3.04.2017

Kənd təsərrüfatına zərbə: Məhsullarımız Rusiyaya buraxılmır

Son vaxtlar Rusiya-Azərbaycan sərhədində yük maşınları uzun növbələrdə dayanır. Hətta Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracına ciddi maneələr yaradılır.

Bu günlərdə isə Rusiyanın gömrük işçiləri Azərbaycandan gətirilən tonlarla əti və pomidor məhsullarını geri qaytarıblar.

METBUAT.info xəbər verir ki, BakiPost.az-ın məlumatına görə, bu vəziyyətlə əlaqəli şərh verən politoloq Elxan Şahinoğlu bildirib ki, Rusiya gömrükçüləri Azərbaycan məhsullarına qadağanı iki səbəblə izah edirlər:

“Öncə deyirlər ki, guya Türkiyə Azərbaycan üzərindən Rusiya bazarına kənd təsərrüfatı məhsulları, o cümlədən pomidor daşıyır. Məlumdur ki, Rusiya Türkiyə pomidorlarının daxili bazara girişinə qadağanı ortadan qaldırmayıb. Daha sonra isə Azərbaycanın bəzi məhsullarının sanitar normalara cavab vermədiyini bildirirlər”.



E.Şahinoğlu Rusiya gömrükçülərinin bu iki izahının həqiqəti əks etdirmədiyini düşünür:

“Ola bilər ki, hansısa biznesmen Türkiyədə yetişdirilən pomidor məhsullarını Azərbaycan üzərindən Rusiyaya keçirmək istəyib. Ancaq bu, geniş miqyas almayıb.

Tam tərsinə, Azərbaycanda yetişdirilən kənd təsərrüfatı məhsullarının Rusiya bazarına çıxarılmasına ehtiyac var. Müstəqil mütəxəssislər Azərbaycanın kənd təsərrüfatı məhsullarının sanitar normalara uyğun olduğunu bildirirlər”.

Bəs onda Moskva niyə daxili bazarını Azərbaycanın kənd təsərrüfatı məhsullarına bağlayır?

E.Şahinoğlu bu suala cavab verərkən ilk növbədə Rusiya bazarına girişin qadağan edilməsinin Azərbaycanda kənd təsərrüfatı istehsalına mənfi təsir edəcəyini vurğulayıb: “Məsələ burasındadır ki, Azərbaycan postneft dövrünə keçib. Azərbaycan prezidenti İlham Əliyev ölkənin enerji satışından asılılığını azaltmağı hədəf qoyub. Bunun üçün qeyri-neft məhsullarının xarici bazarlara çıxarılmasına ehtiyac var.

Əsas diqqət kənd təsərrüfatı məhsullarına yönəlib. Azərbaycan kənd təsərrüfatı məhsulları üçün ən münbit yer Rusiya bazarıdır. Çünki Azərbaycan üçün başqa bazarlarda bu qədər kənd təsərrüfatı məhsulunu satmaq çətindir. SSRİ dövründə də Azərbaycanın əsas kənd təsərrüfatı məhsulları Rusiyanın şəhərlərində satılırdı.

Ancaq hazırda Rusiya bazarına giriş qadağan edilirsə, bu, Azərbaycanda kənd təsərrüfatı istehsalına mənfi təsir edəcək. Rusiya hakimiyyəti bunu bilir və Azərbaycanda kənd təsərrüfatının inkişafına yardım etmək istəmir.

Əksinə, Moskva süni maneələrlə Azərbaycanla iqtisadi əlaqələrin artmasına imkan vermir. Halbuki bəzi rusiyalı rəsmilər Azərbaycanın kənd təsərrüfatı məhsullarının başqa ölkələrin eyni adlı məhsullarından keyfiyyətli olduğunu bildirirlər.

Bu cür qadağalar Azərbaycanla Dağıstan arasındakı əlaqələrin inkişafına da xidmət etmir. Halbuki Dağıstan prezidenti Ramazan Abdulatipov Azərbaycanın Dağıstana investisiya qoymasını istəyir.

Əgər Moskva Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiya bazarına girişinə qadağalar qoyursa, rəsmi Bakının Dağıstana investisiya yatırması, ortaq müəssisələr açması problematikdir”.

Politoloq Rusiyanın Türkiyə və Belarusla da eyni cür davrandığına diqqət çəkib:

“Belarus Rusiyanın strateji müttəfiqidir, ancaq Rusiya gömrükçüləri uzun müddət Belarusun kənd təsərrüfatı məhsullarının Rusiyaya girişinə qadağa qoydu.

Yenə eyni səbəbi göstərdilər, guya Polşa Belarus üzərindən Rusiyaya meyvə məhsulları daşıyır. Tutaq ki, meyvələrin Belarusa məxsus olmadığından şübhələnmək olardı. Ancaq Moskva Belarusun süd məhsullarının da Rusiya bazarına çıxışına məhdudiyyət yaradırdı. Həmin məhsullar isə sırf Belarusa aid idi”.

Politoloq hesab edir ki, Moskva bu yolla Rusiyanın daxili bazarını qorumağa və yerli kənd təsərrüfatı məhsullarının istehsalının artımına çalışır:

“Ancaq bu cür qadağalar Rusiyanın özünə də zərər verir. Məsələn, Rusiya Türkiyə pomidoruna qadağa tətbiq edərkən, Türkiyə Rusiyadan taxıl almaqdan imtina etdi. Bu, Rusiyada taxıl istehsalına mənfi təsir edəcək, çünki taxıl üçün Türkiyə əvəzinə yeni bazarlar tapmalıdır”.