11.04.2017

Sosial mənzillər üçün aylıq ödənişin məbləği açıqlandı

Azərbaycanda sosial mənzilin ipoteka ilə alınması üçün aylıq ödəniş 300 manatdan çox olmayacaq.

METBUAT.info Trend-ə istinadən xəbər verir ki, bunu Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev deyib.

Onun sözlərinə görə, bu qiymət üçotaqlı mənzil üçün aylıq ödəniş olacaq.

S.Nuriyev əlavə edib ki, birotaqlı mənzillər üçün aylıq ödəniş 130-150 manat təşkil edəcək.

Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru bildirib ki, Bakının Yasamal rayonunda sosial mənzillərin tikintisində 20-dən çox özəl şirkət iştirak edəcək.

O qeyd edib ki, layihə 2500-dən çox adamı işlə təmin edəcək.

S.Nuriyev deyib: “Hazırda doqquzmərtəbəli binanın üçüncü mərtəbəsinin və məktəbin ikinci mərtəbəsinin tikintisi davam etdirilir. Bunlarla paralel olaraq 15 binanın tikintisi başlayıb. Bu ay biz daha yeddi binanın tikintisinə başlamağı planlaşdırırıq”.

S.Nuriyev əlavə edib ki, artıq kanalizasiya, su xətləri və elektrik xətlərinin çəkilişi icra olunur.

a>