11.04.2017

Azərbaycan kumulyativ başlıqlı pilotsuz uçuş aparatını yaradır

“Aprel döyüşləri zamanı yerli istehsal olan bir sıra müdafiə təyinatlı məmulatlardan geniş istifadə olunub. Düşmənin canlı qüvvəsinin və döyüş texnikalarının dəqiq müəyyənləşdirilib məhv edilməsində Azərbaycan istehsalı olan yeni növ hərbi təyinatlı məhsullar mühüm rol oynayıb”.

METBUAT.info-nun məlumatına görə, bu barədə müdafiə sənayesi naziri Yavər Camalov prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Nazir bildirib ki, Milli Ordunu daha müasir silahlar və texnikalarla təmin etmək məqsədilə qısa müddət ərzində yaradılmış yeni nəsil “Zərbə KM” (təsir gücü artırılmış qəlpəli-fuqaslı) pilotsuz uçuş aparatının sınaqları uğurla başa çatdırılıb və ötən ilin sentyabr ayında təqdimatı keçirilib:

“Adıçəkilən məmulatın seriyalı istehsalı üzrə müqavilələr bağlanıb və istehsal edilərək sifarışçilərə təhvil verilib. Hazırda düşmənin canlı qüvvəsini, hərbi texnikasını və hərbi obyektlərini 100 kilometr məsafədə tam müəyyən edən və məhv etmək iqtidarında olan “Zərbə KH” (kumulyativ başlıqlı) pilotsuz uçuş aparatının yaradılması istiqamətində intensiv işlərə başlanılıb.

Eləcə də ötən ilin sentyabr ayında Bakıda keçirilən ADEX-2016 Beynəlxalq müdafiə sərgisində göstərilən “Tufan” milli zirehli maşını üzrə işlər uğurla başa çatdırılıb və cari ilin fevral ayında Müdafiə Nazirliyi və digər güc strukturlarının aparıcı mütəxəssislərinin iştirakı ilə təqdimatı keçirilib”.