27.03.2017

Azərbaycan-İran sərhədində insident

Azərbaycanın dövlət sərhədinin pozul­masının və külli miqdarda qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Bu barədə METBUAT.info-ya Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Belə ki, Cəlilabad rayonunun Bəyxanlı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən İrandan Azərbaycana dövlət sərhədini pozmağa cəhd edən iki nəfər sərhəd pozucusu aşkar edilib.

Təqib olunan sərhəd pozucuları sərhəd naryadının “dayan” çağırışına və xəbərdarlıq atəşinə baxmayaraq üzərlərində olan qaçaqmalı ataraq havanın qaranlıq olmasından və sərhəd xəttinə yaxın olmalarından istifadə edərək geriyə qaçmağa müvəffəq olublar.

Xidməti ərazidə aparılan axtarış tədbirləri nəticəsində 546 konvolyut “T-DOOL”, 300 konvolyut “Pregabalin”, 930 konvolyut “FOX DOL”, 30 konvolyut “Methadone”, 500 konvolyut “T-DOLL 200 ml”, 1000 ədəd “Mydrax” markalı psixotrop preparatları, 15 qram narkotik maddə olan tiryək aşkar olunaraq götürülüb.

Sərhəd pozucularının şəxsiyyətlərinin müəyyən edilərək saxlanılması məqsədilə müqabil tərəf məlumatlandırılıb. Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.