14.03.2017

Niderland səfirinin Türkiyəyə daxil olması qadağan edildi – VİDEO

Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş Niderland səfirinin Türkiyəyə daxil olmasının qadağan edildiyini bəyan edib.

METBUAT.info bu barədə APA-ya istinadla xəbər verir.

“Niderland səfirinin tələblərimiz yerinə yetirilməyənədək Türkiyəyə geri qayıtması qadağan olunub. Niderlandla yüksək səviyyəli münasibətlərin təxirə salınması qərarlaşdırılıb. Niderland diplomatlarının Türkiyəyə gəlməsi və diplomatik uçuşlar yasaqlanıb”,- deyə N.Kurtulmuş bildirib.

Qeyd edək ki, Türkiyənin Nazirlər Kabinetinin baş nazir Binəli Yıldırımın rəhbərliyi altında toplantısı keçirilib. Toplantıda Türkiyə ilə Hollandiya arasında yaranmış siyasi qalmaqal müzakirə olunub.

Xatırladaq ki, martın 11-də Niderland hakimiyyəti Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin enişinə icazə verməyib, ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanı Türkiyənin Rotterdamdakı konsulluğuna buraxmayaraq ölkədən çıxarıb.