16.03.2017

Manat ucuzlaşacaq?

“ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) baza faiz dərəcəsini artıraraq 1%-ə çatdırması manatın məzənnəsinə heç bir halda təsir etməyəcək”.

METBUAT.info xəbər verir ki, Oxu.Az-a bu barədə iqtisadçı-ekspert Pərviz Heydərov FED-in dünənki iclasının yekunları ilə bağlı qərarını şərh edərkən deyib.

Onun sözlərinə görə, bunun yalnız psixoloji təsiri ola bilər ki, bu da bu dəfə əvvəlkilərə nisbətən olduqca cüzi xarakter daşıyacaq:

“Ölkəmizin valyuta bazarında yaranmış vəziyyətin real məğzi bundan ibarətdir ki, manatın məzənnəsi xeyli müddətdən sonra demək olar ki, sabitləşmişdir. Bunda isə bir neçə faktor mühüm rol oynayıb və oynayır.

Birincisi, xarici təsirlər, yəni neftin qiymətiylə əlaqədar, o cümlədən qonşu ölkələrdə, ümumiyyətlə, əsas ticarət tərəfdaşlarımızda devalvasiya proseslərinin səngiməsiylə bağlı təzyiqlər azalmış, ikincisi hökumət bütün istiqamətlər üzrə qənaətə keçməklə mövcud büdcə-vergi siyasətini dəyişmiş, üçüncüsü, ölkədə pul-kredit siyasəti olduqca sərtləşdirilmiş, dördüncüsü, valyuta alqı-satqısı mexanizminin özü də tamamilə yeni formaya transformasiya edilməklə təkmilləşdirilmiş, beşincisi isə ölkədə dollarizasiya prosesinin özü də ən zirvə nöqtəsinə çatdığından xarici valyutaya tələb minimum səviyyəyə enmişdir”.

Ekspert əmin edib ki, FED-in qərarı ilə əlaqədar manat ucuzlaşmayacaq:

“Çünki banklarda dollar çoxdur, manat isə əksinə “yoxdur”. İdxal da əvvəlki həcmdə deyil. Çünki əvvəla, alıcılıq qabiliyyəti əvvəlki həddə deyil, ikincisi də işgüzar fəallıq səmərəlilik endiyindən və risk amilləri çoxaldığından “ölü vəziyyətdədir”. Odur ki, manat ucuzlaşmayacaq! Narahat olmayın”.

P.Heydərov əlavə edib ki, bu, neftin qiymətinə təsiri ola bilər ki, amma ABŞ özü isə buna hazır deyil:

“Amma bunun yeganə bir mənfi cəhəti olacaq. O da bundan ibarətdir ki, neft ucuzlaşa bilər. Neftin 40 dollarədək enməsi isə dövlət gəlirləri onun ixracından asılı olan ölkələrin hamısı üçün təhlükəlidir.

Buna isə heç ABŞ-ın özü də hazır deyil. Ona görə də, Canet Yellen xanımın bu qərarı sırf Amerika iqtisadiyyatı üçün hesablanmış bir addımdır. Təkrar edirəm ki, qorxmağa dəyməz!”.

Qeyd edək ki, martın 15-də ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iclası keçirilib.

İclasda FED uçot dərəcəsini 0,25% artırıb.

a>