28.03.2017

Lukaşenko: Lapşin başımıza bəla oldu

Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, Minsk nə Azərbaycan, nə də Ermənistan ilə blogger Aleksandr Lapşinin ekstradisiyası ilə əlaqədar münasibətləri korlamaq fikrində deyil.

METBUAT.info RİA Novosti-yə istinadən xəbər verir.

“Biz (Belarus və Ermənistan) yaxın xalqlar olmuşuq, belə də qalacağıq. Ermənistan Azərbaycana qarşı fərqli münasibət bəsləyir, amma o da bizə yaxın xalqdır... Biz niyə Azərbaycan və ya Ermənistan ilə münasibətləri korlamalıyıq? Bəlkə Azərbaycana və ya Ermənistana lazım olarıq... Axı niyə görə mənə aidiyyəti olmayan məsələyə qarışmalıyam...”, - bu barədə Lukaşenko çərşənbə axşamı Minskdə Ermənistanın səfiri Armen Xaçatryan ilə görüşdə bildirib. Belarus prezidentinin sözlərini onun mətbuat xidməti sitat gətirib.

Bununla yanaşı, Belarus prezidenti Ermənistanda Minskin ünvanına tənqidi fikirlərin səslənməsinə səbəb olan blogger Aleksandr Lapşinin ekstradisiyası məsələsini də şərh edib.

“Ermənistanın bura nə aidiyyəti var? Ermənistan mənə Lapşin barədə heç nə deməyib. O, yalnız Azərbaycan tərəfindən axtarışa verilib. Onu burada saxlayanda niyə saxlandığını düşündüm. Qoy hara gedir, getsin. Açıq danışsaq, başımıza bəla oldu, amma saxlanıldı.

İnterpol bilirdi. Biz qanuna riayət edərək bildirmişdik. Kimə verməli idik onu? Kim axtarışa veribsə ona. İlk dəfə bir şeyi etiraf edim, onu heç kim geri götürmək istəmirdi. Üç ölkənin vətəndaşıdır, heç bir ölkə onu istəmirdi, heç kim ağramayan başına yaylıq bağlamaq istəmirdi. Çünki istənilən məsələdə sətiraltılar var, bu məsələ də kimə isə sərf edən bir məsələ kimi hallandırılacaq”, - Lukaşenko deyib.

Qeyd edək ki, Aleksandr Lapşin – bir sıra dövlətin vətəndaşıdır. Azərbaycanın işğal olmuş ərazisinə səfər edib, o, bunun üçün həmin ərazidə yaşayan ermənilər ilə əlbir olub. Lapşin Azərbaycanın 2011-ci il oktyabr və 2012-ci il oktyabr tarixli sərhəd haqqında qanunlarını pozmaqda ittiham edilir.

Lapşin sosial şəbəkələrdə olan səhifələrində Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazisində qanunsuz rejimi təbliğ edərək Dağlıq Qarabağı “müstəqil dövlət” kimi təqdim edib, 2016-cı ilin 6 aprel və 29 iyun tarixlərində orada çıxış edərək Azərbaycanın ərazi bütövlüyünü pozmağa dair çağırışlar edib.

a>