11.03.2017

Çavuşoğlu təyyarəsinin Niderlanda enişinə qadağa qoyulmasını şərh edib

Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu Niderland hökumətinin onun təyyarəsinin enişinə icazəni ləğv etməsini “yolverilməz qalmaqal” adlandıraraq, cavab addımlarının atılacağını vəd edib. APA-nın "Assoşieyted Press"ə istinadən verdiyi xəbərə görə, bunu XİN rəhbəri Ankara aeroportuna qayıtdıqdan sonra bildirib

“Onlar icazəni guya təhlükəsizlik baxımından ləğv ediblər. Yəni nazir terrorçudur? Biz onlara layiq olduqları cavabı verəcəyik” – deyə Çavuşoğlu bildirib.

Xəbər verildiyi kimi, bu gün Hollandiya hökuməti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin ölkəyə enişinə icazəni ləğv edib. Hollandiya hökuməti qərarını “ictimai asayiş və təhlükəsizliyə təhdid”lə əlaqələndirib.

Prezident Rəcəb Tayyib Ərdoğan Hollandiyanın bu addımına sərt reaksiya göstərib: "Nazirimiz Hollandiyaya getmək istəyərəkən, bu xəbər gəldi. Referendumdan sonra bu işlərlə məşğul olacağıq. Görək, sənin təyyarələrin Türkiyəyə necə gələcək? Mən diplomatiyadan danışıram, vətəndaşların səyahətini nəzərdə tutmuram. Bunlar bu qədər qorxaqdır, nasizmin qalıqlarıdır, faşistdirlər".

Türkiyənin baş naziri Binəli Yıldırım, öz növbəsində, Avropanı Türkiyənin daxili işlərinə qarışmamağa çağırıb: “Ey, Avropa, Türkiyənin daxili işlərinə və siyasətinə qarışmağa son qoy və tərəfkeşlik etməyi dayandır”.

Qeyd edək ki, daha əvvəl martın 11-də Rotterdama gedəcəyini bəyan edən nazir "Hollandiya uçuş icazəmi ləğv edirsə, bizim böyük sanksiyalarımız olar"- deyə, bildirmişdi.

İnsidentdən sonra Niderlandın Ankaradakı müvəqqəti işlər müvəkkili Türkiyə XİN-ə çağırılıb.

Çavuşoğlu bu gün Rotterdamda Hollandiyada yaşayan Türkiyə vətəndaşları qarşısında çıxış edərək Türkiyə konstitusiyasına dəyişiklikləri dəstəkləməyə çağırmağı planlaşdırırdı.

a>