27.03.2017

Cənubi Koreyada sabiq prezidentin həbs olunması tələb edilir

Cənubi Koreya prokurorluğu sabiq prezident Pak Kın Xenin həbsini tələb etmək qərarına gəlib. O, korrupsiya qalmaqalına aidiyyəti olmaqda ittiham edilir.

METBUAT.info bu barədə BBC-yə istinadən xəbər verir.

İttiham tərəfi həmçinin Pak Kın Xenin dövlət işlərinə dair məxfi informasiya sızmaya yol verdiyini də qeyd edir.

Prokurorlar çox sayda dəlil toplasalar da, müttəhimin hər şeyi təkzib etdiyini vurğulayıblar. Onlar iddia edirlər ki, gələcəkdə dəlillərin məhv edilməsi riski mövcuddur.

Sənəddən prokurorların sabiq prezidentin həbsinə dair Seulun mərkəzi rayon məhkəməsinə sorğu göndərdikləri və ya göndərmədikləri aydın deyil. Məhkəmə nümayəndələri bu barədə şərh verməyiblər.

Bununla yanaşı, Yaponiyanın “Kiodo” agentliyi Pak Kın Xenin həbs edilməsinə dair sorğunun məhkəməyə göndərildiyinə dair məlumat yayıb.

Cənubi Koreyada qalmaqal 2016-cı ilin oktyabrında yaranıb. Kabel televiziyalardan birinin jurnalistləri hotelin zibil yeşiyində prezidentin nitqləri də daxil olmaqla məxfi sənədlərin olduğu portativ kompüter aşkar etmişdilər.

Bir müddət sonra Pak Kın Xe prezidentliyinin ilk dövründə çıxışlarına hazırlaşarkən rəfiqəsi Çxve Sun Sil ilə məsləhətləşdiyini və onu məxfi sənədlərlə tanış etdiyini etiraf edib. Prezident ölkə vətəndaşları qarşısında üzr istəmişdi.