14.04.2017

“Bozbash Pictures”in aktyorları yol hərəkəti qaydalarını pozdular – VİDEO

“Bozbash Pictures”in aktyorları teleaparıcı İlkin Həsəni üçün evlənmə haqqında videosüjet çəkərək ona mahnı hədiyyə ediblər.

METBUAT.info Avtosfer.az-a istinadla xəbər verir ki, onlar həmin videonu sosial şəbəkələrdə paylaşıblar. Video maraqla qarşılanıb. İnsanları güldürən gənc aktyorların bu hərəkətinə yenə də gülənlər olub. Amma məsələ burasındadır ki, onlar bu süjeti avtomobildə hərəkətdə olan zaman çəkiblər və qayda pozublar.

Göründüyü kimi, avtomobil hərəkətdə olduğuna baxmayaraq, sürücü qismində nə Nicat Rəhimov (Şirin), nə Elşən Orucov (Fəlakət), nə də İlkin Misgərli (Qılman) təhlükəsizlik kəmərindən istifadə etməyiblər. Bundan əlavə, onlar sürücünün fikrini nəqliyyat vasitəsini idarə etməkdən yayındırmasında iştirak ediblər. Həmçinin sürücü də nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak edib.

“Yol hərəkəti haqqında” qanunun və İnzibati Xətalar Məcəlləsinin tələblərinə görə, bütün bunların hamısı qayda pozuntusudur. Bu tələblər həm sürücüyə, həm də sərnişinlərə aiddir. Bu tələbin pozulmasına görə isə sürücüyə 40 manat, sərnişinlərə isə 30 manat cərimə düşür.