13.04.2017

İslamiadanın su səyahətinin Sabirabad mərhələsi başlayıb

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin Sabirabad mərhələsi başlayıb.

METBUAT.info APA-ya istinadən xəbər verir ki, Sabirabadda səyahət Suqovuşan kəndindən - Kür və Araz çayılarının qovuşduğu yerdən start götürüb.

Sərbəst güləş üzrə Avropa çempionu Seyfulla Mehdiyev, MMA üzrə dünya çempionatının qızıl medal mükafatçısı Azad Əsgərov və 10 yaşlı Sabirabad məktəblisi, futbol və rəsm həvəskarı Tahir Quliyev Kür və Araz çayılarının qovuşduğu yerdən su götürüblər. Sonra səyahət iştirakçıları Sabirabad şəhərinə yola düşüblər. Mərasim bu gün saat 20:00-da Sabirabad şəhərindəki Heydər Əliyev meydanında su festivalı ilə davam edəcək.

Qeyd edək ki, Xəzərdən başlayan səyahət marşrutu Azərbaycanın 15 şəhər və rayonundan keçəcək və yürüş mayın 12-də Bakı Olimpiya Stadionunda başa çatacaq.

Ronaldodan növbəti rekord

“Real Madrid”ın futbolçusu Kriştiano Ronaldo növbəti rekorda imza atıb.

METBUAT.info-nun Trend-ə istinadla məlumatına görə, portuqaliyalı hücumçu bunu Çempionlar Liqasının 1/4 finalının “Bavariya” ilə ilk oyununda gerçəkləşdirib.

Belə ki, 32 yaşlı hücumçu görüşdə dubl edərək avrokuboklardakı qol sayını 100-ə çatdırıb. Bunu isə hələ ki, heç kim bacarmayıb. 98 dəfə ÇL-də fərqlənən Kriştiano 2 dəfə UEFA superkubokunda qol vurub.

Qeyd edək ki, Ronaldo ÇL-də son qolunu ötən ilin sentyabrında Dortmund “Borussiya”sına vurmuşdu.

12.04.2017

“Real” “Bavariya” ilə oyundan öncə ciddi itki ilə üzləşib

Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində bu gün “Bavariya”nın qonağı olacaq “Real” ciddi itki ilə üzləşib.

METBUAT.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, “kral klubu”nun aparıcı futbolçusu Kərim Benzema matçı buraxmaq ehtimalı ilə üz-üzədir. Belə ki, fransalı futbolçu komandasının oyun öncəsi son məşqində iştirak etməyib. Onun qarşılaşmada iştirak edib-etməyəcəyi hələlik dəqiqləşməyib.

Qeyd edək ki, “Bavariya” – “Real” oyunu bu gün Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

11.04.2017

AFFA Azərbaycan - Almaniya matçından əldə etdiyi gəliri açıqlayıb

AFFA Azərbaycan və Almaniya milli komandaları arasında martın 26-da keçirilmiş 2018-ci il dünya çempionatının seçmə qrup matçından əldə etdiyi gəliri açıqlayıb.

METBUAT.info-nun AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu məbləğ 204 min 691 manat təşkil edib. Bura bilet və “SkyBox” satışı, həmçinin hospitality (qonaqpərvərlik) xidmətindən ƏDV ilə birgə daxil olan vəsait aiddir.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş görüş Almaniya yığmasının qələbəsi ilə yekunlaşıb - 4:1.

“Kəpəz” – “Neftçi” qarşılaşması yeni rekordla əlamətdar olub.

METBUAT.info-nun Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, Gəncə şəhər stadionunda keçirilən oyunu 10 min tamaşaçı izləyib.

Bu da mövsümün 2017-ci ilə aid hissəsi üçün rekord göstəricidir. Ümumilikdə isə mövsümdə 4-cü dəfə bir qarşılaşmaya 10000 və ya daha çox tamaşaçı toplaşıb. İlk üç oyun da Gəncə stadionunda baş tutub. Həmin görüşlər mövsümün ilk yarısına təsadüf edib.

“Kəpəz”in evdə “Qarabağ”la oyununu 14238, “İnter”lə matçını 10650, “Zirə” ilə görüşünü 10000 seyrçi izləyib. Mövsümün 3-cü göstəricisinin təkrarı olan “Kəpəz” – “Neftçi” matçı qış fasiləsindən sonrakı dövr üçün mütləq rekorddur.

Qeyd edək ki, “Kəpəz” – “Neftçi” ilə ev oyununda 2:0 hesabı ilə qalib gəlib.

İslamiadanın su səyahətinin Şirvan mərhələsi başlayıb

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin Şirvan mərhələsi başlayıb.

METBUAT.info APA-ya istinadən xəbər verir ki, Şirvana səyahət Kür çayının Şirvandan keçən ərazisində, İsmət Qayıbov adına parkdan start götürüb.

Sərbəst güləş üzrə Azərbaycanın əməkdar məşqçisi İsmayıl Həşimov, taekvando üzrə respublika mükafatçısı Arif Şükürovun müşayiəti ilə Şirvan şəhəri 10 saylı orta məktəbin şagirdi Səma Əliyeva Kür çayından su götürüblər. Sonra səyahət iştirakçıları Şirvan şəhərinə yola düşüblər.

Mərasim bu gün 20:00-da Şirvan şəhərindəki Heydər Əliyev meydanında konsertlə davam edəcək.

Qeyd edək ki, Xəzərdən başlayan səyahət marşrutu Azərbaycanın 15 şəhər və rayonundan keçəcək və yürüş mayın 12-də Bakı Olimpiya stadionunda başa çatacaq.

10.04.2017

Azərbaycan cüdoçuları Avropa kubokunda 1-ci olublar

Çexiyada yeniyetmələr arasında cüdo üzrə Avropa kubokuna yekun vurulub.

METBUAT.info Report-a istinadla xəbər verir ki, yarışın sonuncu günü Azərbaycan milli komandası aktivinə daha 2 medal yazdırıb.

Ölkəmizi +90 kq çəki dərəcəsində təmsil edən Məhəmməd Abdullayev bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. 90 kq çəki dərəcəsində mübarizə aparan Cəfər Əkbərli isə mötəbər turnirin bürünc medalına sahib olub.

Bununla da, ümumilikdə 4 qızıl, 1 gümüş və 2 bürünc medal qazanaraq yarışın yekun nəticələrinə görə millimiz Avropa kubokunu komanda hesabında birinci yerdə başa vurub.

Qeyd edək ki, 31 ölkədən 678 idmançının (422 oğlan, 256 qız) mübarizə apardığı Avropa kubokunda Azərbaycan milli komandası 28 yeniyetmə cüdoçu (24 oğlan, 4 qız) ilə təmsil olunub.






















A.S.

3.04.2017

“Barselona” “Qranada”nı böyük hesabla məğlub edib – VİDEO

İspaniya La Liqasında 29-cu turun oyunları davam edir.

METBUAT.info Sportal.az-a istinadən xəbər verir ki, “Barselona” səfərdə “Qranada”nın qonağı olub.
Qarşılaşma Kataloniya təmsilçisinin 4:1 hesablı qələbəsiylə başa çatıb.

Məlumat üçün qeyd edək ki, oyun zamanı Neymar özünün 100-cü qolunu vurub.

Qollar: Jeremi Boqa, 50 - Luis Suares, 44, Fransisko Alkaser, 64, İvan Rakitiç, 83, Neymar, 90+3

Qırmızı vərəqə: Uçe Henri Aqbo, 82

Messini belə görməmisiniz – VİDEO

Barselona Futbol Klubu “Qızıl Top” mükafatını 4 il dalbadal qazanan Lionel Messinin gənclər komandasında oynayan zaman çəkilən videogörüntüsünü yayıb.

METBUAT.info xəbər verir ki, Messinin U-16 komandasında bu görüntüləri ilk dəfə yayılıb. Argentinalı burada 9, 10 və 15 nömrəli oyunçu kimi çıxış edib. Komandanın baş məşqçisi sonradan “Dinamo” (Tbilisi) klubu ilə işləyən Aleks Qarsiya olub.

13 yaşı olanda, 2000-ci ildə Lionel Messi “Barselona”nın futbol fabriki olan “La Masia”ya gəlib. 4 il sonra Messi artıq “Barselona”nın Sequndada çıxış edən B komandasında forma geyinməyə başlayır və həmin ildə forvard “Barselona”nın əsas komandasında da debüt edir.

1.04.2017

Nazarovdan Zidansayağı zərbə – VİDEO

Milli komandamızın üzvü Dmitri Nazarovun çıxış etdiyi “Aue” Almaniya II Bundesliqasının son turunda öz meydanında “Sankt Pauli” ilə qarşılaşıb.

METBUAT.info “Qafqazinfo”-ya istinadən xəbər verir ki, matç ev sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunun 27-ci dəqiqəsində Nazarovun Zidansayağı zərbəsindən top rəqibə dəysə də, komanda yoldaşı möhtəşəm zərbə ilə gözəl qola imza atıb.

31.03.2017

“Neftçi” yubileyində “Qarabağ”a məğlub olub – VİDEO

“Qarabağ” komandası futbol üzrə Azərbaycan Kubokunun ilk yarımfinal matçında “Neftçi”ni məğlub edib.

METBUAT.info Xəzər Tv-yə istinadən məlumat verir ki, Ağdam klubu rəqibini iki cavabsız qolla üstələyib.

“Neftçi”nin 80 illik yubileyi ilə bağlı təşkil edilən tədbirlərə təsadüf edən matçda Azərbaycan Kubokunun son qalibi olan “Qarabağ” ilk hissədə əcnəbi futbolçularının vurduğu qollarla qələbə qazanıb – 2:0. Qurban Qurbanovun rəhbərlik etdiyi komandanın heyətində Muarem Muaremlə Dino Ndlovu fərqləniblər.

Sabahdan İslamiadada iştirak edənlər Azərbaycana vizasız gələcəklər

Sabahdan IV İslam Həmrəyliyi Oyunlarının təşkilində və keçirilməsində iştirak edən şəxslər, Oyunların iştirakçıları viza almadan Azərbaycana gələ biləcəklər.

METBUAT.info xəbər verir ki, APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin “IV İslam Həmrəyliyi Oyunlarının təşkili və keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” 2 mart 2017-ci il tarixli sərəncamında əksini tapıb.

Sərəncama əsasən, müvafiq qaydada akkreditasiyadan keçmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2017-ci il aprelin 1-dən iyulun 1-dək pasport və ya digər sərhədkeçmə sənədləri və akkreditasiya kartı əsasında viza almadan Azərbaycana gələ və Azərbaycandan gedə bilərlər.

IV İslam Həmrəyliyi Oyunlarının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan ərazisində əmək fəaliyyətinə cəlb edilən və müvafiq qaydada akkreditasiyadan keçmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün iş icazəsinin alınması tələb olunmur.

30.03.2017

FİFA dünya çempionatlarında Avropa ölkələrinin sayını artıracaq

Beynəlxalq futbol federasiyası (FİFA) futbol üzrə 2026-cı ildə keçiriləcək dünya çempionatında Avropa ölkələrinin sayını artıracaq.

METBUAT.info-nun xəbərinə görə, bu barədə martın 30-da qurumun rəsmi saytında məlumat verilir.

Qərar Sürixdə təşkilatın prezidenti və altı konfederasiya rəhbərinin daxil olduğu FİFA Şurasının iclasında qəbul edilib.

Toplantıda ilk dəfə 48 yığmanın iştirak edəcəyi 2026-cı il dünya çempionatına yerləri bölüşdürüblər.

FİFA “DÇ-2026”da yerləri belə bölüşdürməyi təklif edir: Avropa Futbol Assosiyasiyaları İttifaqı (UEFA) - 16, Afrika Futbol Konfederasiyası (CAF) - 9, Asiya Futbol Konfederasiyası (AFC) - 8, Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) - 6, Şimali və Mərkəzi Amerika və Karib dənizi hövzəsi Futbol Assosiasiyaları Konfederasiyası (KONKAKAF) - 6, Okeaniya Futbol Konfederasiyası (OFK) - 1.

Daha iki vəsiqə isə altı komanda arasında play-off mərhələsində oynanılacaq.

“Qəbələ” ilk oyunda “İnter”i məğlub edib – VİDEO

Futbol üzrə Azərbaycan kubokunda yarımfinal mərhələsinə start verilib.

METBUAT.info-nun məlumatına görə, günün ilk qarşılaşmasında paytaxt təmsilçisi “İnter” “Qəbələ” klubunu qəbul edib.

Matç qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə hesabı 15-ci dəqiqədə Daniel Subotiç açıb. Xorvatiyalı penalti zərbəsini dəqiq yerinə yetirib.

Meydan sahibləri bu qoldan üç dəqiqə sonra bərabərliyi bərpa ediblər. Adrian Skarlatake adını tabloya yazdırıb.

Qəbələ təmsilçisi 48-ci dəqiqədə yenidən hesabda önə keçib. Subotiç dubla imza atıb. Görüşdə son nöqtəni isə 88-ci dəqiqədə Filip Ozobiç qoyub.

Bu komandalar arasında cavab oyunu aprelin 5-də Qəbələdə keçiriləcək.

Bakıda daha bir avtomobil yarışı keçirmək istəyirlər

“Formula E”-nin baş direktoru Alehandro Aqaq Bakıda elektromobillərin yarışını keçirmək niyyətindədir.

METBUAT.info bu barədə Haqqin.az-a istinadən xəbər verir.

“Formula E” genişlənməyə davam edir. Doqquz istehsalçı 2018/19 mövsümündə iştirakını təsdiqləyib. Hazırda “Formula E” gələn ilin təqvimini hazırlamaq üçün yarışların keçiriləcəyi yeni şəhərlər axtarır. Bununla əlaqədar Alehandro Aqaq izah edib ki, elektrik bolidləri Bakı və Şanxaya gətirmək niyyətindədir. Onun fikrincə, bu iki şəhər “Formula E”-nin Asiyada yayılmasına yardım edəcək. Belə ki, bu mövsümdə Asiya regionunu yalnız Honqkonq təmsil edir.

“Yarışın cəlbedici çempionat olmasında maraqlıyıq. Biz daha maraqlı və vacib şəhərlərə səfər etmək istəyirik. Hesab edirik ki, Bakı yarışlarımız üçün uyğunlaşdırılıb. Bu, “Formula E”-nin inkişaf edə biləcəyi gözəl şəhərdir. Biz ictimaiyyətin “Formula 1”-ə böyük ümidlər bəslədiyi Azərbaycana getmək istərdik. Biz həmçinin “Formula E”-nin Çində də inkişaf imkanını təhlil edirik. Şanxayda yarışlar keçirmək istəyirik. Bu, variantlardan biridir”, - Aqaqın sözlərini motor.es sitat gətirib.

“Formula E” – elektrmobillərin yarışıdır. Yarış 2012-ci ildə təsis edilib və Beynəlxalq Avtomobil Federasiyası tərəfindən (FİA) sanksiyalaşdırılıb.

“Formula E”-nin 2016/17 mövsümü Honqkonq, Mərakeş, Beunos-Ayres, Mexiko, Monte-Karlo, Paris, Berlin, Brüssel, Nyu-York və Monrealda (ABŞ və Kanadada hər ölkədə iki mərhələ olmaqla) keçiriləcək 12 mərhələdən ibarət olacaq.

“Bakıda 2016-cı ildə keçirilən ilk yarış “Formula 1” üçün uğurlu olub. Azərbaycan isə avtomobil idmanı üçün formalaşan bazardır. Bakı gözəl şəhər və avtoidman üçün yeni bazardır. İlk yarış çox möhtəşəm keçdi. Mən televizorda yarışları çox diqqətlə izləyirdim, orada olanlar isə mərhələnin ideal şəkildə təşkil olunduğunu deyirdi”, - Aqaq bildirib.

Azərbaycanda azarkeşlər auditoriyası inkişaf edir, hazırda keçənilki ilə müqayisədə beş dəfə artıq bilet satılıb. Avtoidman üçün yeni ərazilərdə yarışların keçirilməsi, yeni tamaşaçıların cəlb edilməsi çox vacibdir”.

“Qarabağ” Volkan Dəmirəli transfer edir?

“Qarabağ” “Fənərbaxça”nın qapıçısı Volkan Dəmirələ 2 illik müqavilə təklif edib.

METBUAT.info “Qafqazinfo”-ya istinadən xəbər verir ki, belə iddia ilə Türkiyə mətbuatı çıxış edib.

Lakin Volkan Dəmirəl “son ana qədər “Fənərbaxça”da qalmaq üçün çalışacağam” deyib və Azərbaycan klubunun təklifini geri çevirib.

28.03.2017

Avropa çempionatının ilk günü güləşçilərimiz üçün uğurlu olub

Macarıstanın Sombateli şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatı start götürüb.

METBUAT.info-nun Report-a istinadən məlumatına görə, ilk yarış günündə 57 kq, 65 kq, 74 kq və 97 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizə aparıblar.

Azərbaycan təmsilçiləri 1 qızıl, 1 bürünc medal qazanıblar. Avropa çempionu adını 65 kq çəkidəki Teymur Məmmədov qazanıb. Rusiya, Slovakiya, Ukrayna və İsveçrə pəhləvanları üzərində qələbədən sonra T.Məmmədov finala yüksəlib.

Həlledici görüşdə türkiyəli Haydar Yavuz zədəsini səbəb göstərərək, mübarizə aparmaqdan imtina edib. Bu səbəbdən Azərbaycan təmsilçisi qalib elan olunub.

Bürünc medalı 74 kq çəkidə yer alan İsmayıl Abdullayev əldə edib. İlk iki görüşündə isveçli və litvalı rəqiblərini üstələyən Abdullayev yarımfinalda fransalı pəhləvana yenilib. Lakin 3-cü yer uğrunda qarşılaşmada o, belaruslu Andrey Karpaçı 12:11 hesabı ilə yenib məğlub edib.

57 kq çəkidə yarışan Pərviz İbrahimov bürünc medal qarşılaşmasında ukraynalı Andrey Yatsenkoya uduzaraq, 5-ci yerlə kifayətlənib. 97 kq çəkidəki Pərviz Axundov elə ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıb.

Millimizlə oyununun ən yaxşısı seçildi – FOTO

Almaniya milli komandasının fan-klubu DÇ-2018-in seçmə mərhələsinin Azərbaycan - Almaniya oyununun ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün sorğu keçirib.

METBUAT.info qol.az saytına istinadən xəbər verir ki, bu barədə Almaniya Futbol Federasiyası məlumat yayıb.

Sorğunun nəticəsinə əsasən, Andre Şürrle sözügedən görüşün ən yaxşı oyunçusu seçilib. O, səslərin 44.1 faizini toplayıb. Mario Qomes ikinci (16 faiz), Yonas Hektor üçüncü (9.3 faiz) olub.


Qeyd edək ki, A.Şürrle millimizlə oyunda dubla imza atıb.

Legionerlərdən “Neftçi”yə Azərbaycan dilində təbrik – VİDEO

“Neftçi”ni 80 illik yubileyi münasibətilə keçmiş legionerləri təbrik ediblər.

METBUAT.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, gürcüstanlı Georgi Adamiya, braziliyalı Flavinyo, türkiyəli Əli Cansun və moldovalı Vadim Borets bir vaxtlar şərəfini qoruduqları kluba videotəbriklərini çatdırıblar. Özü də Flavinyo bunu azərbaycanca edib.

Xatırladaq ki, “Neftçi” ilə həm Azərbaycan çempionu, həm də kubokun qalibi olan 34 yaşlı Flavinyo onun kapitan sarğısını da daşıyıb.

Məsut Özil: Təşəkkürlər, Azərbaycan – FOTO

Əslən türk olan Almaniya yığmasının yarımmüdafiəçisi Məsut Özil Azərbaycana isti münasibətə görə təşəkkür edib.

METBUAT.info-nun məlumatına görə, futbolçu rəsmi Facebook səhifəsində “Dünənki isti münasibətə görə təşəkkürlər, Azərbaycan” sözlərini yazıb.

Xatırladaq ki, martın 26-da Tofiq Bəhrəmov adına Respublika stadionunda keçirilən Azərbaycan-Almaniya matçı qonaqların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Məsut Özil oyuna 61-ci dəqiqədə Mario Qomezin əvəzinə daxil olub. (oxu.az)