29.03.2017

Nahid Emiloğlu: Aygün Kazımovaya 4500 manat borcum var

Təşkilatçı Nahid Emiloğlu Axşam.az-a müsahibə verib.

METBUAT.info xəbər verir ki, o, Xalq artisti Aygün Kazımova ilə qalmaqalından danışıb.

“Konsertdə Aygün xanım və qızına olan qonorardan 4500 manat ödəməliyəm, borcum hələ də qalıb. Bunu böyütmək lazım deyildi, konsertdir, hər şey ola bilər. Ona qalsa, əvvəllər dəfələrlə Aygün xanıma konsert etmişəm, başqa işlərdə dəstək olmuşam. Hamısı da yüksək səviyyədə alındı. Bunu göz önünə gətirmir? Bu söhbəti bu qədər böyütmək yaxşı deyildi. Borclu qalmışam, danmıram, işim olanda ödəyəcəyəm”, - deyə o bildirib.

N.Emiloğlu “Əcnəbi müğənniləri ölkəmizə konsert verməyə gətirmək əvvəl rahat idi, yoxsa indi?” sualına belə cavab verib:

“İndi “Instagram”a baxır, menecerin nömrəsini götürüb danışırlar, gətirirlər. Adi toy edənlər belə elə düşünürlər ki, kimisə özləri danışıb gətirsələr ucuz alınar. Amma başa düşmürlər ki, özlərinin danışdığı zaman müğənni 100 min yerinə, 150 min deyir. Axı müğənni mənə 150 min qiymət oxuya bilməz. Dəfələrlə şahidi olmuşam ki, bir müğənnini açılışa, toya 250 minə gətiriblər. Halbuki həmin müğənnini mən 100 minə gətirirəm”.

Təşkilatçı “Bir çox türkiyəli ifaçı ilə işbirliyiniz olub. Ən kaprizlisi kim idi?” sualına cavab olaraq bunları söyləyib:

“Sezen Aksu. Elə qəribə tələbləri var idi ki, dəhşətə gəlirdim. Çox qəliz insandır, ona söz demək mümkün deyil. Deyirdi, vanna, buz gətirin, ayağımı qoyun... Sonradan bildim ki, xəstədir. Texnik və kulis rayder var. Ən böyük rayder Tarkandadır. Təkcə kulis rayderi 6 səhifədir. Orada içdiyi çayın adı, rəngi belə yer alır”.

“Hansı müğənnini “Bir daha Azərbaycana gətirmərəm” demisiniz?” sualını isə belə cavablandırıb:

“Murad Dalkılıçı. Biabırçılıq idi. Onun konsertinə cəmi 22 bilet satılmışdı. Bir də Kibariyeni. Emin adlı oğlan var idi, ona görə Kibariyeni gətirdim, konsert təşkil etdim. Cəmi 6 bilet satılmışdı. Onun ikisini Rəqsanə, ikisini Zöhrə Abdullayeva almışdı. Rafet axırıncı dəfə 2012-ci ildə gəlmişdi. Bu səfəri zamanı onun üçün çox darıxıldığını gördüm. Biletlər normal sayda satıldı, hətta Rafet bu konsertdən beş təkliflə qayıtdı. Bir dəfə toya gəldi, sonra 14 fevralda konserti oldu, bir də Moskvada iki konsert razılaşdırdı”.

a>