12.04.2017

İnzibati Prosessual Məcəlləsinə dəyişikliklər qüvvəyə minib

Prezident İlham Əliyev İnzibati Prosessual və Mülki Prosessual Məcəllələrə dəyişiklik edilməsi haqqında Milli Məclisin aprelin 7-də qəbul etdiyi qanunların tətbiqinə dair sərəncamlar imzalayıb.

METBUAT.info xəbər verir ki, bu dəyişikliklər “Banklar haqqında” qanuna həmin gün edilmiş dəyişikliklə əlaqədardır.

Dəyişikliyin məqsədi ödəniş qabiliyyətini itrmiş bankların problemlərinin həll edilməsi üçün hüquqi bazanın yaradılmasıdır. Bu çərçivədə kredit təşkilatlarının maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə restrukturizasiya planı əsasında inzibati, hüquqi, maliyyə, təşkilati-texniki və digər tədbir və prosedurların həyata keçirilməsi nəzərdə tutulur.

Bundan başqa, dəyişiklik ödəmə qabiliyyətini itirmiş və ya itirmək təhlükəsi olan bankın, o cümlədən bank holdinq şirkətinin təxirə salınmadan və mümkün qədər az məsrəflə maliyyə bazarından kənarlaşdırılması məqsədi ilə maliyyə bazarlarına nəzarət orqanı tərəfindən ödəmə qabiliyyətini itirmiş bankın investora satılması, digər banka qoşulması, aktiv və öhdəliklərinin köçürülüməsi, “körpü bank”ın yaradılması, ödəmə qabiliyyətini itirmiş bankın sağlam aktiv və öhdəliklərini “körpü bank”a köçürülməsi, “körpü bank”ın investora satılması üzrə tədbirləri, habelə ödəmə qabiliyyətini itirmiş bankın ləğv edilməsini nəzərdə tutur.

a>