13.03.2017

Türkiyəli nazir başına gələnlərdən danışdı – FOTO + VİDEO

Hollandiyada qadağa ilə üzləşən Türkiyənin Ailə və sosial siyasətlər naziri Fatma Betül Sayan Kaya, Enerji və təbii sərvətlər naziri Berat Albayrakla birgə Atatürk hava limanında mətbuat konfransı keçiriblər.

METBUAT.info-nun məlumatına əsasən, bu barədə “Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən, Rotterdam şəhərində qarşılaşdığı vəziyyətdən danışan Fatma Betül Sayan Kaya orada qeyri-insani, qeyri-əxlaqi rəftarla üzləşdiklərini deyib. Onun sözlərinə görə, məsləhətçisi, mühafizəçiləri və 5 nəfərlik heyət üzvləri nəzarətə alınıb. Xanım nazir onu da əlavə edib ki, Almaniya sərhədindəki polis bölməsinə aparılaraq orada 1,5 saat gözləməli olublar, çox kobud və sərt rəftara məruz qalıblar.

F.Kayanın sözlərinə görə, polis əməkdaşları onunla görüşə gələn türkiyəli vətəndaşlara qarşı it və atlardan istifadə etməklə kütləvi zorakılıq tətbiq ediblər.

Üzləşdikləri duruma aydınlıq gətirən Enerji və təbii sərvətlər naziri Berat Albayrak da Hollandiyanin qeyri-qanuni hərəkət etdiyini bəyan edib. O, “Demokratiyanın beşiyi deyilən bir qitə, beynəlxalq hüquqazidd nə varsa, ayaqlar altında tapdalayaraq, dünən axşam hamısını bütün dünyanın gözü qarşısında reallaşdırdı”,- deyə bildirib.

Xatırladaq ki, nazir Fatma Betül Sayan Kaya onu gözləyən insanlarla görüşmək üçün Türkiyənin Rotterdamdakı baş konsulluğuna getməyi planlaşdırırdı. Lakin polis bu diplomatik nümayəndəliyə gedən bütün keçidləri və yolları bağlayaraq ona mane olub, insanlara qarşı kütləvi zorakılıq tətbiq edilib. Çox sayda günahsız insan xəsarət alıb.






a>