30.03.2017

FİFA dünya çempionatlarında Avropa ölkələrinin sayını artıracaq

Beynəlxalq futbol federasiyası (FİFA) futbol üzrə 2026-cı ildə keçiriləcək dünya çempionatında Avropa ölkələrinin sayını artıracaq.

METBUAT.info-nun xəbərinə görə, bu barədə martın 30-da qurumun rəsmi saytında məlumat verilir.

Qərar Sürixdə təşkilatın prezidenti və altı konfederasiya rəhbərinin daxil olduğu FİFA Şurasının iclasında qəbul edilib.

Toplantıda ilk dəfə 48 yığmanın iştirak edəcəyi 2026-cı il dünya çempionatına yerləri bölüşdürüblər.

FİFA “DÇ-2026”da yerləri belə bölüşdürməyi təklif edir: Avropa Futbol Assosiyasiyaları İttifaqı (UEFA) - 16, Afrika Futbol Konfederasiyası (CAF) - 9, Asiya Futbol Konfederasiyası (AFC) - 8, Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) - 6, Şimali və Mərkəzi Amerika və Karib dənizi hövzəsi Futbol Assosiasiyaları Konfederasiyası (KONKAKAF) - 6, Okeaniya Futbol Konfederasiyası (OFK) - 1.

Daha iki vəsiqə isə altı komanda arasında play-off mərhələsində oynanılacaq.