16.03.2017

“ABŞ kürdləri İŞİD-ə qarşı yox, Türkiyəyə qarşı silahlandırır”

ABŞ Suriyada PKK-dan başqa kürd qruplaşma istəmədiyini bildirib. ABŞ-ın Suriya və İraq koalisiyasının mətbuat katibi polkovnik Dorrian bu barədə məlumat verib. Məlumata əsasən, ABŞ Suriyada peşmərgələrlə çalışmaq istəmir. Əməliyyatlar PKK/PYD ilə həyata keçirilir. Dorrian həm də qeyd edib ki, Türkiyə ilə müzakirələr davam edir.

METBUAT.info xəbər verir ki, Siyasi ekspertlər düşünürlər ki, bu bəyanatın arxasında birbaşa Türkiyə amili dayanır. Politoloq Oqtay Sadıqzadə Ölkə.Az-a açıqlamasında bildirib ki, ABŞ və Avropa ölkələri kürd məsələsindən istifadə edərək Türkiyəyə qarşı siyasət yürüdürlər.

“İlk baxışdan qəribə gələ bilər və çox eybəcər görünə bilər. Çünki zaman-zaman dünya ölkələrinin PKK-ya münasibəti birmənalı olub və onu terror təşkilatı kimi tanıyıblar. Lakin ABŞ-ın strateji maraqlarındadır ki, regionda gərginlik davam etsin. Çalışırlar ki, kürd kartından gələcəkdə də Türkiyəyə qarşı istifadə etsinlər. ABŞ və Qərb dünyası bu siyasətdən məharətlə faydalanır. Avropa ölkələri terrorçulara qaçqın statusu təqdim edir, sığınacaq verir. ABŞ Suriya kürdlərini silahlandırır. İlk baxışdan guya İŞİD terrorçularına qarşı silahlandırır, amma bunun arxasında başqa amal durur. Onlar kürdləri həm Bəşər Əsədi devirmək, həm də Türkiyəyə qarşı istifadə etmək üçün silahlandırırlar. Türk dövlətini daimi təzyiq altında saxlamaq istəyirlər”, - deyə Oqtay Sadıqzadə bildirib.

Politoloq deyir ki, silahlı kürdləri terrorçularla birbaşa döyüşdürmək əvəzinə, onları İŞİD qüvvələri olmayan ərazilərdə yerləşdirirlər:

“Biz hələlik kürdlərin İŞİD terrorçuları ilə birbaşa döyüşünün şahidi olmamışıq. Praktiki olaraq İŞİD-ə qarşı Azad Suriya Ordusu və Türkiyə hərbçiləri döyüşür. Qismən də, Rusiya Hava Qüvvələri terrorçuları bombalayır. Qərb ölkələri, ABŞ qüvvələri də ayda bir dəfə əməliyyat keçirirlər. Bu da simvolik xarakter daşıyır. Məqsədləri də tam başqadır. İstəyirlər ki, Türkiyə qüvvələrini və Bəşər Əsəd rejimini zəiflətsinlər. Bu səbəbdən də, İŞİD terrorçuları ilə döyüşmürlər. Ona görə də, terrorçular güclənirlər”.