21.03.2017

Şablonlaşmış bayram mesajları: Hər kəs bu mesajlardan göndərir - VİDEO

Sosial şəbəkələr həyatımıza o qədər daxil olub ki, bir çoxları bir-birləri ilə ünsiyyəti də bu platforma üzərindən qururlar. Hətta bayramlarda təbriklər də ancaq qısa mesajlar və ya hazır şəkil və mətnlər vasitəsilə edilir. Bu, xüsusilə gənclərə xoş gəlsə də, sosioloqlar həyəcan təbili çalırlar.. Onlar hesab edirlər ki, getdikcə artan bu hallar insanlar arasında nəinki ünsiyyəti qırır, hətta insanları müəyyən qədər saxtalaşdırır.

Müxtəlif şəxslərdən gələn tamamilə eyni məzmunlu bayram təbriki mətnləri. İnsanlar bayram təbrikini artıq hazır və şablon mesajlarla çatdırırlar. Yəni əksəriyyət, xüsusilə gənclər onlara gələn bir təbrik mesajını olduğu kimi siyahısındakı digər şəxslərə yönləndirir və bununla da bayram təbriki vəzifəsini bitmiş hesab edir.

Sosioloq Rəşad Əsgərov deyir ki, sosial şəbəkələrin məqsədi hər nə qədər ünsiyyəti artırmaq və sosiallaşmaq olsa da, xüsusilə bayramlarda müşahidə olunan belə hallar assosiallaşmanın əlamətidir.

Bayramın belə şablon mesajlarla təbrik edilməsinə münasibət isə birmənalı deyil. Bunu rahatlıq hesab edənlər də var, qeyri-səmimi olduğunu deyənlər də.

Sosioloq Rəşad Əsgərov hesab edir ki, xoş və özəl günlərə belə qeyri-səmimi və şablon münasibət cəmiyyətdə dərin kök salmadan insanlar arasında təbliğat işləri aparılmalıdır.

Başqasının duyğularını ifadə edən təbrik mətnini başqa bir insana göndərmək istənilən halda yaxşı qarşılanmır. Ona görə də hər kəs təbrikini öz cümlələri ilə çatdırsa, bu, həm daha səmimi, həm də daha xoş olar.

a>