23.09.2017

Bakıda İLK: "Mübarizlər" turniri start götürdü - VIDEO

Bu gün Bakıda ilk dəfə maneəli ekstremal “Mübarizlər” yarışına start verilib.

METBUAT.info xəbər verir ki, yarış FHN, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsinin (MOK) və “Gilan Holding”in təşkilati dəstəyi ilə baş tutur.

Yarışın açılış mərasimində fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, MOK-un baş katibinin müavini və Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev, təhsil naziri Mikayıl Cabbarov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Azərbaycan Hava Yolları QSC-nin sədri Cahangir Əsgərov, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və başqa şəxslər iştirak ediblər.

Açılış mərasimində çıxış edən MOK-un vitse-prezidenti Ç. Hüseynzadə "Mübarizlər" yarışının Rusiyadakı yarışların nümunəsi əsasında keçirildiyini bildirib. "Milli Olimpiya Komitəsinin rəhbərliyi adından təşkilatçılara təşəkkürümü bildirirəm. Milli Olimpiya Komitəsinin 25 illiyi ərəfəsində bu yarışın keçirilməsi xüsusilə əlamətdardır. Azərbaycan prezidenti cənab İlham Əliyev 20 ildir Milli Olimpiya Komitəsinin prezidentidir. Bu gün Azərbaycan idman ölkəsi kimi geniş addımlarla irəliləyir. Cənab prezidentin qeyd etdiyi kimi, biz bütün idman növlərini dəstəkləyirik".

"Mübarizlər" layihəsinin rəhbəri Elvin İsmayılov Azərbaycanın son illər ən öndə gedən idman ölkələrindən birinə çevrildiyini deyib. Layihənin yaradıcısı Kseniya Şoyqu yarışın təşkilinə görə Azərbaycana təşəkkürünü bildirib.

Daha sonra Azərbaycan və Rusiyanın dövlət himnləri səsləndirilib və yarışa start verilib.

Qeyd edək ki, "Mübarizlər” layihəsi çətin keçilən ərazidə maneəli qaçışla ekstrimsevərlərə fəal istirahətin yeni formatını təklif edir. Yarışmaya 1500 iştirakçı qatılıb. Yarışda maneələrin sırasında əllə keçid qurğuları, kəndirlə fəth edilən asma divarlar, suya 5 metr hündürlükdən tullanma, eniş, ağır yük daşıma var. Maneələrin çoxu taxta və metallardan hazırlanmış mürəkkəb konstruksiyalardır. Komanda iştirakı üçün 5 km uzunluğu olan trası qət etmək lazımdır. Çempionat iştirakçılarını 10 km-lik və 42 maneədən ibarət marşrut gözləyir.

İştirakçılar 30 000 manat təşkil edən mükafat fondu uğrunda mübarizə aparacaqlar. İlk 10 yerin sahibi pul mükafatına layiq görüləcək.


a>