28.03.2017

Azərbaycan işsizliklə mübarizədə nümunəvi ölkə kimi göstərilir

“Biz yeni iş yerləri yaratmalıyıq. Çünki biz işsizliyi daim aşağı səviyyədə saxlamalıyıq. Bu gün dünya miqyasında işsizliklə mübarizədə Azərbaycan nümunəvi ölkə kimi göstərilir. Çünki bizdə işsizlik çox aşağı səviyyədədir və aşağı səviyyədə qalmalıdır”.

METBUAT.info-nun məlumatına görə, bunu Saatlıda keçirilən müşavirədə Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Prezident bildirib ki, bəzi qonşu ölkələrdə həm işsizlik artıq böhran həddinə çatır, eyni zamanda, orada demoqrafik böhran yaşanır:

“Bizdə isə əhali artır. Əhali artdıqca biz yeni iş yerləri haqqında düşünməliyik. Əhalinin artımı çox müsbət göstəricidir və müsbət prosesdir. Azərbaycan əhalisi on milyona yaxınlaşır. Bu, yaxın gələcəkdə tarixi nailiyyət olacaq. Ancaq, eyni zamanda, bu, bizim qarşımızda yeni vəzifələr qoyur. Biz iş yerlərinin yaradılması ilə daim məşğul olmalıyıq ki, işsizlik aşağı səviyyədə olsun. Ona görə məşğulluq üçün pambıqçılığın çox böyük xeyri var”.

Dövlət başçısı qeyd edib ki, ilin əvvəlindən təkcə ictimai işlərə 40 mindən çox vətəndaş cəlb edilib, 40 mindən çox yeni iş yeri ancaq dövlət sektorunda yaradılıb: “Dövlət şirkətlərində, dövlət qurumlarında, yerli icra orqanlarında 40 mindən çox vətəndaş artıq işlə təmin edilib. Bu, təmir-tikinti işləridir, bu, yaşıllıqlara qulluq etmək üçün nəzərdə tutulan iş yerləridir”.