12.04.2017

Azərbaycanda yeni dərslik yaradılır

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycan multikulturalizmi dərsliyinin yaradılması üzərində çalışır.

METBUAT.info Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev bu gün “İslam həmrəyliyi: dini və mədəni müxtəlifliyin harmoniyası” adlı beynəlxalq konfransda deyib.

K.Abdullayev bildirib ki, dərslikdə Azərbaycan multikulturalizminin ən müxtəlif istiqamətlərdən işıqlandırılması nəzərdə tutulur. Bu fənni tədris edən bir çox xarici ölkə müəllimləri, məsələn, almaniyalı professorlar fənnin tədrisi zamanı Azərbaycan multikulturalizmini alman multikulturalizmi ilə müqayisə edirlər”.

11.04.2017

Ali məktəblərə ilk qəbul imtahanlarının keçiriləcəyi vaxt məlum oldu

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün I-IV ixtisas qrupları üzrə keçirilən birinci (yaz) qəbul imtahanlarının tarixləri müəyyənləşib.

Dövlət İmtahan Mərkəzindən (DİM) METBUAT.info-ya verilən məlumata görə, II və III ixtisas qrupları üzrə ilk qəbul imtahanı aprelin 30-da, I və IV ixtisas qrupları üzrə isə mayın 7-də keçiriləcək.

Bu imtahanlarda “Abituriyentin elektron ərizəsi” formasını təsdiq edən və orada yazda keçiriləcək imtahanda iştirak etmək istədiyini qeyd edən abituriyentlər iştirak edə bilərlər.

10.04.2017

Rus bölməsi abituriyentlərinin imtahan nəticələri açıqlandı

Aprelin 9-da Dövlət İmtahan Mərkəzi (DİM) Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Bərdə, Göyçay, Lənkəran, Şirvan və Xaçmaz şəhərlərində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün Azərbaycan dili imtahanı keçirilib.

METBUAT.info xəbər verir ki, DİM-dən verilən məlumata görə, imtahanın nəticələri DİM-in internet saytında yerləşdirilib.

İmtahanda iştirak etmiş abituriyentlər DİM-in internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, habelə cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 6151 abituriyentdən 92 nəfəri imtahana gəlməyib.

İmtahanda iştirak edən 6059 abituriyentdən 4561 nəfəri tələb olunan müsabiqə şərtini ödəyərək “məqbul” qiymət alıb.

Aprelin 1-dən 10-dək elektron ərizəsini təsdiq edən, eləcə də aprelin 9-da keçirilən imtahanda “qeyri-məqbul” qiymət alan və ya müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən abituriyentlər iyunun 11-də keçiriləcək növbəti “Azərbaycan dili” imtahanında iştirak edə bilərlər.

Bu gün ali məktəblərə sənəd qəbulu başa çatır

Bu gün ali təhsil müəssisələrinin I-V ixtisas qruplarının və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başa çatacaq.

METBUAT.info xəbər verir ki, martın 16-dan başlayan sənəd qəbulu bu gün saat 23:59-dək davam edəcək.

Bu gün saat 10:30-dək 66564 abituriyent (60080-i Azərbaycan, 6484-ü rus bölməsinin məzunu) I-IV ixtisas qruplarının və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçərək qeydiyyatdan keçib. Onlardan 26016-sı (23562-si Azərbaycan, 2454-ü rus bölməsinin məzunu) I, 18810-u (16640-ı Azərbaycan, 2170-i rus) II, 17029-u (15722-si Azərbaycan, 1307-si rus) III, 4709-u (4156-sı Azərbaycan, 553-ü rus) isə IV ixtisas qrupları üzrə sənəd verib.

Bu saata kimi qeydiyyatdan keçən 66564 abituriyentdən 62785-i qəbul imtahanının I mərhələsində (yaz imtahanında) iştirak edəcək.

9.04.2017

Magistraturaya və rezidenturaya qəbul imtahanları keçirilir

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün ali təhsil müəssisələri və AMEA-nın magistraturalarına, rezidenturaya qəbul imtahanının I mərhələsini və Azərbaycan dili (ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün) imtahanları keçirir.

METBUAT.info xəbər verir ki, magistratura səviyyəsinə qəbul imtahanı Bakı, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində, ümumilikdə 39 imtahan mərkəzində aparılacaq. İmtahan bütün binalarda eyni vaxtda - saat 13:00-da başlanır.

Ərizələrin qəbulu internet vasitəsilə martın 10-dan 28-dək aparılıb. İmtahanda iştirak etmək üçün 13081 bakalavr ərizə təqdim edib. Onlardan 11817 nəfəri Azərbaycan bölməsi, 1264 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 5640 nəfəri oğlan, 7431 nəfəri isə qızlardır. Bakalavrlardan 7281 nəfəri cari ilin, 5800 nəfəri isə əvvəlki illərin məzunlarıdır. 25 nəfər xarici ölkə vətəndaşıdır.

Qəbul imtahanı Bakı şəhərində 32, Gəncə şəhərində 4, Naxçıvan, Mingəçevir və Lənkəran şəhərlərinin hər birində 1 binada təşkil olunacaq. Bakıda 11116, Naxçıvanda 346, Gəncədə 1074, Mingəçevirdə 345, Lənkəranda 200 bakalavrın imtahan verəcəyi gözlənilir. İmtahanın idarə olunmasına 126 imtahan rəhbəri, 1208 nəzarətçi-müəllim cəlb olunacaq.

Rezidenturaya qəbul imtahanı Bakı şəhərində Azərbaycan Tibb Universitetinin I və V tədris binaları, Naxçıvan şəhərində 14 nömrəli tam orta məktəbdə keçirilir və imtahan bütün binalarda eyni vaxtda – saat 13:00-da başlanır. İmtahanda iştirak etmək üçün ərizə qəbulu internet vasitəsilə martın 10-dan 28-dək aparılıb. 1077 namizəd elektron ərizə doldurub və təsdiq edib. Onlardan 694 nəfəri qız, 383 nəfəri isə oğlanlardır. 925 namizəd Azərbaycan bölməsinin, 152 namizəd rus bölməsinin, 471 namizəd cari ilin, 606 namizəd isə əvvəlki illərin məzunudur.

Bakı şəhərində 1027, Naxçıvan şəhərində isə 50 namizədin imtahan verməsi nəzərdə tutulur. İmtahanların idarə olunması üçün 14 imtahan rəhbəri, 129 zal nəzarətçisi ayrılıb.

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün Azərbaycan dili imtahanı Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Bərdə, Göyçay, Lənkəran, Şirvan və Xaçmaz şəhərlərində ümumilikdə 17 imtahan mərkəzində aparılacaq. İmtahan bütün binalarda eyni vaxtda - saat 13:00-da başlanır.

Bu imtahanda “Abituriyentin elektron ərizəsi” formasını 31 mart 23:59-dək təsdiqləmiş abituriyentlər iştirak edəcəklər. Aprelin 1-dən 10-dək elektron ərizəsini təsdiq edən, aprelin 9-da keçirilən imtahanda “qeyri-məqbul” qiyməti alan və ya müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən abituriyentlər iyunun 11-də keçiriləcək növbəti “Azərbaycan dili” imtahanında iştirak edə bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 6151 abituriyentdən 2991 nəfəri oğlan, 3160 nəfəri qızdır. 5814 abituriyent orta ümumtəhsil müəssisələrinin builki məzunu, 337 nəfər isə əvvəlki illərin məzunlarıdır. Bakı şəhərində 4088, Naxçıvanda 24 , Gəncədə 578, Sumqayıtda 363, Şəkidə 278, Bərdədə 135, Göyçayda 131, Şirvanda 92, Lənkəranda 117, Xaçmazda isə 345 abituriyentin imtahan verməsi nəzərdə tutulub. İmtahanın idarə olunması üçün 41 imtahan rəhbəri, 457 nəzarətçi-müəllim ayrılıb.

Ali təhsil ixtisaslarında dəyişiklik edilib

Nazirlər Kabineti “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nda dəyişiklik edib.

METBUAT.info xəbər verir ki, Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, yeni qərara əsasən, “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nın “Texniki və texnoloji ixtisaslar qrupu”na yeni ixtisaslar əlavə edilib.

Həmin ixtisaslar sənaye mühəndisliyi, logistika və nəqliyyat texnologiyaları mühəndisliyi, şəhərsalmadır.

3.04.2017

Müəllimlərin işə qəbulu üzrə imtahanları ildə bir neçə dəfə keçiriləcək

Azərbaycanda ayda iki dəfə müəllimlərin işə qəbulu üzrə elektron sınaq imtahanları keçiriləcək.

METBUAT.info xəbər verir ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, aprelin 2-də Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi işə qəbul olmaq istəyən müəllimlər üçün elektron sınaq imtahanı təşkil edib.

Sınaq imtahanı Bakı şəhəri 220 nömrəli tam orta məktəbdəki elektron imtahan mərkəzində keçirilib. İlk dəfə keçirilən sınaq imtahanında Bakı və Sumqayıt şəhərləri daxil olmaqla, respublikanın 13 bölgəsindən müəllim olmaq istəyən 200-ə yaxın namizəd iştirak edib:

“Elektron sınaq imtahanının üstünlüyü ondan ibarətdir ki, iştirakçılar imtahan bitdikdə dərhal sonra öz nəticələrini görmək imkanına malikdir. Sınaq imtahanında 13 fənnin hər biri üzrə ən çox bal toplamış 1 nəfər Təhsil Texnologiyaları Mərkəzi tərəfindən ödənişsiz olaraq müəllimlərin işə qəbulu üçün hazırlıq kurslarına qəbul ediləcək.

Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi elektron sınaq imtahanlarına olan böyük marağı nəzərə alaraq, imtahanları ayda 2 dəfə keçirməyi planlaşdırır. Növbəti elektron sınaq imtahanı aprelin 16-da keçiriləcək. Gələcəkdə sınaq imtahanlarının regionlarda da təşkil olunması nəzərdə tutulur. Sınaq imtahanlarına yazılmaq üçün Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzinə müraciət etmək mümkündür”.

31.03.2017

Ekspert: Buraxılış imtahanında şagirdlərin 90 faizi “2” alıb

“Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən kurikulum əsasında 9-cu siniflər üzrə keçirilən buraxılış imtahanlarında şagirdlər aşağı nəticə göstəriblər”.

METBUAT.info xəbər verir ki, bunu AzVision.az-a təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, buraxılış imtahanlarında iştirak edənlərin 90 faizi “Riyaziyyat” fənindən 2 (iki) qiymət alıb.


Rəsmi nəticələrin açıqlanmadığını vurğulayan Kamran Əsədov imtahan nəticələrinin ləğv olunmasının mümkünlüyünü vurğulayıb:

“Şagirdlərin böyük əksəriyyəti ilk dəfə olaraq açıq test modelləri ilə tapşıqlar işləyib. Bundan başqa orta məktəblərdə 2009-cu ildən keçirilən kurikulum standartları ilə tədris zamanı KSQ (kiçik summativ qiymətləndirmə) və BSQ (böyük summativ qiymətləndirmə) yoxlama imtahanları qapalı test tapşırıqları ilə həyata keçrildiyindən şagirdlərin açıq test tapşırıqları ilə işləməsi mümkünsüz idi. Bununla yanaşı, nəinki 9 illikdə buraxılış imtahanı verən şagirdlərin, hətta hazırlıqlı abituriyentlərin belə açıq test tapşırıqlarına cavab vermə faizi 20 faizi ötməyib”.

K.Əsədovun sözlərinə görə, şagirdlərin “Riyaziyyat” fənnindən aşağı nəticə göstərməsində günahkarlar təhsili, bacarığı bu sahəyə uyğun gəlməyən direktorlardır.

“Onlar məktəblərdə keçrilən KSQ və BSQ imtahanlarına düzgün nəzarət etsəydilər, belə aşağı nəticələr ortaya çıxmazdı. Hal-hazırda istər repititor, istər valideynlər tərəfindən qapalı test tapşırıqları istifadə olunur. Təəssüf ki, kurikulumun tələbləri heçdə qapalı test tapşırığı ilə yoxlanıla bilməz. Bunu məktəb dirketorları başa düşmür. Onlar ənənəvi qaydada KSQ və BSQ imtahanlarını keçirirlər. Heç nəzarət də etmirlər. Çünki onlar bu sahənin təsadüfi adamlarıdır. Hansısa mollanı direktor təyin edəndə belə də olmalı idi. Zəif nəticənin bir günahkarı var, o da məktəb direktorlarıdır. Onlar xüsusi olaraq məktəbdə keçirilən KSQ və BSQ imtahanlarına nəzarət etməli, onun nəticələrini hər ay təhlil etməlidirlər. Amma biz bunu görmürük. Onların başı digər məsələrə qarışdığından təhsil yaddan çıxıb”.

Təhsil Eksperti qeyd edib ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (indi Dövlət İmtahan Mərkəzi) tərəfindən monitorinq imtahanları keçrilsə də, məktəb direktorları bu imtahanların nəticələrini təhlil edib, dərs çıxarmayıblar.

Direktor vəzifəsinə qəbul üzrə yeni qaydalar təsdiq olundu

Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə yeni qaydalar təsdiq edilib.

Təhsil Nazirliyindən METBUAT.info-ya verilən məlumata görə, qaydalara əsasən, ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin mərkəzləşdirilmiş qaydada 3 mərhələdə (elektron ərizənin qəbulu, imtahan, müsahibə) cari ilin aprel-avqust ayları ərzində keçirilməsi nəzərdə tutulub.

Müsabiqədə pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsilli, azı 5 il pedaqoji staja malik olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji sahədə çalışan şəxslər iştirak edə bilərlər.

Elektron ərizələrin qəbulu 1-15 aprel 2017-ci il tarixlərində həyata keçiriləcək. Bu mərhələdə namizədlər hazırda işlədiyi müəssisənin yerləşdiyi və ya yaşadığı rayon (şəhər) üzrə 4 vakant məktəb seçə bilərlər.

Qeydiyyatdan keçmək istəyən şəxslər miq.edu.az/direktorlar səhifəsinə daxil olmalıdırlar.

İmtahan mərhələsində namizədlərdən əmək və təhsil qanunvericiliyi, məktəb idarəçiliyi sahəsində test tapşırıqlarını cavablandırmaqla yanaşı, təqdim olunan konkret mövzu üzrə elektron qaydada esse yazmaq tələb olunur.

Azərbaycanda təhsillə bağlı yeni qanun layihəsi hazırlanır

Azərbaycanda “Peşə təhsili haqqında” qanun layihəsinin hazırlanmasına başlanılıb.

METBUAT.info xəbər verir ki, bu barədə Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev deyib.

B.Əliyev bildirib ki, bununla bağlı komitə sədri İsa Həbibbəylinin rəhbərliyi ilə işçi qrupu yaradılıb.

Deputat qeyd edib ki, işçi qrupunda Təhsil Nazirliyi və digər aidiyyəti dövlət və qeyri-dövlət qurumlarının nümayəndələri təmsil olunurlar.

B.Əliyev hesab edir ki, qanun layihəsi yaxın vaxtlarda Milli Məclisin müzakirəsinə təqdim olunacaq.

30.03.2017

Paytaxtda birinci sinfə qəbul üzrə 28 mindən çox müraciət olub

Martın 30-na (saat 20:30) olan məlumata əsasən, elektron sistem vasitəsilə paytaxt məktəblərinin I sinfinə qəbul üçün 28000-dən çox sorğu yerləşdirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, onlardan 25527-si ümumi təhsil məktəblərini, 2630-u isə lisey və gimnaziyaları seçib. Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 60 faizindən çoxdur.

“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin yerinə yetirilməsini təmin etmək məqsədilə tətbiq olunan elektron sistem vasitəsilə I sinfə şagird qəbulu BŞTİ tərəfindən ərizələrin onlayn qeydiyyatı vasitəsilə həyata keçirilir.

Təhsil nazirinin müvafiq əmrinə əsasən, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə I sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilir. 15 mart-15 sentyabr 2017-ci il tarixlərini əhatə edən elektron ərizənin qeydiyyatı prosesində valideynlər məktəbi, təlim dilini və müəllimi seçməlidirlər.

Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhərinin hər inzibati rayonunda I sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək məqsədilə 50 məktəbdə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə bilərlər.

Həmçinin, I sinfə şagird qəbulu prosesində qeydiyyat və sənəd qəbulu prosesində araşdırmaya ehtiyac olan məsələlərin həlli məqsədilə Bakı şəhəri üzrə 6 ümumi təhsil müəssisəsində Apelyasiya Komissiyaları fəaliyyət göstərir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən mektebeqebul.edu.az saytının istifadəçiləri üçün 2017-2018-ci tədris ilində elektron sistem vasitəsilə uşaqların I sinfə şagird qəbulu barədə videotəlimat hazırlanıb.

Eyni zamanda, vətəndaşları düşündürən məsələlərə daha geniş aydınlıq gətirmək üçün BŞTİ-nin rəsmi “Facebook” səhifəsində I sinfə qəbulla bağlı suallara cavab verilib.

28.03.2017

Bu il ali məktəblərə qəbulun keçid balları açıqlanıb

Bu il Azərbaycanda ali məktəblərə I-IV ixtisas qrupları üzrə qəbul zamanı tələb olunacaq müsabiqə şərtləri açıqlanıb.

METBUAT.info xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə APA-ya açıqlamasında bildirib ki, I ixtisas qrupu üzrə müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir ixtisas fənni istisna olmaqla qalan 4 imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan), II ixtisas qrupunda ümumi balı 200-dən, hər hansı bir ixtisas fənni istisna olmaqla qalan 4 imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan), III ixtisas qrupunda ümumi balı 200-dən, hər hansı bir ixtisas fənni istisna olmaqla qalan 4 imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan), IV ixtisas qrupunda isə ümumi balı 250-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan 4 imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər buraxılırlar.

DİM rəsmisi əlavə edib ki, bəzi ixtisaslar üzrə müsabiqə şərtlərində müəyyən dəyişiklər var: “Belə ki, I qrupun “Riyaziyyat”, “Fizika”, “Nəqliyyat tikintisi mühəndisliyi, “İnşaat mühəndisliyi”, “İnformasiya texnologiyaları mühəndisliyi”, “Geologiya, elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi” üzrə ixtisaslarına ümumi balı 250-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan 4 imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-da az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlərə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə topladığı nisbi balı 10-dan az olmayan), “Kompyuter elmləri” ixtisası üzrə ümumi balı 300-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan 4 imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 350-dən və hər bir imtahan fənni üzrə topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər müsabiqədə iştirak edə biləcəklər”.

Bu gün magistratura və rezidenturaya sənəd qəbulu başa çatır

2017/2018-ci tədris ilində Azərbaycanın ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına 12 mindən çox bakalavr sənəd verib.

METBUAT.info xəbər verir ki, bu gün saat 09:23-ə olan məlumata əsasən, magistratura səviyyəsində təhsil almaq üçün qeydiyyatdan keçən 12654 sənəddən Azərbaycan bölməsi üzrə 11429-i, rus bölməsi üzrə isə 1 225-ü təsdiq edilib.

Bundan başqa, 2017/2018-ci tədris ilində Azərbaycanda ali tibb təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədi ilə rezidenturaya sənəd verən 1053 namizədin 908-i Azərbaycan bölməsinə, 145-i isə rus bölməsinə aiddir.

Xatırladaq ki, elektron ərizələrin təsdiqi prosesi bu gün axşam saat 23:59-da yekunlaşacaq.

Adları və ya soyadları ilə bağlı müəyyən problemləri olan vətəndaşlar Sənəd Qəbulu Komissiyalarına (SQK) bu gün saat 17:00-dək müraciət edə bilərlər. Martın 29-dan artıq magistratura və ya rezidenturaya sənəd vermək mümkün olmayacaq.

25.03.2017

Azərbaycanda yeni tipli 332 məktəb yaradılacaq

Bu il Azərbaycanda şagird sayı 100-dək olan 332 məktəb üçün modul tipli binaların quraşdırılması nəzərdə tutulur.

METBUAT.info xəbər verir ki, ölkənin 44 rayonunda azkomplektli və qəzalı vəziyyətdə olan kənd məktəblərinin modul tipli təhsil müəssisələri ilə əvəz olunması üçün hazırlıq işlərinə başlanılıb.

Modul tipli məktəblərin yaradılmasının üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət (1 ay) ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, burada sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır.

Modul tipli məktəblərin digər üstünlüyü budur ki, qəzalı vəziyyətdə olan təhsil müəssisələrində təmir-tikinti işləri aparılarkən tədris prosesi dayandırılmır.

Təhsil Nazirliyindən isə verilən məlumata görə, hazırda Azərbaycanda təmirə ehtiyacı olan 650-yə yaxın məktəb var. Bunlar ən çox Cəlilabad, Şəki, Qusar, Quba, Şamaxı ərazisinə düşür.

22.03.2017

Bu il abituriyentlər üçün qəbul müsabiqəsinin şərtləri necə olacaq?

Dövlət İmtahan Mərkəzi 2017-2018-ci tədris ili üçün ali məktəblərə tələbə qəbulu zamanı abituriyentlər üçün müsabiqənin hansı formada keçiriləcəyini açıqlayıb.

Mərkəzdən METBUAT.info-ya verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi abituriyentlərin bütün ixtisas qruplarına imtahan nəticələri elan olunduqdan sonra aparılacaq.

İxtisas seçiminə imtahan nəticələri Mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan abituriyentlər buraxılacaq. Abituriyentlər ali təhsil müəssisələrinin imtahan verdikləri ixtisas qruplarına aid ixtisaslarını seçməli, onları istədikləri ardıcıllıqla elektron ixtisas seçimi ərizə formasına daxil etməli və təsdiqləməlidirlər.

Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarını ərizələrində yalnız qabiliyyət imtahanından Mərkəz tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun qiymət alan abituriyentlər göstərə bilərlər.

Ali təhsil müəssisələrinin I-IV ixtisas qrupuna daxil olan ixtisasları üzrə müsabiqə abituriyentin qəbul imtahanında topladığı ümumi bal əsasında aparılacaq. Abituriyent eyni tədris ilində keçirilən bir neçə qəbul imtahanında iştirak etdiyi halda, müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini özü müəyyən edəcək.

Ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:

- təhsil haqqında sənədə (attestata) tədris dili, ədəbiyyat, xarici dil, riyaziyyat, Azərbaycan tarixi, ümumi tarix, fizika, kimya, biologiya, coğrafiya fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası;

- xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanının yekun nəticəsi (bal);

- qəbul imtahanının əsas fənləri üzrə nisbi balların cəmi;

- qəbul imtahanının əsas fənləri üzrə düzgün cavabların sayının cəmi;

- qəbul imtahanı fənlərinin üstünlük dərəcəsini nəzərə almaqla, həmin fənlərdən ayrılıqda toplanılan nisbi balların miqdarı;

- qəbul imtahanının bütün fənləri üzrə bütövlükdə düzgün cavabların sayı;

- qəbul imtahanı fənlərinin üstünlük dərəcəsini nəzərə almaqla, ayrılıqda həmin fənlər üzrə düzgün cavabların sayı.

Ali təhsil müəssisələrinin V ixtisas qrupuna daxil olan, qabiliyyət imtahanlarının nəticələri balla qiymətləndirilən, xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə abituriyentin qabiliyyət imtahanlarında topladığı yekun bal əsasında aparılır. Ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:

- abituriyentin qəbul (cari ilin abituriyentləri üçün buraxılış) imtahanında topladığı ümumi bal;

- təhsil haqqında sənədə (attestata) tədris dili, ədəbiyyat, xarici dil, riyaziyyat, Azərbaycan tarixi, ümumi tarix, fizika, kimya, biologiya, coğrafiya fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası;

- riyaziyyat fənni üzrə imtahan balı;

- Azərbaycan (rus) dili fənni üzrə imtahan balı.

Ali təhsil müəssisələrinin V ixtisas qrupuna daxil olan, qabiliyyət imtahanlarının nəticələri “məqbul”la qiymətləndirilən, xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə abituriyentin qəbul (cari ilin abituriyentləri üçün buraxılış) imtahanında topladığı yekun bal əsasında aparılır. Ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:

- təhsil haqqında sənədə (attestata) tədris dili, ədəbiyyat, xarici dil, riyaziyyat, Azərbaycan tarixi, ümumi tarix, fizika, kimya, biologiya, coğrafiya fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası;

- riyaziyyat fənni üzrə imtahan balı;

- Azərbaycan (rus) dili fənni üzrə imtahan balı.

Ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək mümkün olmadıqda, onların hamısı müvafiq ixtisasa yerləşdirilir.

Xüsusi təyinatlı ali təhsil müəssisələrinə sənəd verən abituriyentlər ilk növbədə həmin ali təhsil müəssisələrinin müvafiq ixtisası üzrə müsabiqədə iştirak edirlər. Abituriyent yalnız bir xüsusi təyinatlı ali təhsil müəssisəsinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilər. Müsabiqədən keçməyən abituriyentlərə həmin ixtisas qrupuna daxil olan digər ixtisaslar üzrə keçirilən müsabiqədə ümumi qaydada iştirak etmək imkanı verilir.

Abituriyentlərin yerləşdirilməsi onların seçdikləri ixtisasların ardıcıllığına uyğun olaraq, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu nəzərə alınmaqla, ixtisaslar üzrə vakant yerlərin sayı çərçivəsində həyata keçiriləcək. Abituriyentlər müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdiriləcək.

Qəbul imtahanları nəticəsində dövlət sifarişi ilə ali təhsil almaq hüququnu qazanan abituriyentlər mülkiyyət formasından asılı olmayaraq, dövlət sifarişi əsasında mütəxəssis hazırlığında iştirak edən istənilən ali təhsil müəssisəsini seçə bilərlər.

Müsabiqənin nəticələri elan olunduqdan sonra boş qalan yerlər elan edilir, abituriyentlər tərəfindən ixtisas seçimi həyata keçiriləcək və həmin yerlərə müsabiqə yolu ilə yerləşdirilmə aparılacaq.

Yeni dərs ili üçün tələbə qəbulu – QAYDALARI

Dövlət İmtahan Mərkəzi 2017-2018-ci tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulu qaydalarını açıqlayıb.

Mərkəzdən METBUAT.info-ya verilən məlumata görə, qaydalara əsasən ali təhsil müəssisələrinə qəbul olmaq hüququna tam orta, orta ixtisas və ya ali təhsili başa vurmaq haqqında müvafiq dövlət nümunəli sənəd almış şəxslər malikdirlər. Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri (buraxılış kurslarında təhsil alanlar istisna olmaqla) ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqədə iştirak edə bilməzlər.
Bakalavriat səviyyəsində təhsil dövlət sifarişi əsasında (dövlət büdcəsinin vəsaiti hesabına) və ya ödənişli əsaslarla həyata keçirilir.

Qeyd olunur ki, dövlət ali təhsilin hər bir səviyyəsində təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir.

Ali təhsil müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun оlan təhsil prоqramlarını daha yaхşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, dünya fənn olimpiadalarının, yüksəksəviyyəli beynəlхalq müsabiqələrin və yarışların qaliblərinin müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmaları halları istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir.

Ali təhsil müəssisələrinə tələbə qəbulu abituriyentlərin müvafiq tədris ilində biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanda (qəbul imtahanında) əldə etdikləri nəticələrə əsasən Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir.

Müsabiqədə iştirak ödənişlidir. Ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, həmin ixtisaslar üzrə ali təhsilin dövlət standartları - bakalavr hazırlığının məzmununa və səviyyəsinə qoyulan məcburi minimum tələblər, bu ixtisaslara yiyələnmək üçün tələb olunan bilik, bacarıq və vərdişlər nəzərə alınmaqla beş qrupa bölünür.

Ali təhsil müəssisələrinə qəbul imtahanları ali təhsil müəssisələrinə qəbul aparılan ixtisas qrupları üzrə həyata keçirilir. Abituriyent I-IV ixtisas qruplarının yalnız biri üzrə qəbul imtahanında iştirak edə bilər. I-IV ixtisas qruplarından biri üzrə qəbul imtahanında iştirakından asılı olmayaraq, abituriyent V ixtisas qrupu üzrə də imtahanda iştirak edə bilər. Abituriyent seçdiyi qrup daxilində bir (eyni) tədris ilində keçirilən bir neçə qəbul imtahanında iştirak edə bilər. Qruplar üzrə imtahan fənləri aşağıdakı kimidir:

- I ixtisas qrupu – qəbul imtahanının dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili, riyaziyyat, fizika, kimya və xarici dil. Qəbul imtahanını Azərbaycan dilində verən abituriyentlər xarici dil kimi ingilis, alman, fransız və ya rus, qəbul imtahanını rus dilində verən abituriyentlər isə ingilis, alman və ya fransız dillərini seçə bilərlər;

- II ixtisas qrupu – qəbul imtahanının dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili, riyaziyyat, Azərbaycan tarixi, coğrafiya və xarici dil. Qəbul imtahanını Azərbaycan dilində verən abituriyentlər xarici dil kimi ingilis, alman, fransız, rus, ərəb və ya fars, qəbul imtahanını rus dilində verən abituriyentlər isə ingilis, alman və ya fransız dillərini seçə bilərlər;

- III ixtisas qrupu – qəbul imtahanının dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili, ədəbiyyat, riyaziyyat, tarix və xarici dil. Qəbul imtahanını Azərbaycan dilində verən abituriyentlər xarici dil kimi ingilis, alman, fransız, rus, ərəb və ya fars, qəbul imtahanını rus dilində verən abituriyentlər isə ingilis, alman və ya fransız dillərini seçə bilərlər;

- IV ixtisas qrupu – qəbul imtahanının dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili, riyaziyyat, fizika, kimya və biologiya;

- V ixtisas qrupu - qəbul imtahanının dilinə uyğun olaraq Azərbaycan dili və ya rus dili, riyaziyyat və xarici dil. Qəbul imtahanını Azərbaycan dilində verən abituriyentlər xarici dil kimi ingilis, alman, fransız və ya rus, qəbul imtahanını rus dilində verən abituriyentlər isə ingilis, alman və ya fransız dillərini seçə bilərlər. V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək üçün Azərbaycanda tam orta təhsil səviyyəsini cari ildə bitirən abituriyentlər qəbul imtahanında iştirak etmirlər. Onlar müsabiqədə buraxılış imtahanının nəticələrinə əsasən iştirak edirlər.

Ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün abituriyentlər Mərkəzin rəsmi internet saytında “Abituriyentin elektron ərizəsi”ni doldurmalıdırlar. Azərbaycanda tam orta təhsil səviyyəsini cari ildə bitirən abituriyentlər isə ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün Mərkəzin rəsmi internet saytında “Abituriyentin elektron ərizəsi”ni özləri təsdiq etməlidirlər. Digər abituriyentlər aşağıdakı sənədləri Mərkəz tərəfindən yaradılmış Sənəd Qəbulu komissiyalarına şəxsən təqdim etməklə, ərizələrini təsdiq etdirməlidirlər.

Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər elektron ərizələrini rəsmiləşdirdikdən sonra Mərkəzin rəsmi internet saytında seçdiyi xüsusi qabiliyyət tələb edən ixtisasın daxil olduğu komissiya üzrə qeydiyyatdan keçirlər.

Qeydiyyatdan keçmiş abituriyentlərin Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən qəbul (V ixtisas qrupunda cari ilin abituriyentləri buraxılış) imtahanında topladıqları ümumi balları Mərkəz tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun olduqda, onlar qabiliyyət imtahanlarına buraxılırlar. Qabiliyyət imtahanlarının keçirilməsi şərtləri ali təhsil müəssisələrinin təklifləri əsasında Mərkəz tərəfindən müəyyən edilir. Qabiliyyət imtahanının nəticəsi balla və ya “məqbul” və “qeyri-məqbul”la qiymətləndirilir.

“Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunun 5.3-cü maddəsinə əsasən, Azərbaycanda ali təhsil müəssisələrinə qəbul zamanı Azərbaycan dili fənnindən imtahan verilməlidir. Qəbul imtahanını rus dilində verən abituriyentlər Azərbaycan dili fənnindən test imtahanı verirlər. Bu imtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar iki (cari və növbəti) tədris ili üçün keçirilən müsabiqələrdə qəbul imtahanlarına (cari ilin abituriyentləri ixtisas seçiminə) buraxılırlar.

İmtahanların məzmunu, forması, aparılması texnologiyası, davametmə müddəti, keçiriləcəyi yer və günlər Mərkəz tərəfindən müəyyən edilir. İmtahan suallarının məzmunu Mərkəz tərəfindən hazırlanmış və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla təsdiq edilmiş imtahan fənləri üzrə qəbul proqramlarına uyğun müəyyən edilir.

Qəbul imtahanlarında sağlamlıq imkanları məhdud şəxslərin iştirakının təmin edilməsi üçün Mərkəz tərəfindən əlverişli şərait yaradılır. Görmə qabiliyyəti olmayan (I qrup əlil) abituriyentlərə fərdi nəzarətçi təyin edilir və onlar üçün imtahanın davametmə müddəti 1 saat artırılır.

Təhsilalma formasından asılı olmayaraq, hər hansı bir ixtisasa yerləşdirilmiş abituriyent tələb olunan sənədləri 10 gün müddətində qəbul olduğu təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidir. Abituriyentin bu müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir. Bu abituriyentlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar.

Təhsilalma formasından asılı olmayaraq, hər hansı bir ixtisasa yerləşdirilmiş abituriyent tələb olunan sənədləri 10 gün müddətində qəbul olduğu təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidir. Abituriyentin bu müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir. Bu abituriyentlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar.

Azərbaycanın ali təhsil müəssisələrinə keçirilən müsabiqə və onun nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Mərkəz tərəfindən Apelyasiya Komissiyası yaradılır.

Abituriyent Apelyasiya Komissiyasına şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə, şəxsən müraciət etməlidir. Apelyasiya Komissiyasının qərarlarından inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər.

21.03.2017

DİM bakalavriat səviyyəsi üçün elektron sınaq imtahanları keçirəcək

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün aprel-may aylarında keçiriləcək birinci qəbul imtahanlarında iştirak edən abituriyentləri nəzərə alaraq I-IV ixtisas qrupları üzrə elektron sınaq imtahanları keçirir.

METBUAT.info xəbər verir ki, DİM mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ilk elektron sınaq imtahanında iştirak üçün abituriyentlər martın 21-dən 25-dək Dövlət İmtahan Mərkəzinin imtahan.az saytına daxil olub qeydiyyatdan keçməlidirlər.

Elektron sınaq imtahanı martın 25 və 26-da əvvəlcədən təyin edilmiş saatlarda keçiriləcək. Abituriyentlər qeydiyyat zamanı seçdikləri tarix və saatda imtahan.az saytına daxil olub imtahan verməlidirlər. İmtahan müddəti 3 saatdır. Birinci elektron sınaq imtahanında iştirak ödənişsizdir və bu imtahanda “Abituriyent” jurnalının 1 saylı buraxılışında qəbul imtahanı fənləri üzrə tərtib edilmiş model test tapşırığı nümunələrindən istifadə olunacaq. Bu imtahanda iştirak etməklə abituriyentlər elektron sınaq imtahanı texnologiyasını mənimsəyəcək və növbəti elektron sınaq imtahanlarında çətinlik çəkməyəcəklər. Növbəti elektron sınaq imtahanlarının 1 və 2 aprel tarixlərində keçirilməsi nəzərdə tutulur. Bu imtahanlarda yeni test tapşırığı nümunələrindən istifadə olunacaq və iştirak ödənişlidir (10 manat). Ödəniş etmək qaydaları ilə saytda tanış ola bilərsiniz. Ödənişli elektron sınaq imtahanlarında iştirak etmək üçün qeydiyyat martın 27-dən 31-dək aparılacaq. Abituriyentlər elektron sınaq imtahanı xidmətindən smart tipli mobil telefon və ya planşet vasitəsilə də istifadə edə bilərlər.

Xatırladaq ki, I-IV ixtisas qrupları üzrə ənənəvi kağız üzərində keçirilən sınaq imtahanları 27 may və 11 iyun tarixlərində keçiriləcək.

18.03.2017

Elektron sınaq imtahanları keçiriləcək

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq istəyən abituriyentlər üçün elektron sınaq imtahanları keçiriləcək.

Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətindən METBUAT.info-ya verilən məlumata görə, DİM ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün aprel-may aylarında keçiriləcək birinci qəbul imtahanlarında iştirak edən abituriyentləri nəzərə alaraq I-IV ixtisas qrupları üzrə elektron sınaq imtahanları keçirəcək.

Elektron sınaq imtahanınlarında iştirak üçün abituriyentlərin qeydiyyat müddəti, imtahanda iştirak etmək qaydaları haqqında növbəti həftənin əvvəlində məlumat veriləcək. Elektron sınaq imtahanlarının martın sonu, aprelin ilk günlərində keçirilməsi planlaşdırılır.

17.03.2017

Naxçıvanda İslam Kolleci yaradılacaq

Naxçıvan Muxtar Respublikasında yaxın zamanlarda İslam Kollecinin yaradılması nəzərdə tutulub.

METBUAT.info xəbər verir ki, bunu Report-a açıqlamasında muxtar respublikasnın Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi Vüqar Babayev bildirib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə iş aparılır. V.Babayev əlavə edib ki, hazırda Azərbaycan üzrə üç yerdə ali dini təhsil verilir ki, onlardan biri də Naxçıvandadır:

“Azərbaycanda ali dini təhsil Bakı Dövlət Universitetinin İlahiyyət fakültəsində, Bakı İslam Universitetində və bir də artıq ikinci ildir ki, Naxçıvan Universitetinin Dinşünaslıq fakültəsində verilir”.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl 10 İslam kolleci Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçib.

Bunlar Heydər İslam Kolleci, Zaqatala İslam Kolleci, Gəncə İslam Kolleci, Lənkəran İslam Kolleci, Quba İslam Kolleci, Nardaran İslam Kolleci, Bibiheybət İslam Kolleci, Şəbnəm (qızlar) İslam, Şəki (hafizlik) İslam və Əliabad İslam kollecləridir.

Bunlardan 7-si yeni yaradılıb. Digər 3-ü isə yenidən qeydiyyata alınıb.

Magistratura və rezidenturaya sənəd qəbulunun vaxtı uzadıldı

Azərbaycanda magistratura və rezidenturaya sənəd qəbulunun vaxtı martın 28-i saat 00:00-dək uzadılıb.

METBUAT.info-nun APA-ya istinadən xəbərinə görə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, əvvəlcədən müəyyən edilən vaxta əsasən sənəd qəbulu martın 17-də başa çatmalı idi.

Onun sözlərinə görə, aparılan müəyyən analizlər nəticəsində məlum olub ki, hələ də ərizə verərək təsdiq etməyən insanlar kifayət qədərdir:

“Belə ki, magistratura üzrə 2111, rezidenturada isə 900 nəfər hələ də sənədlərini təsdiqləməyib. Bu gecə isə hökumət ödəniş portalında müəyyən problemlər olub. Bütün bunları nəzərə alaraq sənəd qəbulunun vaxtı martın 28-dək uzadılıb”.

M.Abbaszadə bildirib ki, bu vaxta kimi magistraturaya 10 650 nəfərər ərizəsini təsdiq edib, onlardan 9641-i Azərbaycan, 1009-u isə Rus bölməsinin məzunlarıdır. Onun sözlərinə görə, rezidenturaya isə 949 nəfər ərizəsini təsdiq edib ki, onlardan 825-i Azərbaycan, 124-ü Rus bölməsinin məzunlarıdır:

“Bayram günlərində də sənəd vermək və təsdiq etmək mümkündür. Bəzi insanların adları və ya soyadları ilə bağlı müəyyən problemləri olur ki, onlar sənəd qəbulu komissiyalarına müraciət etməlidirlər. Sənəd Qəbulu Komissiyaları bayramlarda işləməyəcək. Lakin bayramdan sonra komissiyalar 2 gün ərzində fəaliyyət göstərəcək və problemləri həll etmək mümkün olacaq. Martın 29-dan artıq magistratura və ya rezidenturaya sənəd vermək mümkün olmayacaq”.