini Südabə Zalova şadlıq evində üst geyimini çıxardan zaman sırğasını itirib. Qadın bu barədə restoran rəhbərliyinə müraciət edib və müşahidə kameralarının görüntülərinə baxıb. Aydın olub ki, bir nəfər sırğanı tapıb. Südabə Zalova həmin şəxsin Xalq artisti Ramiz Məmmədov olduğunu iddia edir.

METBUAT.info xəbər verir ki, oğurluqda ittiham olunan Ramiz Məmmədov haqqında səslənən fikirlərlə bağlı AzVision.az-ın suallarını cavablandırıb. Xalq artisti oğurluq etmədiyini, üstünə şərt atıldığını deyib:

- Ramiz müəllim, bu hadisə nə vaxt olub və kimin toyuna getmişdiniz?

- Bu hadisə 5 ay bundan öncə baş verib. Rejissor Məhərrəm Bədirzadə məni qonaq qismində toya çağırmışdı. Məni həmin toya oğlum gətirmişdi, dedi ki, toy qurtarana yaxın zəng edərsən, gəlib səni götürəcəyəm. Axşam saat səkkiz olardı, gödəkçəmi soyunub içəri girdim. Birdən gördüm ki, ayağımın altında nəsə qaldı. Əyilib aşağı baxdım ki, görüm, bu, nədir. Balaca, sadə, qara daşı olan qırılmış büjuteriya tapdım. İstədim onu zibil yeşiyinə atım, ancaq gözümə zibil qutusu dəymədiyinə görə cibimə qoydum. Sonra da Məhərrəm müəllim məni qarşıladı, içəri dəvət edib, stol arxasında oturtdu. Başım toya qarışdığından tapdığım əşya heç yadımda da qalmadı. Gecə birin yarısı toydan evə gəldim. İnanın Allaha, ayağımın altında qalmasaydı, heç xəbərim də olmayacaqdı.

- Sonra həmin büjuteriyanı kiməsə verdiniz?

- Toyun səhəri günü qudalarım bizə gəlmişdilər, süfrə arxasında oturmuşduq. Saat haradasa iki olardı. Məhərrəm müəllim mənə zəng etdi ki, bəs bu qadın sırğasının itdiyini və onu sənin götürdüyünü deyir. Dedim, toyda dünən ayağımın altında qalmışdı, amma bilmirəm nədir. Büjuteriyanı aparıb Məhərrəm müəllimə verdim. O da həmin xanıma təhvil verdi.

Səhərisi gün qadın mənə zəng etdi ki, siz kameraya düşmüsünüz, toy sahibinə verdiyiniz sırğa mənim deyil. Mən də dedim ki, toyda nə tapmışamsa, onu da qaytarmışam. Mən elə nadürüst adam olsaydım, deyərdim, düyməm qırılıb, yerə əyiləndə onu götürmüşəm. Heç nə verməzdim. Kameranı böyüdün, baxın, görün mən nə tapmışam. Həmin qadına 5-6 dəfə başa salmağa çalışdım ki, mən başqa şey görməmişəm. Sizi tanımıram, niyə pislik edim ki?!

- Südabə Zalova Məhərrəm müəllimin yaxın qohumudur?

- Qohumu deyil, toya gələnlərdən kiminsə rəfiqəsi olub. Məhərrəm müəllim dedi ki, həmin qadının onlara aidiyyəti yoxdur.

Məhərrəm müəllim həmin xanıma deyib ki, ayıbdır, belə hərəkət eləməyin, Ramiz müəllim oğru deyil. Başqa çarəm yox idi. Dedim ki, sırğanın tayını gətir, zərgərdə düzəltdirim, təki məndən əl çək. Amma qadın məndən əl çəkmədi. Dedim, qızım sən məni şantaj edirsən? Dedi ki, sən məni bu sözlə təhqir etdin. Bu insan məni şantaj edir, başqa heç nə deyə bilmərəm.

- Bu hadisə ilə bağlı polisə müraciət edilibmi?

- Həmin xanım polisə şikayət edib. Ona bildirdim ki, məndən şübhələnirsə, polisə müraciət et. O da etdi. Nizami rayon 24-cü polis bölməsinə gedib vəziyyəti olduğu kimi danışdım. Məhərrəm müəllimə zəng etdilər, o da təsdiqlədi. Bölmədə məni narahat etdikləri üçün üzr istəyib, yola saldılar. Dedilər, görünür, qadında problem var.

Suriyada yenidən kimyəvi hücum – VİDEO

Suriyanın şimalında yenidən kimyəvi hücum baş verib – Karfizat şəhəri zərər çəkib.

METBUAT.info xəbər verir ki, bu barədə alman jurnalisti Culian Ryopke öz “Twitter” hesabında yazıb.

Daha öncə Türkiyənin Səhiyyə Nazirliyində kimyəvi hücum zamanı Suriyanın İdlib şəhərində aprelin 4-də zəhərləyici zarin qazından istifadə edildiyi barədə məlumat yayılmışdı.

“Real” “Bavariya” ilə oyundan öncə ciddi itki ilə üzləşib

Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində bu gün “Bavariya”nın qonağı olacaq “Real” ciddi itki ilə üzləşib.

METBUAT.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, “kral klubu”nun aparıcı futbolçusu Kərim Benzema matçı buraxmaq ehtimalı ilə üz-üzədir. Belə ki, fransalı futbolçu komandasının oyun öncəsi son məşqində iştirak etməyib. Onun qarşılaşmada iştirak edib-etməyəcəyi hələlik dəqiqləşməyib.

Qeyd edək ki, “Bavariya” – “Real” oyunu bu gün Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Putin NATO üzvlərini “saxsı oyuncaq” adlandırıb

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Suriyada aviabazaya hücumuna NATO üzvlərinin verdiyi reaksiyanı Çinin saxsı oyuncağının davranışı ilə müqayisə edib.

“NATO müttəfiqləri necə reaksiya verdilər? Nə baş verdiyini təhlil etmədən hamı başını tərpədir”, - Putin “Mir” telekanalına verdiyi müsahibəsində bəyan edib.

Onun sözlərinə görə, Suriya qoşunlarının kimyəvi silahdan istifadə etməsinə dair dəlil yoxdur.

“Beynəlxalq hüququn pozulması var. Bu, aşkar faktdır. BMT-nin Təhlükəsizlik Şurasının sanksiyası olmadan müstəqil ölkəyə zərbələr endirilir”, - Putin deyib.

Aprel ayının əvvəlində İdlib əyalətinin Xan Şeyxun qəsəbəsinə aviazərbə endirilib, zərbədən sonra insanlar boğularaq ölüb. Ümumilikdə, 90 adam ölüb.

Qərb ölkələri prezident Bəşər Əsədi və onun nəzarəti altında olan qüvvələri kimyəvi silahdan istifadədə ittiham edirlər. ABŞ cavab addımı olaraq Xan Şeyxuna zərbələr endirən təyyarələrin havaya qalxdığı “Şayrat” aviabazasına raket zərbələri endirib.

Yeni “Nokia” “iPhone”dan baha olacaq – FOTO

“HMD Global” şirkəti bu ilin 3-cü rübündə “Nokia” brendinin flaqman smartfonunu təqdim edəcək.

METBUAT.info “Technote”yə istinadla xəbər verir ki, onun texniki göstəriciləri və qiyməti artıq bəllidir.
Sözügedən smartfon “Nokia 9”, bu ilin 3-cü rübündə satışa çıxarılacaq.

ABŞ-da onun qiyməti isə 700 dollar təşkil edəcək. Göründüyü kimi, bu cür qiymət dəyəri “Nokia” brendli smartfon üçün bir qədər bahadır. Yadınızdadırsa, əvvəlki büdcəli modellər daha ucuz qiymətə satılırdı.



“Nokia 9”-un texniki göstəricilərinə gəldikdə isə o, 5,5 inç QHD OLED ekran, 8 nüvəli Snapdragon 835 prosessoru, 6 GB RAM, 64/128 GB daxili yaddaş, 22 MP-lik arxa və 12 MP-lik ön kamera, 3800 mAh (sürətli enerji yığma funksiyalı) enerji tutumlu batareya ilə təchiz olunacaq.



Bundan əlavə, yeni flaqman smartfonun korpusu IP69 standartına uyğun olaraq tozdan və sudan qorunacaq və cihaz göz qişası skanına sahib olacaq.