24.03.2017

Mehmet Şimşək: “Bəzi ölkələrin Türkiyəyə qarşı mövqeyini anlaya bilmirik”

”Avropa bəzi sahələrdə Birinci Dünya savaşından əvvələ və hətta orta əsrlərə qayıdıb”.

METBUAT.info xəbər verir ki, APA-nın məlumatına görə, bu sözləri Bursanın Uludağ qəsəbəsində keçirilən VI Uludağ İqtisadiyyat Zirvəsindəki çıxışında Türkiyə baş nazirinin iqtisadiyyata cavabdeh müavini Mehmet Şimşək deyib.

Avropada borc böhranı, “Ərəb baharı”nın neqativ izləri və FETÖ-nün 15 iyul 2016-cı ildəki hərbi çevriliş təşəbbüsünün Türkiyə iqtisadiyyatı üzərində mənfi təsirlər yaratdığını söyləyən M. Şimşək bildirib ki, bütün bunlara baxmayaraq, iqtisadiyyatın 2017-ci ildə yenidən böyümə mərhələsinə daxil olacağına inanır. O, Türkiyəni idarə edənlərin də müəyyən nöqsanları olduğunu etiraf etdiklərini, onları aradan qaldırmaq üçün radikal islahatlar həyata keçirməyə hazırlaşdıqlarını vurğulayıb: “Bizim, hər şeydən əvvəl, Konstitusiya dəyişikliyinə ehtiyacımız var. 240 ildən bəri prezident üsuli-idarəsinin olduğu ABŞ-da 45-ci prezident qısa müddət əvvəl vəzifəsinin icrasına başladı. Bizim cümhuriyyətimiz isə hələ 100 yaşını doldurmadan 65 hökumət qurulub, hər 17-18 ayda yeni hökumət iş başına gəlib. Bu vəziyyət daim yeni böhranlar istehsal etməyə namizəddir. Konstitusiya dəyişikliyi paketimizi tənqid edənlər bizə haqsızlıq edirlər. Örnək verim: dövlət üçün ən mühüm sahə olan məhkəmə və prokurorların tamamilə müstəqil olmaları baxımından Hakimlər və Prokurorlar Şurasının 13 üzvü olacaq. 7 üzvü Məclisdəki 3 partiya müəyyənləşdirəcək, 6 üzvü isə prezident təyin edəcək. Prezident seçiləndən sonra ertəsi gün öz komandası ilə fəaliyyətə başlayacaq”.

Türkiyə baş nazirinin müavini təhsil sahəsində də radikal dəyişikliklər edəcəklərini, məktəb tikən firmalara qeyd-şərtsiz dəstək verəcəklərini diqqətə çatdırıb. O, Qərb ölkələrinin Türkiyə və Orta Şərqdəki etnik qrupları qızışdırdığını iddia edib: “Mən ata-anası savadsız olan, 6 yaşına qədər türkcə tək kəlmə bilməyən bir kürdəm. On ildir millət vəkili və nazirəm. Xanımım ankaralıdır, 3 övladımız var. Onlar səhər yuxudan oyananda özlərini hansı millətdən görməlidirlər? İstanbul dünyada ən çox kürdün yaşadığı şəhərdir”.

İngiltərənin, Fransanın, Aralıq dənizi ölkələrinin Türkiyə ilə heç bir problemi olmadığına diqqəti cəlb edən M. Şimşək qeyd edib ki, bəzi ölkələrin Türkiyəyə qarşı mövqelərini anlaya bilmir: “İndi Avropa bəzi sahələrdə Birinci Dünya müharibəsindən əvvələ və hətta orta əsrlərə qayıdıb. Liberal demokratiya böyük təhdid altındadır. Bunun əsas səbəbi isə terrordur”.

Qeyd edək ki, Bursa Uludağ İqtisadiyyat Zirvəsi “Doğan Media Holding”ə bağlı olan “Kapital” və “Ekonomist” dərgiləri tərəfindən təşkil edilir.

a>