17.03.2017

“Məktəb bağları” layihəsinə start verilib – FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə martın 17-də “Məktəb bağları” layihəsinə başlanılıb.

METBUAT.info xəbər verir ki, “Məktəb bağları” layihəsinə Xəzər rayonunun 234 nömrəli məktəbindən start verilib. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, FAO-nun xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan bu layihə ümumilikdə ölkəmizdə ekoloji durumun daha da yaxşılaşdırılmasına mühüm töhfələr verəcək.

Layihənin ilk aksiyası zamanı Leyla Əliyevanın iştirakı ilə bu məktəbin həyətində 100 ədəd badam, nar və gavalı ağacı əkilib. IDEA İctimai Birliyi, FAO və Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “Məktəb bağları” layihəsi çərçivəsində 8 rayonun - Göyçay, Şəmkir, Hacıqabul, Quba, Masallı, Oğuz, Xəzər, Zaqatalanın orta məktəblərinin həyətlərində meyvə ağaclarının əkilməsi nəzərdə tutulub.

Layihə çərçivəsində Azərbaycanın digər rayonlarında da mərhələli şəkildə təşkil ediləcək ağacəkmə aksiyaları aprelin sonuna qədər davam edəcək. Rayonların iqliminə və torpaq örtüyünə uyğun olaraq 40-dan çox məktəbdə 5 minə yaxın alma, armud, gilas, gavalı, qoz, fındıq, nar, xurma, badam, heyva kimi meyvə ağaclarının əkilməsi planlaşdırılıb. Layihənin həyata keçirilməsində əsas məqsəd şagirdlər arasında ekoloji sağlam qidadan istifadəni təşviq etmək, həmçinin məktəblərin həyətyanı sahələrinin səmərəli istifadəsi və yaşıllaşdırılmasıdır.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva 2015-ci ildən FAO-nun xoşməramlı səfiridir. Bu qurumun fəaliyyətində isə dünyada aclıqla mübarizə, ərzaq təhlükəsizliyinin təmin olunması, sağlam ərzaq sistemlərinin yaradılması əsas istiqamətlərdəndir.

Sonra Leyla Əliyeva məktəbin müəllim kollektivi ilə görüşüb, burada uşaqların əl işləri ilə tanışlıq olub. Məlumat verilib ki, məktəbdə “Həyat bilgisi” dərslərində uşaqların ekoloji biliklərini artırmaq məqsədilə ətraflı məlumat verilir. Qeyd edək ki, ekoloji təhsil və maarifləndirmə işlərini fəaliyyətində prioritet edən IDEA İctimai Birliyi gənc nəsli təbiətin mühafizəsi üzrə səylərə cəlb etmək, təhsil müəssisələrinin ekoloji vəziyyətinə və təhsil alanların ətraf mühitlə bağlı biliklərinin artırılmasına müsbət təsir göstərmək məqsədilə Təhsil Nazirliyi ilə birgə artıq bir sıra layihələr həyata keçirib.













a>