3.04.2017

Cocuq Mərcanlıda ilk qəsəbənin istifadəyə veriləcəyi tarix açıqlandı

“İlkin mərhələ üçün Cocuq Mərcanlı kəndində aparılan tikinti işləri 2 aya yekunlaşacaq, mayda başa çatacaq. Eyni zamanda kənddə Şuşa məscidinin analoqu olan məscid də tikiləcək”.

METBUAT.info APA-ya istinadən xəbər verir ki, bunu Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində səfərdə olan baş nazirin müavini, Qaçqınların və Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.

Ə.Həsənov Cocuq Mərcanlıda ilk qəsəbənin açılışının 15 iyun - Qurtuluş Günündə baş tutmasının nəzərdə tutulduğunu açıqlayıb:

“Mən inşaatçılardan işlərin daha sürətlə həyata keçirilməsini xahiş etdim. İnşaatçılar nə mümkündürsə, edirlər. 10-15 günə bu işlər görülübsə, böyük nəticədir. Heç bir yerdə insanlar belə həvəslə işləmirlər. Bu kəndin ab-havası, qayıdış prosesdə tikintinin sürətinə təsir edib”.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin 24 yanvar 2017-ci il tarixli sərəncamına əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə əlaqədar görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılıb.

a>