31.03.2017

“Azəriqaz”da ciddi nöqsanlar aşkarlandı

“Azəriqaz”ın balansında olan əsas vəsaitlərin əvəzsiz olaraq digər hüquqi şəxslərin balansına köçürüldüyü üzə çıxıb.

Hesablama Palatasının Kollegiya iclasında Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin nəticələri haqqında hesabat təsdiq olunub.

METBUAT.info APA-ya istinadən xəbər verir ki, müəyyən edilib ki, əhali istehlakçı qrupu üzrə qaz şəbəkəsinin yenidən qurulmasına vəsait qoyulsa da, birlik üzrə normadan artıq itki 2014-cü ildə 12,4% təşkil edib, 2015-ci ildə isə 14% olub.

“Azəriqaz” İB ilə Qaz İxrac İdarəsi arasında təbii qazın magistral qaz kəmərləri vasitəsi ilə nəqli üzrə müqavilədə təbii qazın itkisinin örtülmə mənbəyi və miqdarı göstərilməyib, bu sahədə tərəflərin məsuliyyəti müəyyənləşdirilməyib.

Bir sıra hallarda dövlət büdcəsinin vəsaiti hesabına nizamnamə kapitalının artırılmasına aid edilmiş məbləğ üzrə ƏDV məbləği əvəzləşdirilməsi hallarına yol verilib, Dövlət Neft Şirkətinin baş ofisi tərəfindən birliyə qaytarılmaq şərti ilə ayrılmış maliyyə yardımlarının sonradan borc kimi geri alınması ayrıca sənədlə rəsmiləşdirilməyib.

Bu vəsaitin xərc istiqamətləri müəyyənləşdirilməmiş və xərclər smetası tərtib edilməyib, həmin vəsaitlərin birliyin maliyyə-təsərrüfat fəaliyyətinə təsirləri və gələcəkdə qaytarılma mənbələri əsaslandırılmayıb. Tərəflər arasında münasibətlər, o cümlədən ödəniş qrafiki müəyyən edilməyib.

Birliyin Nizamnaməsinə əsasən, qurum ARDNŞ-nin öhdəliklərinə, ARDNŞ isə birliyin öhdəliklərinə görə cavabdeh olmadığı müəyyən edilsə də, “Azəriqaz” İB-nin balansında olan əsas vəsaitlərin və müəssisələrin Dövlət Neft Şirkətinin tabeliyində olan hüquqi şəxslərə əvəzsiz verilməsi “Azəriqaz” İB-nin gəlirliliyinin azalmasına, ödəmə qabiliyyətinin aşağı düşməsinə gətirib çıxarması ilə yanaşı əlavə öhdəliklərin yaranmasına da səbəb olub.

“Azəriqaz” İstehsal Birliyinin maliyyə hesabatları Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun hazırlansa da, qüvvədən düşmüş normativ sənədlərə uyğun hazırlanmış hesabat göstəriciləri arasında fərqlər mövcud olub.

Maya dəyərinə çəkilmiş xərclər ötən illərlə müqayisədə artaraq 2013-cü ildə ümumi gəlirlərin 48,4%-ni, 2014-cü ildə 53,2%-ni və 2015-ci ildə isə 55,2%-ni təşkil etməsi, həmçinin, gəlir əldə olunması üçün təşkilat tərəfindən aktivlərin istifadəsi üzrə fondverimliliyinin hər il azalaraq 2013-cü ildə 23,1%, 2014-cü ildə 22,4% və 2015-ci ildə isə 21,8% təşkil etdiyi müəyyən olunub.

Birliyin balansında olan əsas vəsaitlərin əvəzsiz olaraq digər hüquqi şəxslərin balansına köçürülməsi və digər bu kimi hallar “Azəriqaz” İB-nin fəaliyyətinin (auditlə əhatə olunan dövrdə) zərərlə başa vurması ilə nəticələnib.

Auditin nəticəsi barədə Milli Məclisə məlumat təqdim edilib.

a>