29.03.2017

Zaqatala sakinindən qeyri-adi ixtira – VİDEO

43 yaşlı Zaqatala şəhər sakini Ramiz Qaraəhmədov ixtisasca istismarçı texnikdir. Məktəb çağlarından fizikaya maraq göstərən qəhrəmanımız, hələ uşaq ikən belə istifadəyə yararsız radio, maqnitafon və başqa cihazları təmir etməklə ətrafındakıları təəccübləndirib.

METBUAT.info ARB TV-yə istinadən xəbər verir ki, yeni ixtira etmək üçün Ramiz Qaraəhmədov öncə dəmir tullantıları atılan məkanlara üz tutur.

Bəziləri üçün faydasız sayılan istifadəyə yararsız soyuducu, paltaryuyan, kompüter və başqa texniki avadanlıqların tullantıları onun üçün xammal rolunu oynayır. Bəzən isə belə xarab texnikanı nisbətən ucuz qiymətə almaqla da ehtiyat bazasını formalaşdırır.

İnkubasiya aparatını düzəltmək üçün Ramiz istifadəyə yararsız, atılmış soyuducu, kompüterlərin içərisində olan vintilyasiya sistemləri və rəqəmsal antenanın mühərriyindən istifadə edib. Eyni vaxtda 200 ədəd toyuq yumurtasından cücə çıxarmaq iqtidarında olan bu cihazın hətta zavod istehsalı olan xələfindən üstün cəhətləri də var.

Belə ki, qurğu elektrik enerjisi kəsilsə belə dörd saatdan çox işləmək bacarığına malikdir. Maddi sıxıntılar ixtiraçının daha geniş miqyasda fəaliyyət göstərməsinə mane olur. Çünki, yeni nəsə yaratmaq üçün heçdə həmişə köhnə texnikalar yetərli olmur. Bəzən müəyyən hissələri pulla da almaq lazım gəlir.