13.03.2017

Gömrük Komitəsinin büdcəyə ödənişləri məlum oldu

Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə 2017-ci ilin fevral ayında dövlət büdcəsinə 194 milyon 938,90 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2016-ci ilin müvafiq dövrü ilə müqayisədə 91 milyon 312,24 min manat, yaxud 88,12% çoxdur.

METBUAT.info-nun məlumatına görə, “Report”un DGK-ya istinadən verdiyi məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 25 milyon 879,46 min manat, yaxud 110,40% (2,1 dəfə) artaraq 50 milyon 482,40 min manat olub.

Həmçinin, ƏDV üzrə daxilolmaların həcmi 59 milyon 788,91 min manat, yaxud 77,75% artaraq 136 milyon 690 min manat, aksizlər üzrə 3 milyon 237,78 min manat yaxud 152,44% (2,5 dəfə) artaraq 5 milyon 361,80 min manat, yol vergisi üzrə daxilolmalar isə 1 milyon 245,59 min manat və ya 107,81% yaxud 2,1 dəfə artaraq 2 milyon 404,70 min manat təşkil edib.