11.04.2017

Azərbaycanın valyuta bazarında spekulyasiya davam edir?

“Hazırda valyuta bazarında vəziyyət sabitdir. ABŞ dollarına tələb yüksək deyil. Ötən həftənin 4-cü günü keçirilən hərracda təklif olunan valyutanın hamısı satılmamışdı.

Bu isə o deməkdir ki, banklarda həm dollar çoxdur, həm də manat qıtlığı vardır”.

Bu barədə Oxu.Az-a açıqlamasında iqtisadçı-ekspert Pərviz Heydərov deyib.


Onun sözlərinə görə, dollar çoxluğunu yaradan səbəblər sırasında əhalinin bu valyuta növünə tələbatının azalmasını, həmçinin idxalçı subyektlərin də fəaliyyətlərinin zəifləməsini qeyd etmək olar:

“Yəni, ölkədə ümumən, iqtisadi aktivlik yox dərəcəsindədir, əhalinin alıcılıq qabiliyyəti əvvəlki illərdəki kimi deyil. Manat qıtlığına gəldikdə isə məlum olduğu kimi, Mərkəzi Bank dövriyyədən artıq nağd pul kütləsini yığışdırmaqla məşğuldur.

Bu, həm nağd hesablaşmaların məhdudlaşdırılması, həm müvafiq depozit hərraclarının keçirilməsi və sair vasitələrlə təmin edilir”.

Ekspert qeyd edib ki, yəni, ortada heç bir spekulyasiya elementləri mövcud deyildir:

“Odur ki, narahat olmağa dəyməz”, - deyə P.Heydərov sözlərinə əlavə edib.

Onun sözlərinə görə, hazırda valyuta bazarında spekulyasiya aradan qaldırılıb:

“Yeri gəlmişkən, ölkəyə dollar axını da 2015-ci ildəki və 2016-cı ilin əvvəlindəki kimi pis deyil.
Yəni, nisbətən stabil və qənaətbəxş səviyyədədir. Söhbət makroiqtisadi sabitlik baxımdan gedir. Belə ki, dövlət büdcəsində xaricə satdığımız neftin 1 barelinin qiyməti 40 dollardan götürülüb, ancaq artıq o, xeyli müddətdir ki, 50-dən yuxarı səviyyədədir.



Ümumiyyətlə, hesab edirəm ki, həm yuxarıda qeyd olunan amillər, həm də AMB-in bu ilin yanvarın 12-dən valyuta hərraclarının keçirilməsi qaydalarını növbəti dəfə dəyişdirməsi, yəni, onu daha yeni formaya doğru təkmilləşdirməsi, xüsusən də kommersiya bankları üçün xarici valyuta alışı və satışı üzrə tədbiq olunan -/+4-lik marjanı ləğv etməsi və bununla da manatın “tam üzən məzənnə” rejiminə keçidini təmin etməsi baxımından, valyuta alqı-satqısı prosesi əhəmiyyətli dərəcədə stabilləşmiş və normal məcraya düşmüşdür.

Xatırladım ki, -/+4-lik marjanı ləğv etməyin zəruriliyi mətbuatda ilk dəfə mən irəli sürmüşdüm.
“Qara bazar”ın aradan götürülməsində bunun böyük rolu oldu. Spekulyasiya elementlərini əslində bu, aradan qaldırdı.

Bu mənada, valyuta mübadiləsində banklar ilə əhalinin birbaşa ünsiyyəti şəraitində narahatlığa heç bir əsas yoxdur”.