27.03.2017

Prosineçki: Bu yuxunu davam etdirə bilərik

“Möhtəşəm atmosfer var idi. Buna görə də azarkeşlərə minnətdarlıq edirəm”.

METBUAT.info Apasport.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki deyib.

“DÇ-2018”-in seçmə mərhələsində Almaniyanı qəbul edən yığmamız böyük hesablı məğlubiyyətə düçar olub – 1:4.

Matçdan sonra təşkil edilən mətbuat konfransında xorvatiyalı mütəxəssis fikrini bu sözlərlə davam etdirib: “Komandam yaxşı, əzmkar oyun nümayiş etdirdi. Kimə qarşı oynadığımızı bilirdik. Amma müdafiəyə oturmadıq, hücumlar da etdik. Almaniya səhvləri bağışlamır. Komandamızla fəxr etmək olar”.

- Renat Dadaşovun bu gün iştirak ərizəsində olmamasının səbəbi nə idi?

- Renatın 18 yaşı var və ilk dəfə idi ki, milli ilə bir yerdədir. Çox istedadlıdır. Gələcəkdə onu yığmada daha çox görəcəyik. Renatın təcrübəsi azdır, bu gün oynamaq onun üçün tez olardı. Amma gələcəkdə mütləq şans veriləcək.

- İki fərqli hissə izlədik. Bunun səbəbi almanların bizə imkan verməsi idi, yoxsa fasilədəki danışığınız oyunçulara müsbət təsir etmişdi?

- Gəlin, fərqli hissələri bir tərəfə qoyaq. Hesab 1:1 olarkən Əfran topu itirdi və qol oldu. Üçüncü qolda Qomesə yaxın oynamaq lazım idi. Fasiləyə 1:1 hesabı ilə getsəydik, başqa cür də ola bilərdi. Amma komandamdan tam razıyam və onlarla fəxr edirəm. Çünki belə rəqiblə çəkinmədən oynadılar, hücumlar etdilər.

- Məğlubiyyəti nə ilə əlaqələndirərdiniz?

- Onlar bizdən daha üstün idilər. Futbolçuları Avropanın nəhəng klublarında çıxış edirlər. Komandamız bu gün maksimum gücünü ortaya qoydu. Kim peşəkar səviyyədə futbol oynayıbsa, məni başa düşər. Rəqib çox güclü idi. Almaniya millisinin oyunçuları həftədə iki dəfə yüksək səviyyədə oyun göstərirlər. Ölkə çempionatında və Çempionlar Liqasında iştirak edirlər. Bu komandanın dünya çempionu olması təsadüfi deyil.

- Oyun təcrübəsi olmayan futbolçular yenə start heyətində şans qazandılar. Əfran İsmayılov, Rahid Əmirquliyev və Qara Qarayev buna misaldı. Bu, oyunçu çatışmazlığından qaynaqlanır?

- Bu gün meydanda olanlar ən yaxşıları idi. Qara Qarayev bu gün mənim üçün meydanın ən yaxşısı idi. Rahid də əzmkar oynadı. Əfran fərqli futbolçudu. 90 dəqiqə onu meydanda görməyə bilərsiniz, amma bir hərəkətlə nəsə edə bilir. Vurduğumuz qolda da onun əməyi danılmazdı.

- Bəzi futbolçular komandaya tam uyğunlaşmırlar. Məsələn, Əfran İsmayılov çox top itirirdi. Biz Əfrana məcburuq, yoxsa başqa oyunçulara da şans veriləcək.

- Sizinlə razı ola bilmərəm. Mən Əfranla bağlı tam başqa cür düşünürəm. Əfran bizim üçün vacib oyunçudu. Düzdü, bu gün səhv etdi. Amma o, meydanda olanda komanda daha özünəinamlı olur, hücuma meyilli olur və qeyri-adi hücumlar qurur.

- Dediniz ki, millimiz bu gün maksimum oyununu göstərdi. Bu maksimumla Çexiya və Şimali İrlandiyanı Bakıda məğlub edə biləcəyikmi?

- Bunu deyə bilmərəm. Amma biz bu oyunla Almaniya yox, başqa komanda olsaydı, mütləq qalib gələrdik.

- Oyunun gedişində Maksim Medvedevi çağırdınız, amma əvəzləmədiniz...

- Bədavi Hüseynov zədə almışdı, əvəzlənməsini istəyirdi. Amma sonradan dedi ki, oynaya bilər. Bədavi istedadlı oyunçudu və bu gün istədiyimiz oyununu göstərdi.

- Jurnalistlər sizinlə razılaşmır, siz isə jurnalistlərlə. Almaniya ilə oyun sizin üçün daha çətin keçdi, yoxsa hazırkı mətbuat konfransı?

- Bizim fikrimiz uyğun gəlmir. Bu da normal haldı. Mən şadam ki, həmişə oyundan sonra burada sizin sualları cavablandırıram. Mən də sizə sual verirəm: bu gün kimə qarşı oynadığımızı bilirsiniz? Mənim üçün Almaniya dünyanın ən güclülərindəndir və qarşıdakı dünya çempionatının favoritlərindən biridir. Mənim üçün ən çətini komandanı bu oyuna hazırlamaq idi. Rəqib adlı-sanlı olsa da, oyunçularımın onlarla mübarizə aparmasını və almanların çətin qələbə qazandıqlarını etiraf etmələrini istərdim. Sizdən tez-tez eşidirəm ki, fiziki durmumuz yaxşı deyil. Bugünkü oyun bu sualın cavabını verdi. Oyunçularımız yüksək səviyyədə və sürətli futbol sərgiləməyi bacardıqlarını göstərdilər.

- Gəldiyiniz gündən jurnalistlərlə heç vaxt razılaşmırsınız, aqressiv olursunuz. Həqiqətən də biz jurnalistlər futbolu bilmirik, yoxsa sizin futbol fəlsəfəniz qeyri-adidir?

- Aqressiv deyiləm, danışığım belədi. Azərbaycan jurnalistlərinin futboldan anlamadığını heç vaxt deməmişəm. Mən düzgün tənqidlə razıyam. Müsbət bir şey olanda da bunu yazmağınızı gözləyirəm. Mənim gəlişimdən sonra komanda baxımlı oyun göstərir. Təkcə mənim və futbolçuların inanmaları bəs etmir. Siz də inanmalısınız. Mən ancaq tənqidlər görürəm. Problem bundadı. Komanda yaxşı oynayanda müsbət fikir yazmağınızı istərdim. Pis olmazdı. Sizin inamınız çox vacibdi.

- Qara Qarayev bu gün çox yaxşı oyun nümayiş etdirdi. Berti Foqts müsahibəsində deyib ki, azərbaycanlı futbolçular rahat yaşadıqları üçün ölkə xaricinə çıxmırlar. Siz Qara və ya başqa oyunçuya məsləhət görmüsünüz ki, ölkə xaricinə çıxsın?

- II Bundesliqanın axırıncı yerlərində gedən komandada oynayan Dmitri Nazarov bu gün çox gözəl çıxış etdi. Mən də oyunçularımızın Avropanın güclü çempionatlarında oynamalarını istəyirəm. Təəssüf ki, onları əlimlə götürüb Avropaya apara bilmərəm. Onların orda çıxışının milliyə də böyük xeyri dəyəcək. Bunu həmişə demişəm.

- Açıq fikirlisiniz, hətta heyəti də hər dəfə matçdan öncə açıqlayırsınız. Bəs qrupun qarşıdakı oyunlarında neçə xal sözü verə bilərsiniz?

- Xal sayı baxımından söz verə bilmərəm. Amma söz verirəm ki, qalan ev oyunlarında maksimum xal toplamağa çalışacağıq. Qarşıdakı Şimali İrlandiya ilə görüş çox önəmlidi. Qələbə qazana bilsək, böyük hədəflərə nail ola və bu yuxunu davam etdirə bilərik.

- Bayaqdan futbolçuları tərifləyirsiniz. Almaniyaya vurulan qola görə AFFA-dan mükafat gözləmirsiz? Berti Foqtsun vaxtında belə hallar olub...

- Bu suala görə təəccübləndim. Bu gün məğlub olmuşuq. Mükafatdan xəbərim yoxdu, bu, məni maraqlandırmır. Mənim üçün əsas Şimali İrlandiya ilə matça futbolçuların tam hazır olması vacibdi. Həmin görüşdən əvvəl 20 gün təlim-məşq toplanışı və 2 yoldaşlıq görüşü keçirəcəyik.

- Bu gün Kamran Ağayevin çıxışından razı qaldınız?

- Kamranın “Boavişta”da oynamaması böyük problem idi. Klubsuz qalıb. Şimali İrlandiya ilə görüşə qədər hansı formada olacağını bilmirəm. Bu gün künc zərbələri zamanı irəli çıxmayıb. Bunu təhlil edəcəyik. Amma qollarda onun səhvi yox idi.