8.03.2017

Azərbaycanda qadınların cəmi 20 faizi evdə oturmaq istəyir

Qadınların evdə oturmasını istəyənlərin sayı onların işləməsini istəyənlərdən iki dəfə azdır. Beynəlxalq Əmək Təşkilatı (ILO) və “Gallup” sorğu mərkəzinin apardığı araşdırma üzə çıxarıb ki, qadınların 70%-i, kişilərinsə 66%-i qadınların ödənişli işlə məşğul olmasının tərəfdarıdır. Qadınların cəmi 27%-i evdə oturmaq istəyir. 41%-i həm işləmək, həm də ailəsinin qayğısına qalmaq arzusundadır, 29%-i ödənişli işləməyə üstünlük verir.

METBUAT.info Azadlıq Radiosuna istinadən xəbər verir ki, sorğu dünyanın 142 ölkəsində 150 minə yaxın adamın arasında aparılıb.

Bəlli olub ki, işləmək tərəfdarı olanlar əsasən işləyə bilməyənlər, o cümlədən qadın əməyindən istifadə edilməyən ölkələrdə, məsələn, ərəb ölkələrində yaşayan qadınlardır.

Maraqlıdır ki, sorğular bu məsələdə qadınlarla kişilərin fikirlərinin, demək olar ki, üst-üstə düşdüyünü göstərib. Kişilərin 29%-i qadının evdə oturmalı olduğunu deyib, 28%-i həyat yoldaşının işləməyinin, 38%-i həm ödənişli, həm də ev işləriylə məşğul olmasının tərəfdarıdır.

Azərbaycanda sorğuya qatılan qadınların 83, kişilərin isə 63%-i xanımların ödənişli əməklə məşğul olmasına etiraz etmədiyini söyləyib. Qadınların 14, kişilərin isə 31%-i qadının kənarda işləməsinə razı olmadığını deyib.

Respondentlərin 47-48%-i təhsilli qadınlarla kişilərin Azərbaycanda eyni iş imkanları olduğunu, 31%-i iş tapmağın qadınlardan ötrü kişilərə nisbətən çətin olduğunu vurğulayıb.

Azərbaycanlı qadınların cəmi 20%-i evdə oturmaq istədiyini, 22%-i həm evlə, həm kənar işlərlə məşğul olmaq, 56%-i vaxtını ödənişli əməyə sərf etmək arzusunu bildirib.

a>