12.04.2017

Azərbaycan 4 milyard dollarlıq layihəyə imza atacaq

“SOCAR-GPC” şirkəti 2022-ci ilin I rübündə Azərbaycanda yeni neft-kimya və qaz emalı kompleksini istifadəyə verməyi planlaşdırır.

METBUAT.info “İnterfaks-Azərbaycan”a istinadən xəbər verir, bu barədə “SOCAR Polymer” şirkətinin baş maliyyə analitiki Babək Beydullayev bildirib.

“Hazırda maliyyə təsisatları ilə bu layihənin maliyyələşdirilməsinə dair danışıqlar aparılır. Müxtəlif variantlar tədqiq olunub.

Layihə çərçivəsində maliyyə sazişinin 2017-ci ilin sonu - 2018-ci ilin əvvəlində imzalanacağı gözlənilir.

Müəssisənin 2022-ci ilin I rübündə istifadəyə verilməsi planlaşdırılır”, - deyə B.Beydullayev bu gün Bakıda IV Beynəlxalq “Caspian Energy Forum-2017” konfransında çıxışında vurğulayıb.

O həmçinin xatırladıb ki, layihə ümumilikdə 4 mlrd. dollar həcmində qiymətləndirilir.

B.Beydullayevin sözlərinə görə, “SOCAR-GPC” kompleksində istehsal olunacaq 50%-dək məhsulun Türkiyəyə ixracını nəzərdə tutur. “Yaxın Şərq, Çin, Avropa ölkələri məhsulların satış bazarları qismində nəzərdən keçirilir”, - deyə o əlavə edib.

Qaz emalı üzrə müəssisənin gücü illik 10 mlrd. kubmetrə yaxın təşkil edəcək.

a>