22.03.2017

Bu il abituriyentlər üçün qəbul müsabiqəsinin şərtləri necə olacaq?

Dövlət İmtahan Mərkəzi 2017-2018-ci tədris ili üçün ali məktəblərə tələbə qəbulu zamanı abituriyentlər üçün müsabiqənin hansı formada keçiriləcəyini açıqlayıb.

Mərkəzdən METBUAT.info-ya verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi abituriyentlərin bütün ixtisas qruplarına imtahan nəticələri elan olunduqdan sonra aparılacaq.

İxtisas seçiminə imtahan nəticələri Mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan abituriyentlər buraxılacaq. Abituriyentlər ali təhsil müəssisələrinin imtahan verdikləri ixtisas qruplarına aid ixtisaslarını seçməli, onları istədikləri ardıcıllıqla elektron ixtisas seçimi ərizə formasına daxil etməli və təsdiqləməlidirlər.

Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarını ərizələrində yalnız qabiliyyət imtahanından Mərkəz tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun qiymət alan abituriyentlər göstərə bilərlər.

Ali təhsil müəssisələrinin I-IV ixtisas qrupuna daxil olan ixtisasları üzrə müsabiqə abituriyentin qəbul imtahanında topladığı ümumi bal əsasında aparılacaq. Abituriyent eyni tədris ilində keçirilən bir neçə qəbul imtahanında iştirak etdiyi halda, müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini özü müəyyən edəcək.

Ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:

- təhsil haqqında sənədə (attestata) tədris dili, ədəbiyyat, xarici dil, riyaziyyat, Azərbaycan tarixi, ümumi tarix, fizika, kimya, biologiya, coğrafiya fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası;

- xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanının yekun nəticəsi (bal);

- qəbul imtahanının əsas fənləri üzrə nisbi balların cəmi;

- qəbul imtahanının əsas fənləri üzrə düzgün cavabların sayının cəmi;

- qəbul imtahanı fənlərinin üstünlük dərəcəsini nəzərə almaqla, həmin fənlərdən ayrılıqda toplanılan nisbi balların miqdarı;

- qəbul imtahanının bütün fənləri üzrə bütövlükdə düzgün cavabların sayı;

- qəbul imtahanı fənlərinin üstünlük dərəcəsini nəzərə almaqla, ayrılıqda həmin fənlər üzrə düzgün cavabların sayı.

Ali təhsil müəssisələrinin V ixtisas qrupuna daxil olan, qabiliyyət imtahanlarının nəticələri balla qiymətləndirilən, xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə abituriyentin qabiliyyət imtahanlarında topladığı yekun bal əsasında aparılır. Ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:

- abituriyentin qəbul (cari ilin abituriyentləri üçün buraxılış) imtahanında topladığı ümumi bal;

- təhsil haqqında sənədə (attestata) tədris dili, ədəbiyyat, xarici dil, riyaziyyat, Azərbaycan tarixi, ümumi tarix, fizika, kimya, biologiya, coğrafiya fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası;

- riyaziyyat fənni üzrə imtahan balı;

- Azərbaycan (rus) dili fənni üzrə imtahan balı.

Ali təhsil müəssisələrinin V ixtisas qrupuna daxil olan, qabiliyyət imtahanlarının nəticələri “məqbul”la qiymətləndirilən, xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə abituriyentin qəbul (cari ilin abituriyentləri üçün buraxılış) imtahanında topladığı yekun bal əsasında aparılır. Ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:

- təhsil haqqında sənədə (attestata) tədris dili, ədəbiyyat, xarici dil, riyaziyyat, Azərbaycan tarixi, ümumi tarix, fizika, kimya, biologiya, coğrafiya fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası;

- riyaziyyat fənni üzrə imtahan balı;

- Azərbaycan (rus) dili fənni üzrə imtahan balı.

Ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək mümkün olmadıqda, onların hamısı müvafiq ixtisasa yerləşdirilir.

Xüsusi təyinatlı ali təhsil müəssisələrinə sənəd verən abituriyentlər ilk növbədə həmin ali təhsil müəssisələrinin müvafiq ixtisası üzrə müsabiqədə iştirak edirlər. Abituriyent yalnız bir xüsusi təyinatlı ali təhsil müəssisəsinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilər. Müsabiqədən keçməyən abituriyentlərə həmin ixtisas qrupuna daxil olan digər ixtisaslar üzrə keçirilən müsabiqədə ümumi qaydada iştirak etmək imkanı verilir.

Abituriyentlərin yerləşdirilməsi onların seçdikləri ixtisasların ardıcıllığına uyğun olaraq, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu nəzərə alınmaqla, ixtisaslar üzrə vakant yerlərin sayı çərçivəsində həyata keçiriləcək. Abituriyentlər müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdiriləcək.

Qəbul imtahanları nəticəsində dövlət sifarişi ilə ali təhsil almaq hüququnu qazanan abituriyentlər mülkiyyət formasından asılı olmayaraq, dövlət sifarişi əsasında mütəxəssis hazırlığında iştirak edən istənilən ali təhsil müəssisəsini seçə bilərlər.

Müsabiqənin nəticələri elan olunduqdan sonra boş qalan yerlər elan edilir, abituriyentlər tərəfindən ixtisas seçimi həyata keçiriləcək və həmin yerlərə müsabiqə yolu ilə yerləşdirilmə aparılacaq.