13.03.2017

Deputat bankların bağlanmasına qarşı çıxdı

2017-ci ildə Azərbaycanda daha bir neçə bank bağlana bilər.

METBUAT.info Fins.az-a istinadən xəbər verir ki, Azərbaycan hökumətinin 2016-cı il üzrə hesabatına əsasən, ümumilikdə, həyata keçirilmiş tədbirlər nəticəsində 32 bankdan cəmi 5-də kapitallaşma prosesi yekunlaşıb. Digər banklarda isə proses davam edir.

Bununla belə bildirilir ki, digər bankların maliyyə vəziyyəti kifayət qədər dayanıqlıdır. Müxtəlif təhlillər vasitəsilə onların maliyyə dayanıqlılığı nəzarət altında saxlanılır, kapital buferinin yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər görülür.

İqtisadçı-ekspertlər isə hesab edirlər ki, bu il ərzində Azərbaycanda bankların bağlanması və ya birləşmə prosesi davam edəcək.

Millət vəkili Vahid Əhmədov bildirib ki, bankların sağlamlaşdırılması ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) müəyyən işlər görsə də, bu prosesi axıra çatdıra bilməyib.

Onun sözlərinə görə, banklarda bir sıra maliyyə problemləri qalmaqdadır:

“Bəzi bankların kredit portfeli, likvidliyi, kapitalı ilə bağlı ciddi problemləri olduğu üçün müəyyən bankların bağlanmasından söhbət gedə bilər və bu gözləniləndir”.

V.Əhmədov hesab edir ki, kapital yığımı yüksək səviyyədə olmayan bir sıra banklar bağlanacaq. O bildirib ki, hazırda 32 bank da Azərbaycan üçün çoxdur.

O qeyd edib ki, ölkə üzrə iri kapitallı 15-16 bank kifayətdir ki, müştərilərə normal xidmət göstərsin: “Banklar son vaxtlar dollarla olan kreditlərə müəyyən qədər güzəştə getsələr də, amma problem öz həllini tapmayıb, vaxtı ötmüş kreditlər artıq 1,5 milyard manata çatıb. Bankların kredit portfeli çox aşağıdır, faktiki olaraq kredit verilmir, müəyyən pul qıtlığı yaranır və bu kimi problemlər çoxdur.

İl ərzində neçə bankın və hansı bankların bağlanacağı məsələsinə gəldikdə isə millət vəkili bildirib ki, bunu demək çətindir”.

Deputat qeyd edib ki, bu, bankların apardığı siyasətdən, onların kapital məbləğindən, likvidliyindən və digər məsələlərdən asılı olacaq: “Bu məsələləri həll edə bilsələr qalacaqlar, həll edə bilməsələr bazardan çıxacaqlar”.

Ümumilikdə isə V.Əhmədov bankların bağlanmasının tərəfdarı olmadığını bildirib:

“Prezident İlham Əliyevin də bildirdiyi kimi biz bankların təmərküzləşməsini istəyirik. Birləşsinlər, yeni kapital əmələ gətirsinlər ki, sonra aşağı faizlə kredit verə bilsinlər”.

a>