18.03.2017

Ərdoğandan sərt bəyanat — "Türkiyədə ölüm hökmü bərpa ediləcək"

Türkiyə prezidenti Ərdoğan ölüm hökmünün bərpa ediləcəyinə ümid edir.

METBUAT.info xəbər verir ki, Ərdoğanın fikrinə görə, referendumdan sonra Türkiyə parlamenti ölüm hökmünü bərpa edə bilər.

Türkiyə prezidenti deyib: "Şəhid və qəhrəman ailələri narahat olmasınlar. Ümid edirəm ki, Allahın köməyi ilə parlament sizin çağırışlarınızı eşidərək 16 aprel tarixindən sonra lazım olan hər şeyi edəcək. Ölüm hökmü bərpa ediləcək".

Ərdoğan qeyd edib ki, qeydsiz-şərtsiz bu qanun layihəsini təsdiqləyəcək.

Bir müddət əvvəl Türkiyə prezidenti bəyan etmişdi ki, əgər parlament qəbul etsə, 15 iyul qiyamının iştirakçıları barədə ölüm hökmünə dair sərəncam imzalaya bilər. Baş nazir Binəli Yıdırım isə bildirmişdi ki, hərbi çevriliş cəhdinə görə ölüm hökmü tətbiq edilə bilməz. Çünki qanunun geriyə işləmə gücü yoxdur.

Qeyd edək ki, Türkiyədə ölüm hökmü sonuncu dəfə 1984-cü ildə icra edilib. 2004-cü ildə konstitusiya dəyişikliyindən sonra bu hökm ləğv edilib. 
[Mənbə: Ölkə.Az]