30.08.2017

MM: Erməni deputatlar Bakıya gəlmək üçün müraciət etsələr, baxılacaq

"Avronest" Parlament Assambleyasının sentyabrın 22-də Bakıda keçiriləcək tədbirində Avropa Parlamentinin və "Avronest" Parlament Assambleyasının üzv ölkələrinin deputatları, BMT-nin nümayəndələri, Əhali və İnkişaf üzrə Avropanın Parlament Forumunun Parlamentlərarası İttifaqının təmsilçiləri və beynəlxalq ekspertlər iştirak edəcəklər. Üzv ölkə olaraq Ermənistandan olan deputatların da tədbirdə iştirakı mümkündür, amma gəlib-gəlməmələri özlərindən asılıdır. Müraciət edəcəklərsə, müraciətlərinə baxılacaq”.

METBUAT.info-nun məlumatına görə, bunu APA-ya açıqlamasında Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu "Avronest" PA-nın Bakıda keçiriləcək tədbirində erməni deputatların da iştirak edəcəyi barədə məlumatları şərh edərkən deyib.

A.Təvəkküloğlu iclasın Bakıda Milli Məclisin “Avronest” PA-dakı nümayəndə heyətinin təşəbbüsü ilə keçiriləcəyini qeyd edib.

"3 və 5-ci Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində Şərq Tərəfdaşlığı Ölkələrində qadınların sağlamlığı və gender bərabərliyinin təşviqində parlamentlərin rolu” adlı toplantı Azərbaycan Milli Məclisi, "Avronest" PA-nın Sosial Məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyəti üzrə Komitəsi, BMT-nin Bakı Ofisi və Əhali və İnkişaf üzrə Avropanın Parlament Forumunun birgə təşkilatçılığı ilə baş tutacaq", - deyə o bildirib.

Qeyd edək ki, erməni mətbuatı Ermənistanın “Avronest” PA-dakı nümayəndə heyətinin rəhbəri Armen Aşotyan və heyətin üzvü Mane Tandilyanın Bakıda keçiriləcək iclasda iştirak edəcəyini yazıb.

a>