7.03.2017

Ramil Usubovdan qadın polislərə hədiyyə

Martın 7-də Daxili İşlər Nazirliyində Beynəlxalq Qadınlar Gününə həsr olunmuş təntənəli mərasim keçirilib.

Nazirlikdən verilən məlumata görə, tədbirdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov “Qadınların cəmiyyətdə və daxili işlər orqanlarında rolu” mövzusunda geniş məruzə ilə çıxış edib.

R.Usubov deyib ki, dahi Nizami öz əsərlərində Məhinbanu və Nüşabə kimi qadın hökmdar, əfsanəvi Fitnə və yeddi gözəl obrazlarını yaradıb, memar Əcəmi Naxçıvani tərəfindən ucaldılmış Möminə xatun türbəsi xalqımızın qadına ehtiramının parlaq simvoluna çevrilib.

Tədbirdə polis polkovnik-leytenantı Nərgiz Məhərrəmova, leytenant Nigar Ağayeva və polis kiçik serjantı Nərminə Əliyeva çıxış edərək qadın əməkdaşlara göstərilən böyük diqqət və qayğıya, o cümlədən xidməti şəraitin yaxşılaşdırılması ilə bağlı görülmüş əhəmiyyətli işlərə, sosial və digər problemlərin həllində əvəzsiz köməyə görə, ölkə Prezidentinə və nazirliyin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Daha sonra 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə daxili işlər orqanlarının bir qrup qadın əməkdaşının mükafatlandırılması barədə daxili işlər nazirinin əmri elan olunub.
Xidmətdə fərqlənənlərə mükafatlar və yeni rütbələrin poqonları təqdim edilib.