28.03.2017

Rusiya ilə İran arasında gözlənilməz razılıqlar əldə olundu

İranın prezidenti Həsən Ruhani Rusiya prezidenti Vladimir Putinlə görüşüb.

METBUAT.info ölkə.az-a istinadən xəbər verir ki, Putin görüşdən məmnun qalıb və Rusiya ilə İranın uzun illərin dostu olduğunu bildirib. Rusiya prezidenti Vladimir Putinlə İran prezidenti Həsən Ruhani arasında keçirilən görüşün yekunlarına dair birgə bəyanatda onu da qeyd edib ki, hər iki dövlət Suriyanın müstəqilliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşır.

“Biz münaqişənin sülh yolu ilə həllinə alternativin olmadığını hesab edirik. Suriya hakimiyyəti, ordusu və xalq müqavimət qüvvələrinin 6 il ərzində İŞİD, Əl-Nusra Cəbhəsi və onlarla əlbir olan digər terrorçu təşkilatlara qarşı mübarizəsini səyləri tam dəstəkləyirik”.

Suriya məsələsində eyni fikirdə olduqlarını bildirən liderlər, görüş əsnasında iki öğlkənin başqa sahələrdə də qarşılıqlı münasibətlərdə olacaqları barədə razılığa gəliblər. İlk razılaşma iki ölkənin nəqliyyat və turizm sahəsində əldə olunub:

“Rusiya və İran beynəlxalq tranzit marşrutlarının ikitərəfli və çoxtərəfli ticari-iqtisadi əməkdaşlıqda əhəmiyyətli rolunu qeyd edir və “Cənub-Şimal” beynəlxalq nəqliyyat dəhlizinin reallaşdırılması istiqamətində praktik addımların davam etdirilməsi niyyətlərini bir daha təsdiqləyirlər”.

Bundan başqa, Rusiya ilə İran arasında qrup şəklində turist səyahətlərinə dair müqavilə imzalanıb. Saziş Rusiya və İran prezidentləri Vladimir Putinlə Həsən Ruhani arasında görüşdən sonra bağlanıb. Sənədə əsasən Rusiya və İran vətəndaşları qruplar şəklində turist səyahətlərini vizasız həyata keçirə biləcəklər.

Qeyd edək ki, İran prezidenti Həsən Ruhani ötən gün Rusiyaya səfər edib. Səfər zamanı Rusiya və İran arasında bir sıra siyasi və iqtisadi məsələlər müzakirə olunub. H.Ruhani rusiyalı həmkarı ilə bu gün görüşüb. Danışıqların yekununda dövlət başçılarının iştirakı ilə iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişafına dair sənədlər imzalanıb.