13.04.2017

“5G”-ni dəstəkləyən smartfonlar nə vaxt satılacaq?

Beşinci nəsil mobil rabitə (5G) texnologiyasını dəstəkləyən ilk smartfonların 2019-cu ildə satışa çıxarılması gözlənilir. Bu barədə “Light Reading” nəşri “Qualcomm” şirkətinin nümayəndəsinə istinadən məlumat verib.

METBUAT.info “ICTnews”a istinadən xəbər verir ki, nəşrin məlumatına görə, 2019-cu ildə eyni anda iki texnologiyanı (4G/LTE və 5G) dəstəkləyən yeni qurğular satışa çıxarılacaq.

Bununla yanaşı, onlar daim “4G” şəbəkəsinə qoşulma funksiyası ilə təchiz ediləcəklər. Məlumata görə, “4G” qoşulma istifadəçiyə. hətta yüksəktezlikli diapazonda siqnal yoxa çıxanda onlayn qalmağa imkan verəcək.

Cari ilin ikinci rübündə sınaq proqramlarının gələcək inkişafı çərçivəsində “Qualcomm” şirkəti telefon istehsalçılarına “5G” modem (Snapdragon X50) texnologiyasını təklif etməyi, növbəti ildə qurğuların sınağına başlamağı planlaşdırır.

Qeyd edək ki, “5G” şəbəkəsi mövcud “4G” şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq.

Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan “4G” şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı “5G” şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, aşağı yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.

12.04.2017

Yeni “Nokia” “iPhone”dan baha olacaq – FOTO

“HMD Global” şirkəti bu ilin 3-cü rübündə “Nokia” brendinin flaqman smartfonunu təqdim edəcək.

METBUAT.info “Technote”yə istinadla xəbər verir ki, onun texniki göstəriciləri və qiyməti artıq bəllidir.
Sözügedən smartfon “Nokia 9”, bu ilin 3-cü rübündə satışa çıxarılacaq.

ABŞ-da onun qiyməti isə 700 dollar təşkil edəcək. Göründüyü kimi, bu cür qiymət dəyəri “Nokia” brendli smartfon üçün bir qədər bahadır. Yadınızdadırsa, əvvəlki büdcəli modellər daha ucuz qiymətə satılırdı.



“Nokia 9”-un texniki göstəricilərinə gəldikdə isə o, 5,5 inç QHD OLED ekran, 8 nüvəli Snapdragon 835 prosessoru, 6 GB RAM, 64/128 GB daxili yaddaş, 22 MP-lik arxa və 12 MP-lik ön kamera, 3800 mAh (sürətli enerji yığma funksiyalı) enerji tutumlu batareya ilə təchiz olunacaq.



Bundan əlavə, yeni flaqman smartfonun korpusu IP69 standartına uyğun olaraq tozdan və sudan qorunacaq və cihaz göz qişası skanına sahib olacaq.

2.04.2017

Mage Azərbaycanda qadağa qoyuldu - VİDEO

Bir neçə gündür sosial şəbəkələrdə və insanlar arasında ən çox müzakirə olunan “Mage” proqramının Azərbaycanda istifadəsinə qadağa qoyulub.

METBUAT.info xəbər verir ki, sözügedən proqramla android telefonlarda istənilən mobil nömrənin sahibini tapmaq mümkün idi.

Belə ki, android istifadəçiləri pleystordan sözügedən proqramı yükləyirdilər. İstədikləri şəxsin nömrəsini yazıb, kimliyini öyrənə bilirdilər.

Bu gündən isə proqram Azərbaycan ərazisində fəaliyyətini dayandırıb.

1.04.2017

Türk “Periskop” dünya “Periskopu”nu dondurdu

Tvitterin canlı yayım platforması olan Periskopun fəaliyyəti Türkiyədə dayandırılıb.

METBUAT.info Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb Türkiyədəki “Periskop” adındakı başqa bir şirkətin məhkəməyə müraciət etməsi səbəb olub. Türk şirkəti Tvitteri öz marka adından istifadədə günahlandırıb.

Qeyd edək ki, Periskop Co Bernşteyn və Kayvon Beykpour tərəfindən iOS və Android platformaları üçün yaradılmış proqramdır. Proqram 2015-ci ilin martında Tvitter tərəfindən satın alınıb.

31.03.2017

“WhatsApp”da virus yayılıb

Populyar “WhatsApp” messencerində virus yayılıb.

METBUAT.info-nun məlumatına görə, Lent.az “actualnews.org” saytına istinadən xəbər verir ki, zərərli proqram təminatı düşdüyü istənilən cihazdan şəxsi məlumatların surətini çıxararaq öz tərtibatçılarına ötürür.

Hakerlər foto, video, istifadəçi şifrələri və digər mühüm məlumatları birbaşa akkauntlarlardan oğurlamağı bacaran virus hazırlayıblar.

Artıq bir çox insan bu cür virtual fırıldaqçılığın qurbanı olub. Belə ki, naməlum nömrədən guya təsadüfi qazanılan mükafat barədə istifadəçiyə məlumat gəlir. Qurbanlar bu məlumatı açan kimi virus fəaliyyətə başlayır.

“WhatsApp”ın məlumat təhlükəsizliyi xidməti problemin aradan qaldırılması üzərində işləyir. Yaxın zamanlarda xidmət ənənəvi rejimdə işləyəcək.

“Word” proqramına süni intellekt tətbiq edilib

“Microsoft” şirkəti “Office 365” paketinə daxil olan “Word” proqramı üçün “Korrektor” panelini təqdim edib. Paneldə süni intellekt texnologiyaları tətbiq olunur. Bu, qrammatik səhvləri düzəltməklə yanaşı, həm də mətnin üslubiyyatının yaxşılaşdırılması üçün istifadəçilərə kömək etməyə imkan verir.

METBUAT.info xəbər verir ki, “Korrektor” paneli “Word” proqramındakı “Yazı qaydaları” funksiyası kimi işləyir və yazı üslubunun təkmilləşdirilməsi üzrə təkliflər siyahısı təqdim edir. Məsələn, “maybe” və “basically” (“ola bilər” və “əsasən”) sözlərini mənanı itirmədən silmək mümkün olarsa, onlar “şübhəli” kimi işarələnir.

İlk baxışda alqoritm sadə görünür, lakin “Word” yalnız müəyyən siyahıdan sözləri tapmır. Məsələn, really (“həqiqətən”) sözü “həqiqətən yaxşı” mənasında işləndiyində işarələnir. Bu halda, sadəcə “yaxşı” yazmaq daha uyğundur və “Word” bunu “məsləhət görür”. Əgər müəllif “Həqiqətən?” sualını verərsə, proqram anlayacaq ki, bu sözü başqa sözlə əvəz etmək mümkün deyil və daha başqa təklif irəli sürməyəcək.

“Korrektor” paneli standart orfoqrafiya panelində yer alıb və F7, yaxud kontekst menyusunda vurğulanmış sözün üzərinə basmaqla istifadə olunur. “Word” potensial qrammatik səhvləri ikiqat göy xətlə, üslub çatışmazlıqlarını isə sarı punktirlərlə (qırıq xətlərlə) qeyd edir.

“Office” və “Microsoft”un digər məhsullarının istehsalçıları son zamanlar intellektual alqoritmlərə əsaslanan funksiyaları fəal tətbiq edirlər. Belə ki, 2014-cü ildə “Skype”da neyroşəbəkə texnologiyası əsasında danışığın avtomatik tərcüməsi meydana çıxmışdı. 2016-cı ildə isə “Office” proqramına lüğət tərifləri və ensiklopedik arayışları tapan “İntellektual axtarış” funksiyası əlavə olunub.

“SpaceX” kosmosa təkrarən “Falcon 9” buraxdı – VİDEO

İlon Maska məxsus “SpaceX” şirkəti tarixdə ilk dəfə kosmosa təkrarən “Falcon 9” daşıyıcı-raketi buraxıb, digər ekspertlərin fikrincə, bu, kosmosun öyrənilməsində mühüm addımdır.

METBUAT.info xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

“Falcon 9”-un birinci pilləsi buraxılışdan 9 dəqiqə sonra Atlantik okeanda üzən “Of Course I Still Love You” platformasına enib. O, artıq 11 ay öncə buraxılmışdı.

Missiyanın məqsədi daşıyıcı-raketlərin dəfələrlə istifadə edilməsini təcrübədə sübut etməkdir, bu isə mütəxəssislərin fikrincə, kosmosa uçuşları uculzaşdıracaq.



Raketin əvvəlki buraxılışı fevralın sonunda baş tutub. O zaman “Falcon 9” orbitə pilotsuz “Dragon” modelini buraxmışdı.

Buraxılış texniki nasazlıq ucbatından təxirə salınmışdı, nasazlıq birbaşa startda aradan qaldırılıb.

“Falcon 9”-un yaradılmasında, start və enişə hazırlıq zamanı üç uğursuzluq baş verib.

Sentyabrda iri qəza baş vermişdi. Həmin zaman daşıyıcı-raket Florida ştatında Kanaveral burnunda sınaq buraxılışı zamanı partlamışdı.

Qəza sınağa hazırlıq zamanı, yanacaq doldurularkən baş vermişdi.

30.03.2017

“Google” fotoqraflar üçün sosial şəbəkə yaradır

“Google” şirkəti fotoqraflar üçün yenidən sosial şəbəkə istifadəyə verir.
METBUAT.info Lent.az-a istinadən xəbər verir ki, “Google” mütəxəssisləri köhnə ideyalara qayıtmaq və onları yeni üsulla geri qaytarmaq niyyətindədirlər.

Şəkillərlə işləmək üçün nəzərdə tutulan “Google Spaces” xidməti naməlum səbəblərdən populyar ola bilmədi. Ancaq məhz onun əsasında bir fotonun üzərində eyni anda bir neçə istifadəçinin işləyə biləcəyi proqram əlavəsinin istifadəyə verilməsi planlaşdırılır. Proqram sosial şəbəkə adlandırılır, ancaq hələlik müəyyən konsepsiya və ada malik deyil.

Fotoqraflar üçün gələcəyin sosial şəbəkəsi mövcud “Allo” və “Duo” proqramlarının imkanlarını birləşdirmək niyyətindədir. Şirkətin yeni xidmətinin təqdimatı yaxın zamanlarda, bu ilin may ayında “Google”un tədbirində baş tuta bilər.

29.03.2017

Zaqatala sakinindən qeyri-adi ixtira – VİDEO

43 yaşlı Zaqatala şəhər sakini Ramiz Qaraəhmədov ixtisasca istismarçı texnikdir. Məktəb çağlarından fizikaya maraq göstərən qəhrəmanımız, hələ uşaq ikən belə istifadəyə yararsız radio, maqnitafon və başqa cihazları təmir etməklə ətrafındakıları təəccübləndirib.

METBUAT.info ARB TV-yə istinadən xəbər verir ki, yeni ixtira etmək üçün Ramiz Qaraəhmədov öncə dəmir tullantıları atılan məkanlara üz tutur.

Bəziləri üçün faydasız sayılan istifadəyə yararsız soyuducu, paltaryuyan, kompüter və başqa texniki avadanlıqların tullantıları onun üçün xammal rolunu oynayır. Bəzən isə belə xarab texnikanı nisbətən ucuz qiymətə almaqla da ehtiyat bazasını formalaşdırır.

İnkubasiya aparatını düzəltmək üçün Ramiz istifadəyə yararsız, atılmış soyuducu, kompüterlərin içərisində olan vintilyasiya sistemləri və rəqəmsal antenanın mühərriyindən istifadə edib. Eyni vaxtda 200 ədəd toyuq yumurtasından cücə çıxarmaq iqtidarında olan bu cihazın hətta zavod istehsalı olan xələfindən üstün cəhətləri də var.

Belə ki, qurğu elektrik enerjisi kəsilsə belə dörd saatdan çox işləmək bacarığına malikdir. Maddi sıxıntılar ixtiraçının daha geniş miqyasda fəaliyyət göstərməsinə mane olur. Çünki, yeni nəsə yaratmaq üçün heçdə həmişə köhnə texnikalar yetərli olmur. Bəzən müəyyən hissələri pulla da almaq lazım gəlir.

Dünya bazarında hər beşinci smartfon saxtadır

 İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) mütəxəssisləri dünya kompüter və elektronika bazarının təhlilini aparıblar.

METBUAT.info Lent.az-a istinadən xəbər verir ki, təhlil nəticəsində müəyyənləşdirilib ki, 8 və 10 düym ekrana malik netbuk, noutbuk və planşetlərin 6,1%-i saxtadır. Kontrafakt akkumulyator və batareyaların payı 5%, telefonların payı 25% təşkil edir.

Mütəxəssislərin fikrincə, bütün dünya üzrə istehsal olunan oyun avadanlıqlarının 25%-i saxtadır. Bu, rabitə tipli mobil cihazlar seqmentinə – smartfon, telefon, fablet və planşetlərə də aiddir.

Araşdırmada göstərilir ki, dünya kompüter və elektronika bazarında kontrafakt məhsulların payı ümumilikdə 6,5% təşkil edir. Saxta flaş-kartların, kartrider və yaddaş kartlarının göstəricisi 15%, dinləyici qurğular və audio-video izləmək üçün proqramların göstəricisi 8%, idarəetmə pultlarının isə 6% təşkil edir.

“Facebook”dan növbəti üç yenilik – FOTO

“Facebook” “Android” və “iOS” sistemləri üçün nəzərdə tutulmuş mobil tətbiqinə yenilənməni təqdim edib.

METBUAT.info “Technote”yə istinadən xəbər verir ki, yenilənmə özündə 3 yeni funksiyanı birləşdirir:
Təkmilləşdirilmiş kamera funksiyası, ana səhifənin yuxarı hissəsində yerləşən “Stories” bölməsi və “Direct” adlı şəxsi söhbətlər bölməsi.

Təkmilləşdirilmiş kamera funksiyası foto və videoya tətbiq olunan bir çox effekt, maska, çərçivə və interaktiv filtləri özündə birləşdirir.

“Snapchat”, “Instagram”, “Facebook Messenger” və “WhatsApp”da olan “Stories” bölməsi bundan sonra sosial şəbəkənin mobil versiyasında, ana səhifənin yuxarı hissəsində təqdim olunacaq.

“Direct” funksiyası isə müəyyən istifadəçi ilə foto və video paylaşılmasını təmin edir. Bununla belə, göndərilmiş foto və videolar da müəyyən müddətdən sonra avtomatik olaraq pozulur. Həmin kontenti qəbul edəcək şəxs isə onlara baxa və cavab verə bilər.

Lakin kontent barəsində söhbət yekunlaşdıqdan sonra sözügedən kontent artıq “Direct” bölməsində görünməyəcək.








25.03.2017

“Facebook”dan maraqlı yeni funksiya – FOTO

“Facebook”un “On This Day” funksiyası istifadəçilərə lentdə keçmiş illərin konkret günlərində baş verən hadisələri yada salmağa kömək edəcək.

METBUAT.info bu barədə Trend-ə istinadən xəbər verir.

İstifadəçilər keçmiş tarixlərdə yazdığları statuslar və ya bölüşdükləri şəkilləri yenidən asanlıqla tapa bilərlər. Keçən illərin şəkilləri və ya statusları yalnız istifadəçiyə əks olunacaq, amma onu istənilən vaxt xəbər lentində yenidən bölüşə bilərlər.

Bundan əlavə? istifadəçi günlük xatırlamalara abunə olmaqla öncəki illərin həmən günündə baş verənləri görə bilərlər.

Marağlı olan odur ki, “On This Day”in alqoritmi helə qurulub ki o mənfi emosiya daşıyan məlumatı yada salmır. Məsələn, münasibətdə olub və ayrılmış insanlar haqqında və ya həyatların dəyişən insanlarla bağlı məqamları əks etdirmir.

24.03.2017

Alman alimlərinin yeni kəşfi — 10 min günəş kimi işıq saçan sistem

Almaniyanın aviasiya və kosmonavtika mərkəzinin alimləri yeni, güclü işıq sistemi yaradıblar.

"METBUAT.info" xəbər verir ki, yeni sistem enerijini bir yerə fokuslayaraq 10 min günəş ekvivalentində şüalanma yarada bilər. Həftənin cümə axşamı yeni sistem ilk dəfə sınaqdan keçirilib.

Sistem 149 qısaqövslü ksenon lampadan ibarətdir. Analoji sistem böyük kino proektorlarda istifadə edilir. Bu sistemin köməyi ilə 10 min günəşdən alınan enerjini bir yerə fokuslamaq mümkündür. Mərkəzin direktoru Bernard Hoffşmidt bildirir ki, sistem 3000 dərəcə Selsiyə qədər tempratur yaratmağa imkan verir. Qurğunun hündürlüyü 14, eni isə 16 metrdir.

Alimlərin məqsədi ekoloji cəhətdən təmiz yanacaq, yəni yeni hidrogen yaratma üsulları tapmaqdır. İşığı bir nöqtədə fokuslayan sistem metalı 800 dərəcəyə qədər isidir. Sonra isə onu su buxarı ilə əridir. Metal sudakı oksigenə reaksiya verir, hidrogen isə qalır. Hələlik sistem 4 saata bir evin 1 il ərzində istifadə etdiyi enerji qədər elektrikdən istifadə edir. Alimlər yaxın bir neçə il ərzində sistem üzərində işləyərək günəş batereyasına keçid edəcəklər.

23.03.2017

WhatsApp-a 4 yeni funksiya əlavə edildi

WhatsApp-ın bir müddətdir beta testlərində istifadə etdiyi yeni funksiyaları artıq hərkəs üçün aktiv edildi

"METBUAT.info" technote.az-a istinadən xəbər verir ki, WhatsApp-ın bir müddətdir yeniliklər etməyə davam etdiyini görürük. Əsasən də hekayələr xüsusiyyəti ilə tənqid alan və bunu əlavə edərkən yazılı status funksiyasını ləğv edən WhatsApp, həddindən artıq tənqid almışdı. Keçdiyimiz günlərdə "Haqqında" bölməsində bu yeniliyi geri qaytaran şirkət, dünən axşam təqdim etdiyi yenilənmə ilə bütün istifadəçilərinə 4 yeni xüsusiyyət təqdim edir.

İlk olaraq "Haqqında" bölməsinə əlavə edilən və profildə görüləbilən yazılı status seçimini geri gətirən WhatsApp, həmçinin paylaşılan videolarda stream xüsusiyyətini gətirərək yükləmədən izləyə bilmə şansı da təqdim edir. Eyni zamanda videoları arxa planda yükləmək kimi seçim də mövcuddur.

Bundan başqa iPhone-dakı 3D Touch-a dəstək gətirən WhatsApp, bu xüsusiyyət ilə paylaşacağınız şəkili kəsməyinizi asanlaşdıracaqkən, qaranlıq mühitlərdə şəkil və video üçün isə gecə görünüşü funksiyasını aktiv etdi.

Qısa müddətdə bütün istifadəçilərə çatacaq olan xüsusiyyətlər ilə WhatsApp funksionallığı biraz daha artarkən bir mesajlaşma tətbiqinin nə qədər inkişaf edə biləcəyini də görürük.

22.03.2017

Alimlər Yerlə Marsın toqquşacağını proqnozlaşdırdılar

Madison şəhərinin (ABŞ) Viskonsin Universitetinin geofiziki Stiven Meyers bir neçə milyard ildən sonra Yer kürəsi ilə Marsın toqquşa biləcəyini ehtimal edib.

METBUAT.info-nun xəbərinə görə, bu barədə Scientific American nəşri məlumat yayıb.

Meyers və onun həmkarları belə qənaətə gəliblər ki, Günəş sistemi xaotikdir, yəni onun hərəkəti ilkin şərtlərin dəyişilməsinə həssasdır. Bu halda, planetin orbiti üzrə kepler elementlərinin hətta çox az bir dəyişikliyi uzun müddətdən sonra bütün sistemin dinamikasında böyük dəyişikliyə səbəb ola bilər.

Alimlər Günəş sistemində xaotik prosseslərin izini tapa biliblər. Bunun üçün mütəxəssislər geoloji məlumatların köməkliyi ilə planetə düşən işıq axınının dəyişikliyini izləyiblər. Müəyyən edilib ki, planetin orbitinin elementlərinin dəyişməsi ilə əlaqədar olan enerji yırğalanması iqlim dəyişikliyinə səbəb olur.

Alimlərə məlum idi ki, son 50 il ərzində Yer kürəsi 2,4 milyon dövrilik ilə öz formasını dəyişib. Təxminən belə bir dövriliklə iqlim dəyişikləri də qeydə alınırdı.

Lakin Koloradoda tapılan nümunələr göstərib ki, təxminən 85 milyon il əvvəl bu dövrilik 1,2 milyon təşkil edirdi.

Mütəxəssislər iqlim dəyişikliyinin iki dəfə artmasını Yer kürəsinin Marsla qarşılıqlı təsiri ilə əlaqələndiriblər. Onların fikrincə, bu xaotik sistemlərə xas olan hadisədir.

Tədqiqatçılar bildiriblər ki, bu yaxın milyard illər ərzində, əgər Günəş tərəfindən məhv edilməsələr, Yer kürəsi ilə Marsın toqquşacağının göstəricisidir.

21.03.2017

Yeni “iPhone”nun dizaynı fərqli olacaq

“Apple” şirkəti tərəfindən 2017-ci ilin payızında təqdim olunacağı nəzərdə tutulan “iPhone 8”in xarici görünüşü orijinal “iPhone”nu xatırladacaq.

METBUAT.info-nun xəbərinə görə, bu barədə Koreyanın “ET News” portalı anonim mənbəyə istinadən məlumat yayıb.

Məlumata əsasən, smartfonun arxa və yan tərəfləri hazırki “iPhone”larla müqayisədə daha dairəvi olacaq. Qeyd olunur ki, bununla da, şirkət 10 il bundan əvvəl buraxılan ilk “iPhone”nun dizaynını yenidən yaratmağa çalışır.

“Yeni “iPhone”nun arxa qapağı şüşədən hazırlanacaq. Bu şüşənin hər dörd tərəfi dairəvi formada olacaq”, - mənbə əlavə edib.

19.03.2017

Telefonunuzda yeni funksiyaları öyrənmək üçün bu məxfi kodları yığın

Hər bir mobil telefonunun məxfi kodlar var.

METBUAT.info kodları təqdim edir:

1) * # 06 #. İstənilən smartfonun IMEI nömrəsini bilməyə imkan verir.

2) * # 21 #. Daxil edilmiş mobil nömrənin ünvanının dəyişdirilməsi haqqında informasiya almaq olur - zənglər, mesajlar və başqa məlumatlar da bura daxildir. Əgər kimsə sizi güdürsə, bu variantdan istifadə etməklə bunu müəyyən etmək olar.

3) * # 62 #. Bu komandanın köməyi ilə siz telefonunuz söndürülmüş və şəbəkə əhatəsindən kənarda olduğu zaman nömrəyə daxil olan çağırışların ünvanını dəyişdirə bilərsiniz.

4) # # 002 #. Zənglərin istənilən ünvanını dəyişmək xidmətini dayandırır. Beləliklə, zəngləri yalnız siz qəbul edə bilərsiniz.

5) * # 30 #. Zəng edən abunəçinin nömrəsinin təyin edilməsi barədə informasiya verir.

6) * # 33 #. Xidmətlərin (zənglər, SMS və başqa məlumatlar) bloklanması haqqında informasiyanı göstərir.

7) * # 43 #. Gözləmədə olan çağırış haqqında informasiyanı əks etdirir.

8) *3001 # 12345 # *. Burada SIM kart haqqında informasiya və mobil şəbəkənin siqnalının səviyyəsi, hətta mobil telefonun siqnal ötürdüyü yeri də bilmək olur. Yeri gəlmişkən, bütün məlumatlar operativ olaraq yenilənir.

Yuxarıdakı kodlardan istifadə etməklə mobil abunəçilər telefonun təhlükəsizliyi barədə məlumat əldə edə bilərlər.
[Mənbə: Metbuat.az]

17.03.2017

“Facebook”, “Google”, “Twitter”ə xəbərdarlıq edildi

Avropa İttifaqı ABŞ-ın “Facebook”, “Google” və “Twitter” şirkətlərini istehlakçı hüquqlarını pozmaqda ittiham edib və onlara öz xidmətlərini Avropa qanunvericiliyinə uyğun qurmaq üçün 1 ay vaxt verib.

METBUAT.info Lent.az-a istinadən xəbər verir ki, hələ ötən ilin dekabrında Aİ adları çəkilən şirkətləri xəbərdar edib ki, onların bəzi şərtləri istehlakçıların hüquqlarının müdafiəsi haqda qanunvericiliyə ziddir.

Məsələn, təşkilatların reqlamentinə əsasən, Aİ ölkələrinin vətəndaşları bu qurumları məhkəməyə vermək istəsə, Avropa məhkəmələrinə yox, ABŞ məhkəmələrinə müraciət etməlidir.

Bundan başqa, “Facebook”, “Google” və “Twitter” fırıldaqçılıq və maxinasiyalarla kifayət qədər mübarizə aparmamaqda ittiham olunur.

Şirkətlərin təmsilçiləri problemlərin həlli üçün öz təkliflərini təqdim ediblər.

“Facebook”da yeni funksiya aktiv edildi

Mark Zukerberq “Facebook”da da “Story” (Hekayə) funksiyasını aktiv edib.

METBUAT.info Axşam.az-a istinadən xəbər verir ki, “Instagram” və “WhatsApp”da olduğu kimi, “Facebook Messenger” və “Facebook mobile” versiyaları üçün bu funksiya artırılıb.

Buna səbəb isə şirkətin rəhbəri M.Zukerberqin “Snapchat”ı ala bilməməsidir. O, buna görə bir müddətdir göz dikdiyi “Snapchat”da olan özəllikləri öz sahibi olduğu proqramlarda tətbiq edir.

Hazırda, sadəcə, bəzi istifadəçilərdə aktiv olan bu xüsusiyyət qısa müddət ərzində “iOS” və “Android” istifadə edən hər kəsdə olacaq.

“WhatsApp” və “Telegram”da təhlükə var – XƏBƏRDARLIQ

“WhatsApp” və “Telegram”da yeni təhlükəsizlik boşluğu aşkar edilib.

METBUAT.info makroblog-a istinadən xəbər verir ki, boşluğu “Check Point” təhlükəsizlik şirkəti üzə çıxarıb.

Haker istifadəçiyə bir foto göndərir. Ön izləmədə normal görünən şəkil istifadəçini zərərli proqram olan bir HTML səhifəsinə yönləndirir. Səhifə yükləndikdən sonra cihazın yaddaşındakı fayllar ələ keçirilir, istifadəçinin hesabının məlumatları oğurlanır.

Beləliklə, məsum görünən bir fotoyla haker istifadəçinin bütün hesabı üzərində idarəni ələ keçirir. Haker mesajları, göndərilən bütün fotoları görə və istifadəçinin adından mesajlar göndərə bilir.

Təhlükəsizlik boşluğu mart ayının 7-də açıqlanıb. Hər iki mesaj xidməti hücumun qarşısını almaq üçün fayl yükləmə təsdiq protokollarını dəyişdirməli olub.

Xidmətlərin veb versiyaları yenilənib. İstifadəçilər təhlükəsizlik üçün proqramın son versiyasını yüklədiklərindən əmin olmalıdırlar.

Ənənəvi elektron poçt, söhbət xidmətlərindən fərqli olaraq, “WhatApp” və “Telegram”da başdan-başa şifrələmə metodu üçüncü tərəflərin mesajları oxumasına imkan vermir. Ancaq bu durum göstərir ki, zərərli bir fotonun, faylın sızması vəziyyəti dəyişdirir.

Düzəlişdən sonra artıq şifrələmədən öncə “WhatsApp” və “Telegram” məzmunu yoxlayır, zərərli faylları əngəlləyir. Xidmətlər boşluğu aradan qaldırsa da təhlükəsizlik şirkəti istifadəçiləri kompüterdə açdıqları bu söhbət proqramlarını periodik olaraq təmizləməyi məsləhət görür.

Bu addım hesabınızın qoşulduğu cihazları yoxlamağa və istənilməyən aktivlikləri bağlamağa imkan verir.

“Check Point” bildirir ki, naməlum istifadəçilərdən gələn şübhəli faylları açmaqdan da çəkinmək lazımdır.