12.04.2017

İran səfiri Azərbaycan XİN-ə çağırılıb

İran İslam Respublikasının ölkəmizdəki səfiri Cavad Cahangirzadə Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb.

METBUAT.info 1news.az-a istinadən xəbər verir ki, Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, iranlı diplomat Ermənistan tərəfindən işğal edilmiş Şuşa şəhərində Yuxarı Gövhər ağa məscidində aparılan qanunsuz işlərə İran mütəxəssislərinin cəlb edilməsi ilə əlaqədar çağırılıb.

Onun sözlərinə görə, söhbət zamanı Azərbaycanın mövqeyi iranlı diplomatın nəzərinə çatdırılıb.

“İranın “Part Saman Jahan Co” şirkətinin əməkdaşlarının bu qəbildən olan qanunsuz işlərə cəlb edilməsinin qarşısını almaq üçün İran tərəfindən tədbirlərin görülməsi xahiş edilib”, - o bildirib.

Qeyd etmək lazımdır ki, hələ 2016-cı ilin payızında Qarabağ separatçıları İranın “Part Saman Jahan Co” şirkəti ilə Yuxarı Gövhər ağa məscidində bərpa işlərinin aparılmasına dair saziş bağlayıblar.

Azərbaycan XİN daha öncə Ermənistan tərəfindən Şuşa məscidi ətrafında Azərbaycanın işğal edilmiş ərazilərində maddi mədəniyyət və dini abidələrinin məhv edilməsi, qarət edilməsi və mənimsənilməsi, onların mənşəyinin və təyinatının dəyişdirilməsi üzrə sistematik vandalizm siyasətinin əsas tərkib hissəsi olan qazıntılara dair bəyanatla çıxış etmişdi.

Sovet illərində burada tarixi-memarlıq muzeyi yerləşirdi. Azərbaycan müstəqillik əldə etdikdən sonra məscid öz fəaliyyətini bərpa etdi.

Şuşanın 1992-ci ildə işğalından sonra o, fəaliyyətini dayandırdı.

a>