14.04.2017

“Bozbash Pictures”in aktyorları yol hərəkəti qaydalarını pozdular – VİDEO

“Bozbash Pictures”in aktyorları teleaparıcı İlkin Həsəni üçün evlənmə haqqında videosüjet çəkərək ona mahnı hədiyyə ediblər.

METBUAT.info Avtosfer.az-a istinadla xəbər verir ki, onlar həmin videonu sosial şəbəkələrdə paylaşıblar. Video maraqla qarşılanıb. İnsanları güldürən gənc aktyorların bu hərəkətinə yenə də gülənlər olub. Amma məsələ burasındadır ki, onlar bu süjeti avtomobildə hərəkətdə olan zaman çəkiblər və qayda pozublar.

Göründüyü kimi, avtomobil hərəkətdə olduğuna baxmayaraq, sürücü qismində nə Nicat Rəhimov (Şirin), nə Elşən Orucov (Fəlakət), nə də İlkin Misgərli (Qılman) təhlükəsizlik kəmərindən istifadə etməyiblər. Bundan əlavə, onlar sürücünün fikrini nəqliyyat vasitəsini idarə etməkdən yayındırmasında iştirak ediblər. Həmçinin sürücü də nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak edib.

“Yol hərəkəti haqqında” qanunun və İnzibati Xətalar Məcəlləsinin tələblərinə görə, bütün bunların hamısı qayda pozuntusudur. Bu tələblər həm sürücüyə, həm də sərnişinlərə aiddir. Bu tələbin pozulmasına görə isə sürücüyə 40 manat, sərnişinlərə isə 30 manat cərimə düşür.

13.04.2017

Ölkədə kim nə qədər qazanır? – CƏDVƏL

Gələcək peşəni seçərkən qazanc amili də mühüm rol oynayır.

METBUAT.info “Sputnik Azərbaycan”a istinadən xəbər verir ki, qazanc dedikdə, ilk növbədə, aylıq gəlir nəzərdə tutulur.

Azərbaycanda, eləcə də dünyada, son illər ərzində yaxşı gəlir gətirən peşələrdə müəyyən dəyişikliklər baş verib.

Məsələn, bir vaxtlar heç mövcud olmayan İT mütəxəssis hazırda yaxşı qazanc gətirən peşələrdən sayılır. Azərbaycanda hansı sənətin sahibləri və yaxud hansı işlə məşğul olanlar daha çox aylıq gəlirə sahib olurlar?

Beləliklə, aylıq maaşlar üzrə xüsusi cədvəl hazırlanıb.

Cədvəl hazırlanarkən Dövlət Statistika Komitəsinin məlumatlarından və aparılmış sorğunun nəticələrindən istifadə edilib.













U.A.

12.04.2017

Avtomobili saatda 320 kilometr sürətlə sürdü – VİDEO

Rusiyanın Moskva şəhərində sürücünün avtomobili yüksək sürətlə sürərkən çəkdiyi video sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

METBUAT.info Virtualaz.org-a istinadən xəbər verir ki, naməlum qadın sürücü “Mercedes AMG” markalı avtomobili ilə Moskva Dairəvi Avtomobil yolunda axşam saatlarında sürət yarışına çıxıb və saatda 320 kilometr sürət yığıb.

Həmin sürücü avtomobilin salonundakı videoqeydiyyatla bu anları çəkib və kadrları “Instagram”da yerləşdirib. Bu haqda REN TV bildirib.

10.04.2017

Azərbaycanın “Robinzon”u: Bu adada beş qəbir olacaq, beşinci mənim... – FOTO

- Bax, bu evin azı 100 yaşı var, gözümü açıb onu görmüşəm. Mənim atam da, atamın atası da burada yaşayıb. Ulu babalarım deyilənə görə, buralara Kuban tərəflərdən gəliblər. Niyə? Heç soruşmamışdım, düzü...

Hisdən qapqara qaralmış çaydanını götürüb, ocaq qalamağa gedir. Çünki onun yaşadığı evdə nə qaz, nə işıq var. Nə də evdə ondan başqa heç kim yaşamır. Ümumiyyətlə, onun yaşadığı bu adada ondan başqa kimsə yoxdu. Təkdi, hərdən balıqçılar bu adaya yön alır, sınıq-salxaq qayıqları ilə. Vəssalam…

Vitali deyir ki, indi hər tərəfini kol-kos basmış bu ada vaxtıyla nəinki Neftçalanın, Azərbaycanın ən yaxşı kəndlərindən olub.

- Bu adada iki kənd vardı. Biri Jarovka, biri isə Kurkosa. Eh, bütün Neftçala bizə həsədlə baxardı. Varlı-hallı yaşayardıq. Min hektarlarla üzümlük, narlıq, balıq zavodu, mal-qaranın sayı-hesabı yox, hamının da işi var. Hamı da 8 saatını işləyib səhərəcən yeyib-içib, dincəlirdi. İndi adını diskoteka qoyublar e. Hər axşam bütün kənd kluba rəqsə yığışardı. Hər halda, mən gözümü açandan buraları belə görmüşəm.

Vitali Pronin 1952-ci ildə anadan olub. Atası Vladimir fəhlə, anası Antonina klub müdiri imiş. Orta məktəbi də elə burada bitirib, əsgərliyə gedib, qayıdıb elə kolxozdaca traktorçu işləməyə başlayıb. Sonra evlənib. Amma Vitalik oğul-uşaq atası olmayıb. İki qardaşı, iki bacısı varmış. Qardaşları Valentin və İvan Moskvada, bacıları Nadejda və Qalina isə Rusiyanın Tolyatti şəhərində yaşayırlar. Biz Vitalinin qardaş və bacılarını bir daha xatırlayacağıq. Amma hələ ki, 1981-ci ilin sentyabrına qayıdaq.

Həmin il sentyabrın 14-dən etibarən Xəzər tədricən qalxmağa başladı. Amma yenə də bir müddət quruyla əlaqə qalırdı. Mən həmin vaxt kənddə olmamışam, Rusiyada Podolskda işləyirdim. Nə işləyəcəm, fəhlə. Deyəsən, noyabr ayı idi, kəndə qayıdırdım. Neftçalaya çatanda xəbər tutdum ki, yol bağlıdı. Amma müəyyən yerlərdən keçib getmək mümkün idi. Birtəhər qayıqla evimizə gəlib çıxdım. Həmin vaxt atam-anam, iki bacım, bir qardaşım bir yerdə yaşayırdıq. Böyük qardaşım Valentin bizdən ayrılmışdı, köçüb getmişdi. Bir müddət kənddə qaldım, elə traktorçu işləməyə davam etdim. 4 il sonra yenidən Rusiyaya getdim. Daha iki il keçdi, birdəfəlik qayıtdım. Çünki bacılarım ərə getmişdi, qardaşım İvan da evlənib əvvəl Bakıya, sonra isə Moskvaya köçmüşdü. Valideynlərim də xahiş etdilər ki, qayıdım, tək-tənha qalmışdılar. 2002-də həyat yoldaşımı itirdim. Bir il sonra atamı, daha sonra anamı, Antonina İvanovanı. Beləcə… Sən çayını iç, baxma ki, çaydan qapqaradı, ocaq çayıdır, samovar çayından da dadlı olur.

Bayaqdan termosda dəmlədiyi çayı fincanlara süzür. Bir siqaret də yandırıb, damağına qoyur. Gözləri yol çəkir…

- Burada təkcə darıxmırsan?

- Tək qalmağa çoxdan öyrənmişəm. Bir dəfə hələ işığım olanda “Pole Çudes”ə baxırdım. Çoxdan, lap çoxdan. Həmin verilişin qonaqları məşhur aktyorlar idi, Abdulov, Nikulin, deyəsən bir də Tixonov idi. Onda aparıcı Yakuboviç aktyorlara ən qısa lətifə danışmağı xahiş etdi. Nikulin bircə kəlmə dedi: “Bunu içək, “Pole Çudes”in sağlığına”. Hamı ayaqüstə alqışladı. Bunu içək, elə bizim bu “Pole Çudes”imizin, Kurkosamızın sağlığına. Çayını iç. Sonrasına baxarıq”.

Gülür. Bir siqaret də yandırır.

- Anam öləndən sonra tamamilə tək qaldım. Bizim kəndin qəbiristanlığını da dəniz yuyub aparıb. Mən sonradan buradan bir az aralıda təzə qəbiristanlıq saldım. Orada cəmi 4 qəbir var. Və beşdən artıq qəbir olmayacaq. Sonuncu mənim qəbrim… Mən anamın qəbrini atıb gedə bilmərəm, başa düşürsənmi? Bu qəbir mənim dərdləşdiyim yerdir. Hər gecə yuxuma girir anam və anamın qəbri. Başqa yerə gedə bilmərəm, dəli olaram.

Vitali deyir, dəniz qalxandan sonra sovet hökuməti əhalini Neftçalanın Müşfiq deyilən ərazisinə köçürdü. Evlər tikdi, iş yerləri açdı. Amma getməyənlər də oldu. Dəniz yavaş-yavaş adanı yedikcə, artıq burada qalmağın mənasının olmadığını görüb hamı adanı tərk etdi. Bircə ana-bala Proninlərdən başqa.

- Hər səhər anamla dəniz qırağına gedib, uzaqlara baxardıq. Hər qayıq gələndə anam elə bilirdi ki, indicə qardaşlarım da qayıqdan düşəcək, onun boynuna sarılacaq. Amma yazıq anam nə biləydi ki, oğlanları heç onun dəfninə belə gəlməyəcək.

- Niyə gəlmədilər ki?

- Bilmirəm, amma bacılarım onlara xəbər etmişdi. Qardaşlarımla əlaqəni 25 ildən çoxdur ki, kəsmişəm. Bircə dəfə də nə məni, nə anamı axtardılar. Heç bilmirəm harada yaşayırlar, ölüblər, qalıblar. Heç mənə lazım da deyillər. Amma bacılarım...

Bacıları Qalya və Nadya analarının yasına gəliblər. Özü də minbir əziyyətlə. Əvvəl Neftçalaya, sonra Sahil adlanan yerə, oradan da qayıqla 17 km məsafə qət edib, Kurkosaya. Və geri Tolyattiyə qayıdanda Vitaliyə az qala yalvarıb hər iki bacı: “Nə görmüsən bu adada təkcə? Daha heç kim qalmayıb, bir vəhşi atlardı, bir də bu vəhşi inəklər. Gəl aparaq səni”. Vitali isə bütün yalvarışlara rəğmən heç yerə getməyəcəyini deyib.

- Bayaq dedim, həm anamın qəbrini qoyub gedə bilməzdim, həm də yaşaya bilmərəm şəhərdə, rayonda, ümumiyyətlə, başqa yerdə. Başım götürməzdi. Yazıq qızlar ağlaya-ağlaya getdilər. Mən də onların boyunların qucaqlayıb ağladım, məndən narahat olmayın dedim. Yazıq balacamız Nadenka qayıq gözdən itənədək əl elədi (Kövrəlir).

Vitali deyir ki, adada quşların, xüsusən də flaminqoların səsindən rahatlıq tapır. Nə avtomobil səsi var, nə televizor, nə də insan səs-küyü. “Əsəblərim də yerindədir, nə başım ağrıyır, nə ürəyim”.

- Hər səhər tezdən dururam. Bax bu qara çaydanın altını odlayıb, əl-üzümü yuyuram. Səhər yeməyimi yeyib, başlayıram eşələnməyə. Nə eşələnmək? O qədər iş var ki? Toyuq-cücəni yemləyirəm. İtin, pişiyin yemini verirəm. Bax, bu yanda kartof əkmişəm - evin arxasını göstərir - orayla məşğul oluram. Sonra başlayıram tor toxumağa. Bir də görürsən, əlavə işlər də çıxır. Məsələn, evin ora-burasında problem olur. Oranı təmir edirəm, beləcə axşam düşür. Lampamı yandırıb, otururam özüm üçün. Ya da axşam gedib sahildə dayanıram. Dənizlə baş-başa. Sən gecə dalğaların səsinə qulaq asmısan? Bakıda yox e, oranın dalğalarını səsi başqa cürdür. Burada, adamsız bu adada. İnsanın ruhu dincəlir. Bir saat bəs edir, gəlib girirsən yerinə, elə rahat yatırsan ki...

Deyir yemək və eləcə də içmək tərəfdən problemi yoxdur. Balıq şorbası, əşi nə şorba e, “balıqdan 50 cür yemək hazırlayaram. Buğlama da, dolma da, ya da çöl quşlarından neçə cür təam”.

- Burada qaban da var. Amma qabandan qorxuram. Elə atlardan da. Vəhşiləşiblər. Atlar o qədər vəhşiləşib ki, artıq dəniz suyu içirlər. Onları tutub ram eləmək çox çətindir. Amma inəkləri mümkündür. Onların südü can dərmanıdır, biləsən. Kəsəndə kəsirik, amma nəyimə lazımdı, onsuz da yemək sarıdan burada problem yoxdur. Donuzlarla isə çox çətindir. Onlar adamlara cuma bilər. Yox, mənim evimdən çox uzaqdadırlar. Bu tərəflərə hərlənmirlər. Amma nə biləsən, bir də gördün rastına çıxdı. Hər halda, ehtiyatlı olmalısan. Bir də çaqqallar. Hər gecə gəlib evimin qabağında mahnı oxuyurlar. Bir saat, iki saat ulayıb gedirlər (Gülür).

- Bəs qorxmursan?

- Deyim ki, yox, yalan olar. Sürüylə gəlirlər, adama cumsalar, parçalayarlar. Amma çölə çıxmıram. Lampanı yandıran kimi həyətdən yox olurlar. Bilirsən niyə gəlirlər bura? Həyətdəki buzovlara görə. İnək doğan kimi elə bil iy bilirlər. Elə olub ki, inək çöldə doğub, balası qalıb ortada. Özü gedib otlamağa. Çaqqallar cumub parçalayıblar. Sonradan o inəyin səsindən səhərə kimi yata bilməmişəm. Yazıq balasını axtarır axı. Bir dəfə təzə doğulan buzovu 4-5 çaqqalın əlindən alıb evə gətirmişəm. İnək balasının dalınca gəlib onu həyətdə tapdı. Necə yalayırdı balasını...

- Bəs atlar?

- Atlar çox çətin məsələdi. Burada hardasa min başa qədər at olar. Bəzən balıqçılar necəsə tutub aparırlar, quruda əhilləşdirirlər. Amma nadir hallarda olur belə. Onları ram etmək çox çətindir. Həm də qorxuludur. Çünki vura bilər. Hərəsi 300-400 kiloqramdır. Vursa, adamı öldürər.

Deyir, həftədə, on gündə bir dəfə sahilə balıqçılar çıxır. Ona lazım olan ərzağı da onlar alıb gətirilər.

- Çay, qənd, paltar yumaq üçün lazım olanları. Qalan hər şey var burada. Bir az yaşlaşmışam, əlacım olsa taxıl da əkərəm. Ucsuz-bucaqsız yerdi. Amma yoruluram, baxa bilmərəm. Sən bilirsənmi, burada necə şirin su çıxır. Balıqçılar bidonlarla aparılar suyu buradan. Çox gözəl suyu var. Duraq iki metr qazaq, su fontan vuracaq. İnəklər də elə şirin suya gəlirlər. Onlar dəniz suyu içə bilmirlər. Bir də görürsən, yüzü birdən gəldi inəkli-buzovlu. Buranın hər yanı dənizdir, amma Allahın möcüzəsidir, haranı qazsan, şirin su çıxır.

- Bəs dünyadan, olan-qalandan necə xəbər tutursan?

- Gələnlər danışır. Həm də nəyimə gərəkdi dünya, o, bu. Lazımım olsaydı, gedib Neftçalada yaşayardım da. Başım dinc, qulağım dinc. Rayonda da evim var. Heç pensiyamın dalınca da getmirəm. Bilmirəm nə qədərdi. Zahid (balıqçı dostu) deyir ki, 180 manatdır. Kartım da ondadır. Lazım olanı alıb gətirir.

Evi üç otaqlıdır. Deyirəm, evdən balıq iyi gəlir. Gülür, “bəs nə iyi gəlsin?” Köhnə şifoner, şkaflar, çarpayı, eyvandakı yaşı bəlkə də əllini, altmışı ötmüş məişət əşyaları. Hətta üzərində “1924-cü il” yazılmış daş ütü də var. Pəncərənin önünə onlarla alışqan düzüb.

- Neynirsən bunları?

- İnan ki, hamısı xarabdır. Amma bir də görürsən möcüzə baş verir axı. Qəfil alışqanım qurtarır, kibritim yoxdur. Gəlirəm bu pəncərənin önünə, bir-bir yoxlayıram. Və möcüzə baş verir, biri yanır.

- Bəs bu əmzik nədir?

- Onu dəniz vurub çıxarmışdı sahilə. Götürüb gəldim evə.

- Nəyinə lazımdır ki?

- Nə bilim, uşaqları, onlara aid əşyaları çox sevirəm. Mənim övladım olmayıb, bəlkə də ona görədir. Qalıb da burada, kimə nə maneçiliyi? Bəlkə nə vaxtsa bura bir uşaq da gələr. Əmziyi isə evdə qalmış olar... Nə isə. Götür, xoş gəlmisən. Vuraq e. Mənə fikir vermə, sən ye. Özü də çox ye. Çünki bir azdan acacaqsan, burada hava adamı tez acdırır…

Bayaqdan Vitaliylə Azərbaycan dilində danışırıq. Tərtəmiz bilir Azərbaycan dilini. Deyir ana dilimdi də, necə olmalıdır ki?

- Mən rus dilini unuduram yavaş-yavaş. Kiminlə danışacam ki? Heç azərbaycanca danışmağa adam tapa bilmirəm (Gülür).

Darvazada sağollaşırıq. Bayaqdan, Allah bilir, neçənci siqaretini yandırır.

- Sənə bir “Cümə” lazımdı, Vitya. Belə çətin olacaq sənə.

Gözlərini qıyıb, ürəkdolusu gülür.

- “Cümə” lazım olanda rayona gedirəm… O da ildə bir dəfə, iki dəfə… (Yenə bic-bic gülür)

Və qəfil:

- Vitya ayın neçəsidi?

Çiçək açmış alça ağacına baxır:

- Aprel ayıdır…

Şər düşür. Geri qayıtmalıyıq. Bu tənha adam yenə tənha ada ilə baş-başa qalacaq. Atlar, inəklər, qabanlar arasında. Öz evində, tək-tənha. Bir azdan hisli lampasını yandıracaq, bəlkə də dəniz qırağına gedəcək dalğaların səsinə qulaq asmağa. Və ən əsası, buranı heç vaxt tərk etmək istəməyəcək. Çünki bura onun vətənidir.









































9.04.2017

SSRİ dövrünün 5 qəpikləri sizi milyonçu edəcək – QİYMƏT

Peşəkar numizmatlar müasir pulların yavaş-yavaş sıradan çıxacağını bilirlər. SSRİ zamanında dövriyyədə olan sikkələr hər kəsin evində var. Ağlınıza belə gəlməz ki, etinasız yanaşdığınız sikkələr gələcəkdə nə qədər qiymətli olacaq.

Xüsusilə əlinizdə SSRİ dövrünün 5 qəpikləri varsa, onları itirməyin, kolleksiyalar inanılmaz qiymətə satılacaq.

METBUAT.info publika.az-a istinadən sizə həmin qiymətləri təqdim edir:

5 qəpik (1924) qiyməti 12 dollar.
5 qəpik (1927) qiyməti 100-120 dollar.
5 qəpik (1929) qiyməti 20 dollar.
5 qəpik (1933) qiyməti 550 dollar.
5 qəpik (1934) qiyməti 85-100 dollar.
5 qəpik (1935) qiyməti 90 dollar.
5 qəpik (1935) qiyməti 25 dollar.
5 qəpik (1936) qiyməti 10 dollar.
5 qəpik (1937) qiyməti 15 dollar.
5 qəpik (1945) qiyməti 15 dollar.
5 qəpik (1947) qiyməti 900 dollar.
5 qəpik (1951) qiyməti 10 dollar.
5 qəpik (1958) qiyməti 1200 dollar.
5 qəpik (1965) qiyməti 17 dollar.
5 qəpik (1966) qiyməti 20 dollar.
5 qəpik (1969) qiyməti 16 dollar.
5 qəpik (1970) qiyməti 100 dollar.
5 qəpik (1971) qiyməti 15 dollar.
5 qəpik (1972) qiyməti 15 dollar.
5 qəpik (1990) qiyməti 80 dollar.

Bakıda 22 yaşlı qızın mədəsindən çıxanlar həkimləri şoka saldı – VİDEO

Azərbaycanda keçirilmiş əməliyyat zamanı mədədən çıxan bu uzunluqdakı saç topası hər kəsi şoka salıb. Çünki nadir hesab olunan oxşar hadisələr zamanı əvvəllər mədədən maksimum 2 kiloqram yad cisim xaric edilib.

METBUAT.info Xəzər Tv-yə istinadən xəbər verir ki, 22 yaşlı qadının mədəsindən çıxan saç topası, yəni bezuar isə 3,8 kiloqram, üstəlik 3 metrdən uzun olub. Xəstəni əməliyyat edən cərrah, tibb elmləri namizədi Zahid Zahidov qeyd edir ki, bu, ölçüsünə görə dünyada ilk belə hadisədir.

Əməliyyat edilmiş 22 yaşlı qadın psixatrik xəstəxanalardan birindən göndərişlə klinikaya daxil olub. Onun mədəsində belə bir cismin əmələ gəlməsi də məhz onun psixi problemləri ilə əlaqəli olub.

Xəstə əməliyyatdan 5 gün sonra evə buraxılıb və hazırda vəziyyətinin normal olduğu bildirilir. Amma həkim qeyd edir ki, qadın yenidən saç yeməyə başlasa, mədəsində yenidən eyni problemin yaranması qaçılmaz olacaq.

3.04.2017

Fırtına köpəkbalığını avtomobil yoluna çıxardı – VİDEO

Avstraliyanın Kvinslend ştatının Er şəhərində xilasedicilər və yanğınsöndürənlər regiona düşən Debbi fırtınasının avtomobil yoluna atdığı köpəkbalığını tapıblar.

METBUAT.info musavat.com-a istinadən xəbər verir ki, bu barədə məlumat “Brisbane Times”da yer alıb. Məlumata görə, ələ keçirilən zaman təhlükəli yırtıcı ölü olub.

Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi əhalini ehtiyatlı olmağa çağırıb.

Azərbaycanda qız qaçırmağa münasibətiniz necədir? – VİDEOSORĞU

1news.az informasiya agentliyi yeni SOS (Sosial Sorğu) adlı layihəsini təqdim edir.

METBUAT.info xəbər verir ki, layihə çərçivəsində müxbir Emil Nəsirov paytaxt sakinləri ilə ən aktual mövzularla bağlı sorğu keçirir.

Budəfəki müzakirələrin mövzusu olduqça həssasdır. Belə ki, şəhər sakinlərinə “Azərbaycanda qız qaçırmağa münasibətiniz necədir?” sualı ilə müraciət edib.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 144.1 maddəsinə görə, Azərbaycanda insan oğurluğu beş ildən on ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

2.04.2017

Dünyanın qeyri-adi hotelləri – FOTO

2017-ci ilin əvvəlindən dünyanın müxtəlif yerlərində hotel, mehmanxana və hostellər açılıb. Onların sırasında yetərincə qeyri-adi olanlar var. Bəziləri qonaqları xüsusi dizaynı, digərləri təqdim edilən xidmətlər və hətta məkanın ölçüləri ilə təəccübləndirmək qərarına gəlib.

METBUAT.info Lenta.ru-ya istinadən son bir neçə ay ərzində ilk turistlərini qəbul edən maraqlı hotelləri təqdim edir.



“The Book and Bed Tokyo-Kyoto” (Kioto, Yaponiya) kitab hostelində yataq yerləri kitab rəflərində yerləşir. Hər seksiyada lampa və pərdə var.



Tel-Əvivdə Frişman çimərliyində xilasediclərin qülləsində quraşdırılan ilk hotel yalnız 10 gün 15-25 mart tarixində fəaliyyət göstərib. Bu hoteldə yalnız müsabiqədə iştirak edərkən yaşamaq mümkün olub.



Məşhur ingilis rəssamı Benksinin də artıq öz hoteli var. “Walled Off Hotel” hoteli Fələstin və İsrail sərhədində açılıb. Hoteldə doqquz adi və bir syut var. Hotelin otaqlarının divarlarını Benksinin əsərləri bəzəyir.



“The 7th Room ” hotelini Laplandiyada meşədə inşa ediblər. Ənənəvi Skandinaviya evini xatırladan ev, 10 metr hündürlükdə 12 sütun üzərində qurulub. Ümumi sahəsi 55 kvadratmetrdir.



Maldiv adalarında dəbdəbəli hotellərin açılışı adi haldır. Amma “Hurawalhi Island Resort” beşulduzlu hotel sualtı restoranı ilə qürrələnə bilər. Masalar şəffaf tuneldə yerləşdirilib, dəniz məhsulları yalnız menyuda deyil, eləcə də ətrafdadır.



İspaniyanın “In-Tenta” dizayner şirkəti hotel deyil, portativ mehmanxana otağı icad edib. “Drop box” adı alan konstruksiya dörd nəfər üçün nəzərdə tutulub. İki yataq otaqlı variant nəzərdə tutulub. Nömrədə vanna otağı və terras var.



İlin əvvəlində Sinqapurun mərkəzində “Oasia” hoteli qonaqlarını qəbul etməyə başlayıb. 27 mərtəbəli bina təbii bitki örtüyünə malikdir. Hoteldə 314 nömrə var, burada ofis və mağaza fəaliyyət göstərir.


Yaponiyanın “Henn na Hotel” hotelində martın ortasında, demək olar ki, əməkdaşlar olmur. Qeydiyyat masasında çalışan qızları və digər əməkdaşları robotlar əvəz edir.



“The Breakers” hoteli 1896-cı ildən fəaliyyət göstərir. Doğrudur, həmin dövrdə hotel “The Palm Beach Inn” adlanırdı. “The Flagler Club” hoteli isə bu yaxınlarda açılıb. Dünyada ilk dəfədir ki, bir hotelin içində başqa bir hotel açılır. Nömrələrin qiyməti isə burada 2,1 min dollardan başlayır.



Yük konteynerlərindən inşa edilən“Quadrum” hoteli martın əvvəlində Gürcüstanda açılıb. Qudauri məşhur dağ-xizək kurortudur. Hotel turistlərə bir nəfərlik və ailəvi, eləcə də lyuks nömrələr təklif edir. Bundan başqa, hovuz və sauna da xidmətinizdədir.

Dubay haqqında məyusedici həqiqətlər – SİYAHI

Dubay dünyanın ən maraqlı və heyranedici şəhərlərindən biridir. Bütün bu dəbdəbəli göydələnlər, bahalı avtomobillər və tonlarla qızıl, əlbəttə ki, təəssürat yaradır. Bundan başqa, Dubayda il boyu hava gözəl olur! Amma Günəşdə də ləkələrin olduğu məlumdur. Dəbdəbəli Dubayın simasına xələl gətirən bu ləkələrdən danışacağıq.



Fəhlələr gün ərzində 14 saat işləyirlər, həm də dəhşətli istidə
Dubay sürətli templərlə inkişaf edir və tikilir. Təbii ki, inşaat üçün işçi qüvvə lazımdır. Bu insanlar çox ağır şəraitdə işləyirlər. Sutkada 14 saat və çox zaman da dəhşətli istidə, yayda temperatur 48 dərəcəyə çata bilir.



Cəmiyyət içində öpüşə görə həbs cəzası
Dubayda çəkilən bəzi cəsur şəkillər yanlış təsəvvür yarada bilər, bu şəhərdə liberal qaydalar hökm sürmür. Məsələn, ictimai yerlərdə öpüşmək qadağandır. Öpüşmək nədir, hətta əl-ələ gəzmək də olmaz. Bu qaydaları pozan turistlər cərimə ödəməli və hətta həbsxanaya düşə bilərlər.



Seks-köləlik
Seks, narkotik və alkoqol ilə bağlı olan hər şeyə qarşı qanun sərtdir. Küçədə əlləri açıq gəzdiyi üçün xanımların problemi yarana bilər. Amma gecə düşdükdən sonra hər şey dəyişir. Dünyada ən qədim sənət Dubayda çiçəklənir: burada 500 dollara 1 saatlıq xidmət təklif edən 30000 fahişə var.



Su ehtiyatının israfı
Dubay səhrada yerləşir, deməli, içməli su ilə əlaqədar problemlərdən xəbərdardırlar. Əlbəttə, əgər pulu ağacdan dərirlərsə, narahatçılığa əsas yoxdur, ən pisi isə odur ki, burada ümumiyyətlə, suya qənaət etmirlər.



Neft tükənərsə, Dubay çökəcək
Qara qızılınız bol olduğu halda səhranın ortasında cənnət-məkan qurmaq elə də çətin deyil. Əslində bütün Yaxın Şərq, eləcə BƏƏ bunun sayəsində ayaqda durur. Amma bu daima davam edə bilməz! 20 ildən sonra neft tükənməyə başlayacaq və ya onun qiyməti elə bahalaşacaq ki, insanlar alternativ enerjidən istifadə etməyə başlayacaqlar. O zaman Dubayın sabun köpüyü partlayacaq.



İrqçilik
XXI əsrdə yaşayırıq, insanlar artıq irqçiliyi norma hesab etmirlər. Amma bəşəriyyət istisnalar etməyə hazırdır. Məsələn, deyəsən, irqçiliyin Dubayda hərəkətverici qüvvə olduğu heç kimə maraqlı deyil. Bu şəhərdə qaydalar sərtdir, insanın pasportu ona qarşı münasibəti müəyyənləşdirir. Yəni insanlar bilik və bacarıq əsasında deyil, milliyyəti əsasında məvacib alırlar.



Ağır iş şəraiti
Kənardan Dubay gözəl görünür, amma bir qədər dərinə getsək, burada iş şəraitinin çox ağır olduğunu görərik. Gözəl həyat haqqında arzular burada ağır iş, təhqir və az məbləğli maaşa çevrilir.



Ətraf mühitə qarşı laqeydlik
Şəhərdə daimi inşaatlar kanalizasiya sularının və kimyəvi tullantıların həcminin artmasına gətirib çıxarır. Ətraf mühitin mühafizəsi və təmizləmə sistemlərinə pul xərcləməyə isə heç də hamı razılaşmır. Onlar daha çox bu tullantıları harasa, məsələn, elə birbaşa dənizə tökməyə üstünlük verirlər.



Sürətli avtomobillər – yollarda sürətli ölüm
Dubay yollarında bahalı avtomobillər çoxdur! Onların sırasında nadir və çox bahalı avtomobillərə rast gəlmək olar. Avtomobil sürmək isə burada həyat üçün təhlükəlidir. Belə ki, sürücülərin əksəriyyəti incə davranış və yol hərəkəti qaydalarına riayət etməkləri ilə seçilmirlər.



Dubayda hər şey sünidir
Dubayda işləyən və yaşayanlar orada – süni ağaclardan başlamış simalarda olan saxta gülüşlərə qədər hər şeyin süni olduğunu deyirlər. Zənginlər Dubayı yalnız süni məkan kimi inşa ediblər. Əgər Dubay insan olsaydı, bu minlərlə plastik əməliyyat keçirmiş və dəmirdən ürəyi olan bir adam olardı.



Pulu olmayanlara qarşı qanun burada çox sərtdir
Dubayda dəbdəbəli gecələr, avtomobillər və zəngin insanlar çoxdur. Amma bədbəxt və heç kimə lazım olmayan insanlar da az deyil. Əgər şirkət biznesdə problem yaşayırsa, o zaman onun əməkdaşları da problemlərlə üzləşir, onların evləri əllərindən alınır, bəziləri hətta həbsxanaya da düşürlər.



Sonapur – Dubayda iş gettosudur
Sonapur – Dubayın kiçik rayonudur, buranı kasıb fəhlələrin evi də adlandırmaq olar. Bəzi dəyərləndirmələrə görə, Sonapurda 150000 fəhlə çalışır.



Vəhşi heyvanlar Dubayda heç də vəhşi deyil
Dubayda bəzi insanlar pullarını xərcləməyə yer tapmırlar. Kimi qızıl avtomobil alır, kimi dollarla dolu hovuzda çimir. Şeyxləri itlər və ya pişiklər artıq əyləndirmir, ona görə də onlar pələng, bəbir və ya başqa ekzotik heyvanlar alırlar. Heyvanların əzab çəkdiyi isə onları maraqlandırmır.



Söz azadlığı Dubayda – mifdir
Dubayda insanlar öz fikirlərini yalnız hökumətin fikri ilə uzlaşdığı müddət boyunca səsləndirmək olar. Əks halda, məxfi polis işini yerinə yetirərək “qiyamçıya” iki variant: ya susmağı, ya da ki, əlində olan hər şeyi itirməyi təklif edəcək. Hökumətlə mübarizə aparmaq, demək olar ki, faydasızdır, xüsusilə də əgər nəzərə alsaq ki, BƏƏ-nin əhalisinin 80 faizi mühacirlərdir. Dubayda 20, 50, hətta 100 il də yaşasanız, bunun xeyri yoxdur. Ona görə də əgər siz həddən artıq çox danışırsınızsa, deportasiya edilə bilərsiniz, vəssalam. (Mənbə: oxu.az)