11.03.2017

“Sovetski”də hazırkı vəziyyət – VİDEO + FOTO

Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin aparılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına müvafiq olaraq yolların genişləndirilməsi, inşaat və abadlıq işləri yüksək keyfiyyətlə davam etdirilir.

METBUAT.info xəbər verir ki, “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti alatında aparılan işlər ümumilikdə 26 hektar ərazini əhatə edir. [oxu.az]

Bura 23 hektar sahədə yaşıllaşdırma və abadlıq işləri, 3 hektar sahədə isə avtomobil yollarının tikintisi işləri daxildir.

Məqsəd hələ ötən əsr ərzində ölkə paytaxtının inkişafı ilə bağlı hazırlanmış şəhərsalma sənədlərinə uyğun olaraq, Füzuli küçəsini genişləndirilməklə Nərimanov prospekti ilə birləşdirəcək yeni prospektin salınması və həmin prospekt boyunca yaşıllıq zolaqlarının yaradılmasdır. Sözügedən ərazilərdə “Azəravtoyol” ASC tərəfindən ümumi uzunluğu 7.6 km-ə yaxın olan 5 küçədə əsaslı şəkildə yenidənqurma işləri həyata keçirilir.

Layihə Nəriman Nərimanov, Abdulla Şaiq, Balababa Məcidov, Mirzağa Əliyev, Füzuli küçələrini və Təzəpir məscidin ətrafındakı yolları əhatə edir. Təzəpir məscıdı ətrafındaki yollar iki zolaqlı, digər yollarda isə üç və dörd zolaqlı olması nəzərdə tutulub.

Əvvəllər bu küçələrin ensiz olması, üstəlik bir-çox hissələrdə piyada səkilərinin olmaması avtonəqliyyat vasitələrinin, həmçinin vətəndaşların gediş-gəlişində xeyli çətinliklər yaradırdı. Yenidənqurma işləri çərçivəsində bu problemlər nəzərə alınaraq küçələr həm genişləndirilır, həm də geniş piyada səkiləri inşa edilir.

Bu işlərə paralel olaraq layihə çərçivəsində ərazi boyu kommunikasiya xətlərinin inşası işləri görülür. Artıq qaz xətləri üzrə 34%, elektrik xətləri üzrə 53%, su-kanalizasiya xətləri üzrə 38%, rabitə xətləri üzrə isə 25% işlər aparılaraq yekunlaşdırılıb.

Qeyd edək ki, yenidən qurulan küçələrdə layihə üzrə yeni işıqlandırma sistemləri qurulacaq, bunun üçün 220 ədəd işıq dirəyindən istifadə ediləcək. Bundan başqa ictimai nəqliyyat üçün 14 ünvanda “cib”liyin tikilməsi və müasir avtobus dayanacaqların qurulması, parkinq yerlərinin tikintisi nəzərdə tutulur.