16.03.2017

Ramil Usubov yeni rəis təyin etdi

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

METBUAT.info “Report”-a istinadən xəbər verir ki, daxili işlər naziri Ramil Usubovun əmri ilə Qaradağ Rayon Polis İdarəsinin (RPİ) 38-ci Polis Bölməsinin (PB) rəisi, polis mayoru Turabi Paşayev vəzifəsindən azad edilib.

O, Binəqədi RPİ-nin 7-ci PB-nə rəis vəzifəsinə təyin edilib.

Qeyd edək ki, T.Paşayev Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi, general-mayor Şahmar Paşayevin oğludur. Ş.Paşayev polisdə tanınmış simalardan olub.

O, Naxçıvan Şəhər Polis İdarəsinin rəis müavini, rəisi, Xətai rayonunun 34, 37 bölmələrinin rəisi, Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, Yasamal, Şirvan və Salyan rayonlarının polis rəisi vəzifələrində çalışıb.