2.04.2017

Ermənistanda parlament seçkilərində kütləvi pozuntu halları müşahidə olunur

Bu gün yerli vaxtla saat 15.00-a qədər Ermənistanda keçirilən parlament seçkilərində pozuntularla əlaqədar Ermənistan Baş Prokurorluğuna 970 məlumat daxil olub.

METBUAT.info-nun APA-ya istinadən verdiyi məlumata görə, Baş Prokurorluğun Xüsusi işlər üzrə idarəsinin rəis müavini Sevak Ovannisyan həmin məlumatlardan 131-də cinayət əməli aşkarlandığını bildirib.

Həmin məsələlər araşdırılması üçün İstintaq Komitəsinin regional bölmələrinə və Ermənistan Polisinə göndərilib. Bu məlumatlardan 48-i başqasının yerinə səs vermə, yaxud təkrar səsvermə, 26-ı gizli səsvermə, 9-u seçicinin müstəqil iradəsini ifadə etməyə maneə yaradılması, 15-i vəzifəli şəxslərin, müşahidəçilərin, komissiya üzvlərinin, KİV-lərin səlahiyyətlərini yerinə yetirməyə mane olma, 8-i seçicinin ələ alınması, 2-i seçki məntəqələrində qruplarla toplaşma, 23-ü seçicilərə təzyiq göstərilməsi ilə bağlı olub.