30.03.2017

Bakıda daha bir avtomobil yarışı keçirmək istəyirlər

“Formula E”-nin baş direktoru Alehandro Aqaq Bakıda elektromobillərin yarışını keçirmək niyyətindədir.

METBUAT.info bu barədə Haqqin.az-a istinadən xəbər verir.

“Formula E” genişlənməyə davam edir. Doqquz istehsalçı 2018/19 mövsümündə iştirakını təsdiqləyib. Hazırda “Formula E” gələn ilin təqvimini hazırlamaq üçün yarışların keçiriləcəyi yeni şəhərlər axtarır. Bununla əlaqədar Alehandro Aqaq izah edib ki, elektrik bolidləri Bakı və Şanxaya gətirmək niyyətindədir. Onun fikrincə, bu iki şəhər “Formula E”-nin Asiyada yayılmasına yardım edəcək. Belə ki, bu mövsümdə Asiya regionunu yalnız Honqkonq təmsil edir.

“Yarışın cəlbedici çempionat olmasında maraqlıyıq. Biz daha maraqlı və vacib şəhərlərə səfər etmək istəyirik. Hesab edirik ki, Bakı yarışlarımız üçün uyğunlaşdırılıb. Bu, “Formula E”-nin inkişaf edə biləcəyi gözəl şəhərdir. Biz ictimaiyyətin “Formula 1”-ə böyük ümidlər bəslədiyi Azərbaycana getmək istərdik. Biz həmçinin “Formula E”-nin Çində də inkişaf imkanını təhlil edirik. Şanxayda yarışlar keçirmək istəyirik. Bu, variantlardan biridir”, - Aqaqın sözlərini motor.es sitat gətirib.

“Formula E” – elektrmobillərin yarışıdır. Yarış 2012-ci ildə təsis edilib və Beynəlxalq Avtomobil Federasiyası tərəfindən (FİA) sanksiyalaşdırılıb.

“Formula E”-nin 2016/17 mövsümü Honqkonq, Mərakeş, Beunos-Ayres, Mexiko, Monte-Karlo, Paris, Berlin, Brüssel, Nyu-York və Monrealda (ABŞ və Kanadada hər ölkədə iki mərhələ olmaqla) keçiriləcək 12 mərhələdən ibarət olacaq.

“Bakıda 2016-cı ildə keçirilən ilk yarış “Formula 1” üçün uğurlu olub. Azərbaycan isə avtomobil idmanı üçün formalaşan bazardır. Bakı gözəl şəhər və avtoidman üçün yeni bazardır. İlk yarış çox möhtəşəm keçdi. Mən televizorda yarışları çox diqqətlə izləyirdim, orada olanlar isə mərhələnin ideal şəkildə təşkil olunduğunu deyirdi”, - Aqaq bildirib.

Azərbaycanda azarkeşlər auditoriyası inkişaf edir, hazırda keçənilki ilə müqayisədə beş dəfə artıq bilet satılıb. Avtoidman üçün yeni ərazilərdə yarışların keçirilməsi, yeni tamaşaçıların cəlb edilməsi çox vacibdir”.

a>