2.03.2017

Pensiya yaşının artırılması ilə bağlı suallara – RƏSMİ CAVAB

“Əmək pensiyası haqqında” qanuna təklif edilən dəyişikliklərdən biri də pensiyaların baza hissəsinin ləğv edilməsi ilə bağlıdır.

METBUAT.info-nun məlumatına görə, “Qafqazinfo” təklif edilən dəyişikliyin mahiyyətini öyrənmək üçün qanunvericilik təşəbbüsü subyektlərindən biri olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinə müraciət edib.

Mətbuat xidmətinin rəhbəri Elman Babayev sorğumuza cavab olaraq bildirib ki, pensiya sistemində gözlənilən dəyişikliklərdən biri də əmək pensiyasının baza hissəsinin restrukturizasiyası, yəni onun sığorta hissəsinə birləşdirilməsi ilə bağlıdır.

“Bir daha qeyd etmək istərdik ki, burada məsələ baza hissəsinin ləğvindən deyil, onun sığorta hissəsi ilə toplanaraq, pensiyanın ümumi məbləğinin indeksasiyasından gedir.

Pensiya təyinatında sığorta prinsiplərinin gücləndirilməsinə yönəldilən bu islahat tədbiri əmək pensiyasının vahid tərkibdə - sığorta hissəsindən ibarət olmaqla təyin edilməsini, eyni zamanda minimum pensiya təminatı konsepsiyasının tətbiqini nəzərdə tutur.

Belə ki, dəyişikliklərə uyğun olaraq, ödəniləcək sosial sığorta haqları pensiya və digər sosial sığorta təminatı hüquqlarının müəyyənləşdirilməsində 50 faiz hesabı ilə deyil, tam nəzərə alınacaq.

Dəyişikliklərdən əvvəl ödənilmiş sosial sığorta haqları əsasında hazırda sığortaolunanların fərdi hesablarında cəmlənmiş və hələ pensiya hüquqlarına çevrilməmiş şərti kapital məbləğləri də eyni qayda ilə yenidən hesablanacaq. Bu, sığortaolunaların şərti yığım sistemlərində uçota alınmış vəsaitin artırılmasına şərait yaradacaq.

Vacib islahat tədbiri kimi, ümumi əsaslarla yaşa görə əmək pensiyası hüququnun reallaşdırılmasında məhdudlaşdırıcı amil olan 12 il sığorta stajı tələbi tamamilə aradan qaldırılır və bununla da pensiya yaşına çatmış və hesabında cəmlənmiş şərti kapitalı minimum pensiya təminatına imkan verən şəxsin yaşa görə pensiyaya çıxması üçün heç bir staj tələbi qoyulmur.

Bu qaydaların tətbiqi ilə sosial sığorta haqqı ödəyiciləri daha yüksək pensiya alacaq və əmək haqlarının tam qeydiyyatında maraqlı olacaqlar. Bununla, hazırda aktiv iştirakçıların marağını azaldan bir sıra hallar, məsələn 5-10 il yüksək məbləğlə sosial sığorta haqqı ödənildiyi təqdirdə, staj tələbinin 12 il olması səbəbindən pensiya hüququnu qazana bilməmə kimi hallar aradan qaldırılacaq.

Mühüm sosial təşəbbüs olaraq, fərdi hesabında minimum pensiya təminatı üçün yetərli pensiya kapitalı cəmlənməyən sığortaolunanlara 25 il staja malik olduqları təqdirdə, yaşa görə pensiya hüququ tanınacaq və onlara pensiya sisteminin vəsaitləri hesabına minimum məbləğə çatdırılmaqla pensiya təyin ediləcək.

Həmçinin qeyd etmək yerinə düşərdi ki, bu islahat tədbiri mövcud pensiyaçılara şamil olunmayacaq”.