30.03.2017

Nazirlik əlillərə müraciət edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlillərə müraciət edib.

Nazirlikdən METBUAT.info-ya verilən məlumata görə, bu il aparılan islahat tədbiri ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq məlumatlandırma işlərinin aparılmasına baxmayaraq, bir sıra hallarda əlilliyi olan şəxslərin məlumatsızlıq səbəbindən yenə də, əvvəlki illərdə olduğu kimi, əlilliklərinin hər il təkrar müayinəsinin aparılmasından ötrü səhiyyə müəsissələrinə müraciət edərək göndəriş (forma 88) almaq istəyirlər.

Nazirlikdən bildirilib ki, həmin vətəndaşların hər il təkrar müayinə üçün göndəriş (forma 88) alınması məqsədilə müraciət etmələrinə heç bir lüzum yoxdur:

“Əlilliyin hər il təkrar müayinəsi aparılmır və qanunvericilikdə nəzərə tutulmuş əlillik müddəti başa çatana qədər təkrar əlillik müayinəsi üçün onlara hər hansı müraciət edilməsi də əsassızdır”.

Məlumatda qeyd edilib ki, Nazirlər Kabinetinin 413 nömrəli qərarı ilə təsdiq olunan “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən, 01 yanvar 2016-cı il tarixinədək əlilliyi müəyyən edilən və həmin vaxtadək əlillik müddəti başa çatmayan ikinci və üçüncü dərəcə əlilliyi olan şəxslərin əlillik müddəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi (TSERAS) tərəfindən 5 (beş) il müddətinə uzadılıb:

“Həmçinin qeyd olunan vaxtadək əlilliyi müəyyən edilən və əlillik müddəti başa çatmamış birinci dərəcə əlilliyi olan şəxslərin əlillik müddəti TSERAS tərəfindən müddətsiz olaraq müəyyən edilib.

Əsasnamənin 3.1.1- 3.1.22-ci yarımbəndlərində göstərilən səbəblərdən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və 01 yanvar 2016-cı il tarixinədək sağlamlıq imkanlarının məhdudluğu müddəti başa çatmamış 18 yaşadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu isə TSERAS tərəfindən (18 yaşından yuxarı olmamaqla) üç il müddətinə uzadılıb.

2016-cı ilin 01 yanvarından etibarən 18 yaşına çatmamış şəxslərin Əsasnamənin 3.1.1- 3.1.22-ci yarımbəndlərində göstərilən səbəblərdən sağlamlıq imkanlarının məhdudluğu 3 il müddətinə, ikinci və üçüncü dərəcə əlillik 5 il müddətinə, birinci dərəcə əlillik isə müddətsiz müəyyən edilir”.

a>