27.03.2017

Azərbaycan, Ukrayna, Gürcüstan və Moldova GUAM formatında görüş keçirəcək

Bu gün Ukraynanın paytaxtı Kiyev şəhərində Azərbaycan, Ukrayna, Gürcüstan və Moldova GUAM formatında görüş keçirəcək.

METBUAT.info-nun Report-a istinadla məlumatına görə, bu barədə Ukrayna Nazirlər Kabinetinin mətbuat xidməti xəbər yayıb.

Birliyin toplantısında Azərbaycanı baş nazirin müavini İsmət Abasov, Gürcüstanı baş nazir Georgi Kvirikaşvili, Moldovanı hökumət rəhbəri Pavel Filip və Ukraynanı baş nazir Vladimir Qroysman təmsil edəcək.

İştirakçılar müzakirələrin birinci mərhələsində GUAM-ın azad ticarət zonasının perspektivlərini nəzərdən keçirəcəklər. Danışıqların ikinci mərhələdə isə birliyin nəqliyyat dəhlizinin yaradılması diqqət mərkəzində olacaq.

Xəbərdə bildirilir ki, səhər keçiriləcək iclasdan sonra danışıqların iştirakçıları biznes-foruma da baş çəkəcəklər.