3.04.2017

"Düşmən hərb dilindən başqa dil anlamır" — Hərbi ekspert

Aprel döyüşlərindən 1 il ötür.

Ötən ilin aprel ayının əvvəlində Ermənistanla Azərbaycan arasında aktiv döyüş əməliyyatları başladı. Döyüşlər nəticəsində Azərbaycan ordusu işğal altındakı Lələ-İlahi dağ silsiləsi və Talışətrafı yüksəkliklər ələ keçirildi.

METBUAT.info xəbər verir ki, aprel döyüşlərinin 1 ilinin tamam olması ilə bağlı ölkə.az-ın suallarını ehtiyatda olan polkovnik leytenant Nazim Bayram cavablandırıb:

- "Aprel” Azərbaycana nə verdi?

- Dünya birliyi və işğalçılar əmin oldular ki, Azərbaycan heç vaxt, heç bir şəraitdə Qarabağı itirməyə gözə almayacaq, danışıqlar nəticə verməsə, ərazi bütövlüyünün bərpası üçün hərbi gücə əl atacaq. Ermənistanın üzv olduğu və ümid bəslədiyi hərbi blok onu dəstəkləmədi. Düşmənin özü barədə 22 il idi uydurduğu “məğlubedilməz” mifi 2-3 saata dağıdıldı və unuduldu. Ermənistanda Qarabağ məsələsinə rasional baxan siyasi və ictimai kəsimlərin səsi ucaldı, cəmiyyəti qütbləşdi. Hakimiyyətə münasibətindən və siyasi baxışlarından asılı olmayaraq, Azərbaycan cəmiyyətinin bütün kəsimləri işğal olunmuş torpaqların hərbi yolla azad olunmasında dövləti yekdilliklə dəstəklədi və milli birlik nümayiş etdirdi. Xalq böyük ehtiramla Şəhidlərini son mənzilə yola saldı və indi də ehtiramla yad edir. Ordumuz, qarşısına qoyulmuş döyüş vəzifələrini tam həcmdə və vaxtında yerinə yetirdi. Hərbçilərimiz yüksək döyüş ruhu, şücaət, peşəkarlıq nümayiş etdirdilər və müasir hərbi texnika və vasitələrin idarə olunmasında yüksək bacarıq göstərdilər. Hərbi baxımdan strateji və mühüm əməliyyat əhəmiyyətinə malik Lələ-İlahi dağ silsiləsi və Talışətrafı yüksəkliklər ələ keçirildi. Azərbaycan Ermənistan üzərində tam hərbi-texniki üstünlüyünü və regionda ən müasir orduya malik olduğunu nümayiş etdirdi.

- Aprel döyüşlərinin mənfi tərəfi oldumu?

- Eyni zamanda aprel müəyyən nöqsanlarımızı aşkar etdi. Azərbaycan rəhbərliyi ölkənin ərazi bütövlüyünü hərb yolu ilə bərpa etməyə siyasi iradə nümayiş etdirərkən döyüşdə qətiyyətsizlik göstərdi. Döyüşdə qazanılmış uğurlar diplomatik uğura çevrilmədi. İnformasiya müharibəsində və dünya ictimaiyyətinə haqq işimizin çatdırılmasında ciddi boşluqları aşkar etdi. Əməliyyatda iştirak etmiş bölmələrimiz arasında qarşılıqlı döyüş əlaqələndirilməsindəki nöqsanlar canlı qüvvə itkilərimizin sayına mənfi təsir göstərdi.

Apreldən keçmiş bir il göstərdi ki, düşmən hərb dilindən başqa dil anlamır. Biz nöqsanlarımız üzərində işləyib, Birinci Qarabağ müharibəsindən və aprel döyüşlərindən nəticələr çıxarıb, var gücümüzlə müharibəyə hazırlaşmalıyıq.