8.03.2017

Göyərtilərin orqanizm üçün faydası

İlin dörd fəslində olan göyərtilər həm orqanizm üçün xeyirli, həm də gözəllik üçün əla vasitədir. 

METBUAT.info göyərtilərin sağlamlıq üçün faydalarını təqdim edir:

İspanaq

Bədənə soyuqluq və rütubət verir, mədəni yumşaldır və həzmi sürətləndirir. Sinə iltihabı və susuzluq zamanı, bədən qızdırması çox olan hallarda ispanaqlı xörək yemək məsləhətdir. Onun şirəsinə şəkər qatıb içdikdə, sidikqovucu təsir göstərir. Bişmişi baş ağrısı üçün münasibdir. Təpitmə kimi oynaqlara qoyduqda ağrıları sakitləşdirir, şişləri yatırdır. Çiy halda arı sancması zamanı, çibanın yetişməsi üçünsə təpitmə halında qoymaq məsləhətdir.

Şüyüd


Həm özündən, həm də toxumlarından istifadə edilir. Bədənə istilik və quruluq verir. Sidikqovucu, südqovucu və həzmedici xassəsi vardır. Toxumu bu baxımdan daha qüvvətlidir. Şüyüd sancını kəsir. Mədə zəifliyi, hıçqırma, qaraciyər və dalaq üçün faydalıdır. Təngnəfəslik, böyrək və sidik kisəsi xəstəlikləri, qulunc hallarında şüyüd yemək və ya xörəyə şüyüd qatmaq xeyirlidir. Özünü və toxumunu qaynadandan sonra alınan suyu sancını kəsir, yel və qazları özünə hopdurur. Xörək və turşularda şüyüd toxumu işlətmək mədə üçün çox faydalıdır.

Keşniş

Keşniş suyuna bir az şəkər qatıb içmək iştahanı artırır, yuxu gətirir, həzmi yaxşılaşdırır. Buna bir qədər sirkə və sumaq əlavə etmək daha yaxşı təsir göstərir. Ümumiyyətlə, keşniş öd ifrazı şiddətini azaldır, mədə iltihabı, susuzluq və ürəkbulanmaya qarşı münasibdir. Yarpağını təpitmə kimi qoyduqda şişi yatırır, qızılyel zamanı faydalıdır. Keşniş suyu ilə ağızı qarqara etdikdə ağız boşluğundakı, dildəki sızanaqlar və zədələr yox olur. Keşniş toxumu bədənə quruluq verir, ürək döyüntüsü, başağrısı üçün münasibdir. Cirə ilə qatıb yedikdə, mədə fəaliyyətini gücləndirir, hıçqırmaya qarşı yaxşı təsir göstərir. Keşnişi çeynədikdə ağızdan gələn pis qoxunu və şərab iyini aradan qaldırır. Çox şüyüd yemək təngnəfəslik yaradır və astmaya ziyandır.

Nanə

Bədənə istilik və quruluq verir. Mədə və ürək fəaliyyətini qüvvətləndirir. Xörəklərdə nanə işlətmək həzmə yaxşı təsir edir. Mədə üçün faydalıdır, bağırsaq qazını özünə hopdurur, qanı durulaşdırır. Onu turş nar suyu ilə yedikdə hıçqırma və ürəkbulanmanı yatırır, iştahanı gücləndirir, mədə və nəfəs borusunu təmizləyir. Arpa unu ilə qatıb, təpitmə qoyduqda südqovucu təsir göstərir, çibanı yetişdirir.

Tərxun

Bədənə istilik və quruluq verir. Mədəni möhkəmləndirir, iştaha gətirir. Onu çeynəmək ağız yarası üçün
faydalıdır.

Kərəviz

Bədənə istilik və quruluq verir. Sidikqovucudur, böyrək və sidik kisəsini təmizləyir. Mədə köpünü yatırır və qazları özünə hopdurur. Yeməklərdə kərəviz işlətmək təngnəfəslik, hıçqırma, böyrəkağrısı hallarında faydalıdır. Arpa unu ilə təpitmə düzəldib, şiş üzərinə qoyduqda yaxşı təsir göstərir. Kök və yarpağını balda uzun müddət saxlayıb, işlətdikdə mədəni qüvvətləndirir, ürəkbulanmanı yatırır. Sirkə ilə işlətdikdə iştahanı artırır. Kərəviz yemək arıqladıcı təsir göstərir.

Reyhan


Bədənə istilik və quruluq verir. Yuxu gətirir. Pis qoxuları aparır. Xörəklərdə reyhan işlətmək ürək döyüntüsü və mədə zəifliyi hallarında münasibdir. Şirəsini şəkər ilə qatıb işlətmək, sinə ağrısı və təngnəfəslik zamanı faydalıdır. Onu çeynəmək və suyu ilə ağızı qarqara etmək ağız yarası zamanı məsləhət görülür.