15.03.2017

Fransua Olland: Dağlıq Qarabağda mövcud status-kvo qəbuledilməzdir

“Biz Dağlıq Qarabağ məsələsi haqqında danışdıq və bildirdik ki, mövcud status-kvo qəbuledilməzdir. Risklər var və biz bunu keçən ilin aprel ayında baş verən insidentdən də gördük”.

METBUAT.info xəbər verir ki, bunu Fransa prezidenti Fransua Olland martın 14-də Parisdə azərbaycanlı həmkarı İlham Əliyevlə mətbuata bəyanatı zamanı bildirib.

“Biz danışıqların yenidən bərpa olunmasını arzulayırıq. Minsk qrupunun həmsədri kimi istəyirik ki, digər həmsədrlər - ABŞ və Rusiya da bu prosesə töhfə versin. Düşünürük ki, parametrlər bəllidir və uzun müddətdir davam edən bu münaqişənin həlli yolunu tapmaq mümkündür.

Hesab edirik ki, hər dəfə sülhə töhfəmiz beynəlxalq səviyyədə həyata keçirmək istədiyimiz fəaliyyətin və qurmaq istədiyimiz münasibətlərin məğzidir. Xüsusilə də gərginliklər olanda və hazırda Avropa ilə Türkiyə arasında olan vəziyyətdə. Bizim rolumuz aydın şəkildə bildirməkdir ki, nəyi qəbul edirik, nəyi qəbul etmirik. Avropa ilə Türkiyə arasında olan münasibətlərin sabitləşməsi üçün də töhfəmizi verməliyik. Digər mövzularda olduğu kimi, bu mövzu ilə də bağlı dialoqu təşviq etməliyik”, - deyə o əlavə edib.

Daha sonra F.Olland Azərbaycan ilə Fransa arasında bir çox sahələrdə, xüsusilə, siyasi sahədə yaxşı əlaqələrin olduğunu qeyd edib.

“Azərbaycanın regiondakı və regionun hüdudlarından kənardakı bütün tərəfdaşları ilə danışıqlar aparmaq sahəsindəki rolu bizə məlumdur. Bizim yeganə məqsədimiz sülhdür. Biz təkcə regionda deyil, eyni zamanda, qlobal səviyyədə təhdid olan və bizim də üzləşdiyimiz terrorizmə qarşı sülh axtarırıq.

İqtisadi kontekstdə isə deyə bilərəm ki, bizim şirkətlər artıq Azərbaycanda fəaliyyət göstərir. Çalışırıq ki, bizim şirkətlər bu ölkədə sərmayə yatırsınlar, kontraktlar imzalayaraq əhalini lazımi təchizatla təmin etsinlər. Çox şadam ki, cənab Əliyevlə MEDEF şirkətləri arasında məhsuldar müzakirələr aparılıb. Bir çox kontraktların imzalanması barədə danışılıb, xüsusilə də “Thales lnternational” şirkəti ilə”, - deyə o əlavə edib.

Prezident ətraf mühit sahəsində də əməkdaşlıq imkanlarından danışıldığını diqqətə çatdırıb:

“Paris Sazişinin həyata keçirilməsi üçün ekspertlərimizin mübadiləsini aparmalıyıq və bir neçə ekoloji problemləri həll etmək lazımdır - infrastruktur, bərpaolunan enerji və ətraf mühit üçün faydalı olan bütün vasitələrlə. Biz dövlət xidməti sahəsində də iki ölkə arasında möhkəm əlaqələrin olmasını istəyirik ki, bunun sayəsində bütün sahələrdə innovasiyaları tətbiq edək. Azərbaycan ilə Fransa arasında belə bir konsepsiya var ki, yeni texnologiyalar – rəqəmsal texnologiya iqtisadi inkişafa xidmət etsin”.

“Mənim Bakıya səfərim zamanı biz təhsil sahəsində də əlaqələri genişləndirməyi müzakirə etmişdik. Bakıda Fransız məhəlləsində Fransız Liseyinin əsasını qoyduq. Bu layihə müvəffəqiyyətli oldu. Bu gün artıq Universitet səviyyəsində əməkdaşlığı inkişaf etdiririk və keçən ilin sentyabr ayında Azərbaycan-Fransız Universiteti açılıb. Bu da müvəffəqiyyətli olub, bir çox fransız universitetləri artıq əməkdaşlıq edirlər.

İndi digər iki mövzu barədə danışacağam. Birincisi, Azərbaycan ilə Avropa İttifaqı arasındakı danışıqların başlanmasıdır. Biz istəyirik qarşıya qoyulan məqsədlərə nail olunsun. Şərq Tərəfdaşlığı çərçivəsində Avropa bu danışıqlara başlayıb və Fransa bunu elə ilk gündən dəstəkləyir”, - deyə Fransua Olland qeyd edib.